"Kreml Krımı sahibinə geri qaytarmayacaq" - Politoloq

12 Fevral 2021 15:18 (UTC+04:00)

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov son müsahibəsində deyib ki, bu gedişlə Avropa İttifaqı ilə bütün əlaqələri kəsəcəklər. Vəziyyət bu qədər qəlizdir. Həqiqətən enerji mövzusundan başqa Brüssellə Moskva arasında bütün digər mövzular ətrafında diametral kəsişmələr mövcuddur. Almaniya da digər Avropa ölkələri kimi Rusiyaya qarşı sərt sanksiyaların tərəfdarıdır, ancaq eyni zamanda Rusiyadan Baltik dənizinin dibi ilə çəkilən qaz boru xəttindən imtina etmək istəmir".

AzNews.az xəbər verir ki, bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Facebook" səhifəsində yazıb.

"Almaniya Rusiya qazı hesabına iqtisadiyyatını yüksək səviyyədə saxlamaq istəyir. Amerikanın keçmiş prezidenti Donald Tramp Almaniyanı nəzərdə tutaraq yaxşı demişdi: “Rusiyadan qorunmağa gəldikdə Amerikaya yalvarırsız, ancaq enerjiyə gəldikdə “qorunmağa” çalışdığınız ölkənin qazını almağa çalışırsınız”, - deyə politoloq əlavə edib.

O bildirib ki, Kreml sahibi 2014- cü ildə Krımı ilhaq qərarı verəndə artıq anlayırdı ki, Brüssellə əlaqələr əvvəlki kimi olmayacaq. Rusiya prezidenti Krımın ilhaqını Brüssellə əməkdaşlığa və Ukraynanı itirməyə qurban verdi. Bundan sonra Rusiyada və kənarda Putinin tənqidçiləri müəmmalı şəkildə “yox” olmağa başladılar ki, bu da Brüsselin diqqətindən kənarda qalmadı.

"Aydındır ki, Kreml Krımı sahibinə geri qaytarmayacaq. Deməli, Moskva ilə Brüsselin münasibətlərinin soyumasına səbəb olan ilk səbəb varlığını qoruyacaq. Ancaq o da var ki, Avropa İttifaqı Rusiyasız keçinə bilər, ancaq neft və qaz satışı hesabına iqtisadi varlığını qoruyan Rusiyanın isə köhnə qitənin bazarına hər zaman ehtiyac olacaq" - E. Şahinoğlu vurğulayıb.