“Səfərimiz davam edir. Diplomatik korpusun nümyəndələri hər şeyi öz gözləri ilə görürlər. İndi də tarixi Xudafərin körpüsünün yanındayıq. Ali Baş Komandana bu qələbəni, sevinci Azərbaycan xalqına yaşatdığı üçün bir daha təşəkkür edirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimiziə şəfa diləyirəm”.
AzNews.az xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın işğalından azad olunan Cəbrayıl və Zəngilan rayonlarına səfər edən Azərbaycandakı xarici səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl şəhərindəki vəziyyətlə tanış olarkən deyib.
O bildirib ki, səfərdə iştirak edən səfirlərin bir qismi dünyanın müxtəlif zonalarındakı münaqişəli ərazilərdə xidmət ediblər: "Ancaq heç kəs bu qədər dağıntını təsəvvür edə bilmir. Bu dağıntıların hansı məqsədlə törədildiyini də başa düşə bilmirlər ki, yəni ermənilər bu torpaqları işğal etmişdilərsə, hansısa bir formada bu ərazilərdən istifadə edə bilərdilər. Bu, onu göstərir ki, onlar bu torpaqlardan istifadə etməyi də bacarmayıblar. Ermənilərin ancaq yeganə işi dağıtmaq, məhv etmək və vandalizm olub. Diplomatlardan biri – mən diplomatik etikadan çıxış edərək həmin şəxsin adını açıqlamaq istəmirəm – qeyd etdi ki, necə yəni Ermənistan özünü sivil, mədəni, qədim tarixi olan xalq, dövlət kimi dünyaya təqdim edə bilir? Bu əməllər nədən xəbər verir? Bu cür vandalizmi ört-basdır etmək mümkün deyil. Hətta bir epizodu qeyd etmək istərdim ki, Cəbrayılın mərkəzində dağıntılara məruz qalan qəbiristanlıq yeganə deyil. İşğal olunmuş bütün ərazilərdə belə nümunələr var. Qəbirlərlə mübarizə aparmağa, qəbirləri talan etməyə axı nə ad verəsən? Səfərimizdə dünyaca məşhur fotoqraf Reza Deqati də iştirak edir. O da öz təcrübəsini bölüşür ki, dünyanın ən qaynar nöqtələrində olan münaqişə zonalarında belə qəbirlərin dağıdılmasını görməyib. Sanki ölülərdən, cəsədlərdən də qisas alınırmış kimi siyasət yürüdülüb. Bu da vandalizmin ən eybəcər formasıdır. Beynəlxalq ictimaiyyət Ermənistanın illər ərzində törətdiyi bu vəhşilikləri öz gözləri ilə görməlidir".