Bu ifa hər kəsi maraqlandıracaq- VİDEO

12 İyun 2013 09:53 (UTC+04:00)



"Azərbaycan musiqisinə İranda daha çox maraq var, nəinki Bakıda…"


Cənublu ifaçı: "Mən də azərbaycanlıyam, ancaq özümə qarşı ögey münasibət görəndə sınıram"

Abed Ağanejad İran İslam Respublikasının Tehran şəhrindən gəlib.
Tehranlı sənətkarın Azərbaycana üz tutmasında isə yalnız bir məqsədi var - milli musiqi aləti sayılan "Səntur"u Azərbaycanda inkişaf etdirmək və təkmilləşdirmək. Onun fikirlərini, planlarını öyrənmək üçün redaksiyamıza dəvət etdik. AzNews.az Abed Ağanejadla müsahibəni təqdim edir:


- Gəlin söhbətə ondan başlayaq ki, "Səntur" milli musiqi alətinin sirlərini kimdən öyrənmisiniz?

- Ustadım atam olub. Sonra isə Məcid Kiani, Pəşəng Kamkar, Bəhmən Behməram kimi ustadlardan dərs almışam. "Səntur" milli musiqi alətinin tarixi barəsində dəqiq məlumatım yoxdur. "Səntur" Əbunəs Sfarabiyə aiddir. Deyirlər, bu aləti o, icad edib. Amma artıq bu alət təkmilləşməyə doğru gedir. Alətdə 9 xərək, zil və bəm səs, üç də oktava var. Son zamanlar bu alətin bir az böyük xərəklilərini də düzəldiblər. İki il bundan əvvəl "Səntur" musiqi aləti ilə bağlı İranda "Meşkatiyan mükafatı" adlı müsabiqə keçirildi. Həmin müsabiqədə mən qaliblər arasında idim.

- İstər İranda, istərsə də Azərbaycanda "Səntur" sanki yaddan çıxıb, unudulub….

- Hə, İranda bu alət uzun müddət yada düşmədi. 60-70 il əvvəl İranda Həbib Sumayi adlı ustad olub. Onun köməkliyi sayəsində "Səntur" gündəmə qayıdıb. Fəraməz Payivər son illərdə bu alətə yeni can verdi. "Səntur" məxsusi alətdir. İranda belə bir söz var-"pianino musiqi aləti "Səntur"un üzərində düzəlib Pianinonun arxasına baxsanız "Səntur"u görərsiniz. Sonra "Kanon" musiqi aləti də buna bənzəyir.

- Bu musiqi alətində əsasən hansı musiqilər ifa olunur?

- Əsasən klassik əsərlər. "Səntur"u son zamanlar bir az müasirləşdiriblər. "Səntur" əldə düzələn, əmək sərf edilən bir musiqi alətidir. İranda bunun xüsusi ustaları var. Qoz ağacından düzəlir. İranda bu alət Azərbaycan manatı ilə hardasa 400-500 manata satılır. "Səntur" İranda ən çox satılan musiqi alətidir. Orada buna tələbat və maraq çoxdur. Xüsusi musiqi məktəbinin hansına girsən "Səntur"un çoxluğunu görəcəksən. Azərbaycanda isə "Səntur" musiqi aləti hələ ifa olunmayıb. Bu sahədə çətinliklər var. "Səntur" bəzən istədiyini sənə vermir. Bu alətdə Azərbaycan muğamlarını ifa etmək imkanları yoxdur.

- Bəlkə bu alət Azərbaycanda buna görə sevilmir?

- Bəli. Amma mən bu aləti elə təkmilləşdirmişəm ki, orada Azərbaycan muğamları ifa oluna bilər. Hazırda mən onun üzərində işləyirəm. Azərbaycan muğamlarından bir-ikisini "Səntur"da yazmışam, amma lazımı yerlərə təqdim etməmişəm. Azərbaycanda "Sətur"a tələbat azdır, hətta mən deyərdim ögey münasibət var. Bunun bir çox səbəbləri var.

-Səbəbləri əsaslandıra bilərsiniz?

