“Ölkə başçısı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinin aparılması ilə bağlı dünən etdiyi çıxış kifayət qədər maraq doğurdu. O, post müharibə dövründə minaların təmizlənməsi prosesinin davam edəcəyindən, eyni zamanda əhalinin həmin işğaldan azad olunmuş ərazilərdə diqqətli olmasından söz açdı”.
Bu sözləri AzNews.az-a açıqlamasında politoloq Zaur Məmmədov İlham Əliyevin dünənki çıxışına münasibət bildirən zaman deyib:
“Bilirsiniz ki, prezident işğaldan azad olmuş ərazilərin minalardan təmizlənməsi, orada infrastrukturun hazır olması, evlərin tikilməsi, şəhər və rayonların salınması istiqamətində də böyük tədbirlər planını hökumətə tapşırıb. İşğaldan azad edilən torpaqların gələcəkdə Azərbaycanın ən inkişaf etmiş regionlarından birinə çevrilməsi üçün dövlət tərəfindən müxtəlif xarici şirkətlərlə layihələr, xarici ölkələrin investisiyaları, eyni zamanda Azərbaycan dövlət büdcəsindən də xeyli vəsaitin ayrılması nəzərdə tutulub. Öz növbəsində biz həmin ərazilərin indi hansı vəziyyətdə olduğunu çox yaxşı görürük. Ermənilər tərəfindən oralara minaların yerləşdirilməsi, bu şəhər və rayonları demək olar ki, yerlə-yeksan edilməsi bir daha onu göstərir ki, bu dövlət Azərbaycanla sülhə hazır deyildi və bu illər ərzində aparılan danışıqlar yalnız imitasiya xarakteri daşıyırdı. Torpaqların azad olunmasından sonra biz dünya ictimaiyyətinə tamamilə faktlara əsaslanaraq, foto və videoları nümayiş etdirərək göstərə bildik ki, ermənilərin 30 il ərzində burada etdikləri, şəhərlərin dağıdılması, Azərbaycanın tarixi, mədəni abidələrinin dağıdılması, hətta mülki əhalinin sadə evlərinin belə yerlə-yeksan edilməsindən ibarət idi. Azərbaycan torpaqlarının zəngin resurslarını istismar edən, həmin o resursların vəsaitlərini öz ciblərinə qoyan Köçəryan, Sarkisyan rejimi, onların separatçı əlaltıları bu dövrlər ərzində bəzi xarici kampaniyalarla birlikdə Azərbaycan torpaqlarının istismarı ilə məşğul idilər. Onları düşündürən yalnız şəxsi maraqları idi”.
Politoloq bildirib ki, bundan sonra isə Azərbaycan həm Qarabağda həm də ümumilikdə necə inkişaf edəcəyi, yaşayış səviyyəsinin qaldırılması, sosial durumun, infrastrukturun yaxşılaşdırılması istiqamətində əlindən gələni edəcək:
“Azərbaycan Ermənistandan fərqli olaraq hər zaman vətəndaşıarın qayğısına qalan, ölkədə sosial, iqtisadi rifahın qaldırılması istiqamətində işlər görən güclü bir dövlətdir. Azərbaycan hər istiqamətdə qonşu dövlətləri üstələyib. Bütün bunların təbii ki, reallaşması üçün, Qarabağda əmin-amanlığın qurulması üçün ilkin variantda minaların təmizlənməsi, infrostruktur layihələrə start verilməsi əsas məqamlardandır. Bildiyiniz kimi artıq bir neçə rayona yeni, müasir standartlara cavab verən yollar da çəkilməkdədir. Bir məsələdə də diqqətli olmalıyıq. Ölkə başçısı dünənki çıxışında bir məsələyə toxundu ki, əhali həmin bölgələrə getməkdən çəkinməlidir. Ümumiyyətlə, yaxşı olar ki, hələ əhali həmin rayonlara getməsin və minalarla bağlı vəziyyətin tamamilə düzəldilməsini gözləsin. Çünki bu, həyati risk daşıyan məsələdir. Biz artıq bu aylar ərzində bir neçə mülki şəxsin və hərbiçilərimizin həlak olmasının şahidi olduq”.
Səidə
AzNews.az