Jurnalistin “çörək ağacı“ oğurlandı

12 İyun 2013 12:40 (UTC+04:00)
İyunun 11-də axşam Turan agentliyinin və "Amerikanın səsi" radiostansiyasının müxbiri, "Obyektiv TV" on-line televiziyasının aparıcısı, tanınmış jurnalist Tapdıq Fərhadoğlunun avtomobilinə hücum olub.

İnsident Caspian Plaza Biznes Mərkəzinin qarşısında baş verib. Saat 16:00-a yaxın jurnalist avtomobilini orada saxlayaraq tədbirə gedib. Təxminən saat 21:00-da geri qayıdarkən görüb ki, maşının arxa qapısının sol şüşəsi sındırılıb, salondan çanta götürülüb. Çantada mikrofon olub.
Baş verənlər barədə DİN-in "102" saylı növbətçi hissəsinə məlumat verilib. Bir neçə dəqiqədən sonra polislər gəliblər. Onlar hadisə yerinə baxış, zəruri istintaq-əməliyyat tədbirləri keçiriblər. T.Fərhadoğlu Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsinə ərizə ilə müraciət edib. Araşdırma başlanılıb. Jurnalist insidentin onun peşə fəaliyyəti ilə əlaqədar olmasını istisna etmir.

Qeyd edək ki, həmin gün AXCP Rəyasət Heyətinin və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Sahib Kərimovun da avtomobilinə hücum olub. İnsident Nizami rayonunda S.Kərimovun yaşadığı evin yaxınlığında baş verib. İyunun 11-də səhər o görüş ki, avtomobilin qabaq şüşəsi sındırılıb. S.Kərimlinin sözlərinə görə, maşından partiya sənədləri götürülüb, onların sürəti çıxarılaraq yenidən yerinə qoyulub. O bu nəticəyə ona görə gəlib ki, sellofan paketdə surətçıxaran üçün tozun ləkələri qalıb. S.Kərimov bunu öz siyasi fəaliyyəti ilə əlaqələndirir (contact.az).

AzNews.az