-Birincisi, ifaçısı yoxdur. İkincisi isə bu alətə ögey münasibət var. Gərək bu alətin üstündə işləyəsən. Mən Qədim Milli Musiqi Alətləri Ansambılında "Səntur"u gördüm. Baxdım ki, o bizim "Səntur" deyil, sadəcə bir az buna oxşarlığı var. "Səntur"un imkanlarından heç birisi Qədim Milli Musiqi Alətləri Ansambılında ifa olunana alətdə yoxdur. Hətta mən deyərdim ki, o mənə ən keyfiyyətsiz bir ifa təsiri bağışladı. Mən öz gördüyümü deyirəm. Nə ifa tərzi yerində idi, nə də alətin quruluşu… Azərbaycanda tam başqa "Səntur" ifa olunur.

- Azərbaycanda bu musiqi alətinin inkişafı üçün nə lazımdır?

- Açığı, mən İrandan buna görə gəldim. Getdim, Konservatoriyaya ki, oradakı mütəxəssislərlə danışıqlar aparım. Məqsədim Konservatoriyanın direktoru Siyavuş Kərimini görmək idi. Amma görə bilmədim. O, bu barədə televiziyadakı çıxışında demişdi. Amma məni qəbul etmədi.

- Siyavuş Kərimi sizi niyə qəbul etmədi?

- Konservatoriyadan dedilər ki, burada yoxdur. Xalq artisti Arif Babayevi gördüm. Ona dedim ki, bu aləti Azərbaycanda tanıtdırmaq lazımdır. İndi çalışacam ki, Siyavuş Kərimi ilə görüşəm. Mənim onunla görüşməyimin məqsədi var, "Səntur"u Azərbaycanda tanıtmaq….

- İrandan Azərbaycanda üz tutan sənət adamları müəyyən çətinliklərlə qarşılaşır, üzülür və sonda yenidən məmləkətinə üz tutur…

- Elə mənə də çətinliklər yaradırlar və bu davam edir. İstədiyim adamları tapa bilməmişəm. İki-üç adam var, adını çəkmək istəmirəm. Mən onlarla telefonla danışdım. Söz veriblər ki, filan günü filan saatda gəl… Getmişəm, amma görüşə gəlməyiblər.

- Sirr deyilsə, kimdir onlar?

- Tanınmış muğam ifaçıları. Bilmirəm, onlar məni istəmir, ya "Səntur"u? Amma bütün hallarda onlar mənim bu işimi dəstəkləmirlər. Yəqin, istəmirlər ki, başqa yerdən kimlərsə gəlib, nəyəsə nail olsun. Əcnəbilərin belə "Səntur"a marağı azdır. Mən bu aləti bir neçə ölkədə gördüm. Əslində bizim musiqilər eynidir, amma ifa baxımından fərqlidir. Azərbaycanda olan muğamlar İranda da var. Hələ dəqiq məlum deyil ki, bunların vətəni haradır? Sadəcə, milli musiqidir. İranda azərbaycanlı çoxdur. Mən orada yaşayan insanlarda Azərbaycan musiqisinə daha çox maraq görürəm, nəinki Bakıda. Azərbaycanlı ifaçılara İranda maraq və hörmət var. Hansı ki, o hörmətin yarısını onlar burada görmürlər. Azərbaycanlı sənətkarlardan orada ən çox tanınanı xalq artisti Alim Qasımov, Arif Babayev və Cabir Abdullayevdi. Kasetləri hər evdə var. "Sarı gəlin" isə ən çox sevilən mahnıdır.

- Əgər Siyavuş Kərimi ilə anlaşsanız "Səntur"un Azərbaycanda inkişafı üçün haradan başlayacaqsınız?

- "Səntur"un bütün imkanlarını yayacam, ifaçılığını genişləndirəcəm. Təki deməsinlər ki, "Səntur"a yer yoxdur. Biz "Tar"ı sevdiyimiz kimi siz də "Səntur"ra meydan verin. Mən də azərbaycanlıyam, ancaq özümə qarşı münasibəti görəndə sınıram…. Azərbaycan sənət adamları məni dəstəkləsələr də, dəstəkləməsələr də burada albom çıxaracam. Yəqin ki, onlar bu alboma qulaq asacaqlar. O zaman məni həm qəbul edəcəklər, həm də dinləyəcəklər.




Bahar Rüstəmli
AzNews.az