Pensiyalar artırılır - RƏSMİ

5 Fevral 2021 20:01 (UTC+04:00)

Ötən il orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə pensiyalar indeksləşdirilərək 11,4 faiz artırılır.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov mətbuat konfransında bildirib.

O qeyd edib ki, fevralda pensiya alanlar həm yanvar, həm də fevral artımı ilə alacaqlar 2020-ci ildə pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və 1 milyard manat çox olmaqla, 5 milyon 743 milyon manat vəsait yönəldilib. Minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə, Azərbaycan MDB-də liderliyini qoruyub saxlayıb.

Dövlət başçısının Fərmanları ilə sosial ödənişlərdə artım bu ilin əvvəlindən davam etdirildi. Prezidentin təqaüdlərinin məbləği şəhid ailələri üçün 66,7%, Azərbaycanın Milli Qəhrəmanı üçün 20%, İkinci Dünya müharibəsi iştirakçıları üçün 100%, müharibə və 20 Yanvar əlilləri, müharibə əlillərinə bərabər tutulanlar üçün 50%-dən çox artırıldı, Vətən Müharibəsi Qəhrəmanları üçün Prezidentin aylıq təqaüdü (2000 manat) təsis olundu.

O qeyd edib ki, pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93%-ni əhatə edir: “Digər pensiyaçılar isə xüsusi şərtlər əsasında pensiya təyin olunmuş şəxslərdir. Artım 2021-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Pensiyaların indeksasiya edilərək artırılması üçün il ərzində əlavə olaraq 441 milyon manat yönəldiləcək. Dövlət başçısının yeni Sərəncamı ilə fərdi hesabların sığorta hissəsindəki pensiya kapitalı da istehlak qiymətləri indeksinin 2020-ci il üzrə illik səviyyəsinə uyğun səviyyədə indeksləşdirilərək yanvarın 1-dən 2,8% artırılır. Bu da əmək müqaviləsi ilə çalışaraq sosial sığorta sistemində iştirak edən şəxslərin mənafeyinə xidmət edir və onların fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay əməkhaqlarından sosial sığorta ayırmaları nəticəsində deyil, həmçinin hər il dövlət tərəfindən indeksləşdirilərək artırıldığını da göstərir”.