Erkən yaşlanmamaq üçün hansı qidalardan uzaq durmalıyıq?

11 Fevral 2021 18:54 (UTC+04:00)

İspaniyada bir araşdırma həddindən artıq işlənmiş sənaye qidalarının bioloji yaşlanmaya səbəb olduğunu aşkarlayıb. Tədqiqat 55 yaşdan yuxarı 886 ispanın iştirakı ilə aparılıb. Alınan nəticələrdə, hazır qidalar, peçenye, qazlı içkilər və hamburger kimi yüksək dərəcədə işlənmiş sənaye qidalarını tez-tez istifadə edənlərdə bioloji yaşlanmanın sürətləndiyi müşahidə edilib.

Bu şəxslərdə 'telomer' adlanan genetik komponentlərin uzunluğu ölçülüb. Gündə üç dəfə ultra işlənmiş qidalarla qidalanan şəxslər və daha az istifadə edənlər üzərində sınaqlar aparılıb. Navarre Universitetindən Amelia Martinin nəzarəti altında aparılan təcrübə çərçivəsində, genetik analiz üçün insanlardan tüpürcək nümunələri götürülüb və hansı qidaları qəbul etdikləri araşdırılıb. Yüksək dərəcədə işlənmiş qidalardan istifadə edən insanlarda telomerlərin iki dəfə az olduğu məlum oldu.

Qısa telomerlər hüceyrə səviyyəsində bioloji yaşlanmanın göstəricisidir. Mütəxəssislər, səbəb və nəticə əlaqəsini aydın şəkildə qurmaq üçün mövzu ilə əlaqədar digər araşdırmaların aparılmalı olduğunu bildirirlər.
Telomerlər bədənin hər hüceyrəsinin işləməsi üçün DNT-ni qoruyan quruluşlardır. Yaşlandıqca telomerlərimiz qısalır və hüceyrə bölünəndə kiçik bir telomer parçasını itirir. Bu fenomen təkrarlanır və hüceyrələrin qocalmasına səbəb olur.
Lucia Alonso-Pedrero və həmkarları tərəfindən Navarre Universitetinin (Pamplona, ​​İspaniya) Amelia Martinin nəzarəti altında aparılan bu araşdırma American Journal of Clinical Nutrition jurnalında dərc edilib.

Məsələ ilə əlaqədar Kompleks Tədqiqatlar Laboratoriyasının müdiri, Qida Təhlükəsizliyi üzrə ekspert Fuad Ağayev bildirib ki, bu kimi araşdırmalar mütəmadi olaraq aparılır: "Həddindən artıq işlənmiş sənaye qidaları orqanizmdə dəyişiklərə yol açır. Həmin fəsadları biz 3-5 aydan sonra görmürük. Bu fəsadlar bir neçə ildən sonra üzə çıxır. Çünki zərərli maddələr bədəndə toplanır və fəsadları daha sonra üzə çıxmağa başlayır. Misalçün texniki suları həddən artıq qəbul etdikdə bu bir zaman sonra böyrəklərdə fəsadlara gətirib çıxarır".

F.Ağayev vurğulayıb ki, bunlarla mübarizə aparmaq məsələsinə gəldikdə isə fastfud, energetik içkilər və s. bu qəbildən olan qidaların istehsal edildiyi müəssisə sahibləri bildirirlər ki, biz istehlakçı hüquqlarını pozmuruq və biz daimi elan edirik ki, bu məhsullar ev şəraitində hazırlanan qidalardan fərqlidirlər: "Bu halda bu kimi qidaların istifadəsi istehlakçının öz seçiminə qalır. Bu mənada hüquqi cəhətdən mübarizə aparmaq çətindir. Eyni mənzərə misalçün quşçuluq və heyvandarlıq məhsullarında da özünü göstərir. Həmin heyvanlar soya ilə qidalanır daha sonra kəsilir və həmin ət və ət məhsulları ilə biz qidalanırıq. Bu da müəyyən illərdən sonra bir sıra fəsadlara gətirib çıxarır". (sia.az)

AzNews.az