Hərbi paradla əlaqədar yollarda hərəkət məhdudlaşdırılacaq

12 İyun 2013 11:19 (UTC+04:00)



Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi bildirir ki, 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə keçiriləcək hərbi parada hazırlıq məqsədilə paytaxtın bəzi yerlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik leytenantı Vaqif Əsədov bildirib.

Bölmə rəisinin sözlərinə görə, paradla əlaqədar ilkin olaraq Azadlıq meydanı istiqamətində, Neftçilər prospektində, Rəşid Behbudov küçəsindən Səfərəliyeva küçəsi kəsişməsinədək avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Əsədov qeyd edib ki, "Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yollarda hərəkətin nə vaxt məhdudlaşdırılması, eləcə də göstərilən istiqamətlərdə mütəmadi olaraq hərbi texnikanın daşınması, düzülməsi, parada gedən hazırlıq işləri ilə bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcəyini bildirir".

AzNews.az