Ermənistanın növbəti təxribatı: "Bu, ATƏT-in sifarişi ola bilər" - İLGİNC ŞƏRH

2 Fevral 2021 11:26 (UTC+04:00)

Bu gün - fevralın 2-də saat 05:00 radələrində Er­mə­nistan silahlı qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bunun ciddi bir faktordan xəbər verdiyini bildirib:

“Əlbəttə ki, məsələni bir neçə nüans istiqamətində qiymətləndirmək olar. Ya ordu ilə mərkəzi hakimiyyət arasında ciddi bir qarşıdurma var, Paşinyanı fakt qarşısında qoymaq istəyirlər. Çünki üçtərəfli razılaşma əsasında Ermənistan üzərinə bir öhdəlik götürüb".

Ə. Əlibəyli əlavə edib ki, bu sülhməramlılarla bağlı məsələyə qədər gedir:

"Yəni, Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan 2+2 formatına qədər irəliləyən məsələlərdən söhbət gedir. Bir bu baxımdan məsuliyyət yaradır. İkincisi, ərazi çox önəmlidir. Çünki Əskipara tərəfdə işğal altında olan ərazilər Azərbaycanın kəndləridir. Mən burada tamamilə fərqli bir tezis üzərində düşünürəm. Çox böyük ehtimal ki, bölgənin Azərbaycana qaytarılması və demarkasiya prosesinin həyata keçirilməsi ilə bağlı proseslər yekunlaşmaq üzrədir. Eyni zamanda bu prosesin qarantıdır, həm də Rusiya Federasiyasıdır. Bu, Ermənistan daxilində çox ciddi şəkildə ajiotaj doğurdu. Ona görə də ərazilərin demarkasiyasına haqq qazandırmaq və bu bölgəni gec-tez qaytarmaq məcburiyyətində olduğunu bildiyinə görə belə bir yola əl atması mümkündür".

Şərhçinin fikrincə, Paşinyan hakimiyyəti Avropadakı şəbəkələrdən maliyyələşdiyinə görə, bunu hətta başqa bir formada ATƏT-in sifarişi kimi də anlamaq mümkündür.

"Bölgəni müharinə ocağına çevirmək nəticə etibarı ilə aktiv münaqişə fazasında istər-istəməz ATƏT-in Minsk qrupunun misiyasını da növbəti hədəfə yeniləmək məqsədi daşıya bilər. Bir sözlə, tək bir addımla çoxlu məqsədləri hədəfləmək mümkündür”, - deyə Əziz Əlibəyli əlavə edib.

Səidə

AzNews.az