"Türkiyə 50 il əvvəlki zəif və sözəbaxan ölkə deyil" - Oqtay Qasımov

14 Fevral 2021 13:25 (UTC+04:00)

Siyasi analitik Oqtay Qasımovla müsahibə

- Oqtay bəy, hazırda Bayden Amerikası ilə Ərdoğan Türkiyəsi arasında münasibətlərin gərginləşməsi müşahidə olunur. Bunun səbəbi nədir?

- Əslində münasibətlərin gərginləşməsi bu günün məsələsi deyil. Münasibətlərin pisləşməsi 10 ilə yaxın dövrü əhatə edir, xüsusilə “Ərəb baharı” prosesindən sonra ortaya çıxıb. Məhz bu dalğadan sonra ABŞ-Türkiyə münasibətlərində ziddiyyətlər özünü göstərməyə başladı. Bu daha çox ABŞ və Türkiyənin regiona baxışlarında ciddi fərqlərlə bağlı idi və özünü daha çox Suriya məsələsində göstərdi. Suriyada 2011-ci ildə başlayan xalq etirazları sonradan vətəndaş müharibəsinə keçid etdi. Türkiyə Suriyada rejim dəyişməsinin tərəfdarı kimi çıxış etsə də, bu ərazidə fəaliyyəti olan terror təşkilatlarının legitimləşdirilməsinin əleyhinə idi. Söhbət PKK-ya bağlı YPG, PYD, eləcə də İŞİD və digərlərindən gedir. Məhz bu məsələdə Vaşinqtonla Ankaranın mövqeləri haçalanırdı. Həmçinin Türkiyə Suriyada hakimiyyətin dəyişməsinə tərəfdar olsa da, ölkənin ərazi bütövlüyünün qorunmasını vacib sayırdı. ABŞ və bəzi qərb dövlətləri isə məsələyə başqa cür baxırdılar. Bu da PYD və YPG-nin Suriyanın ərazisinin təxminən üçdə birinə nəzarəti ələ alması ilə nəticələndi. Baxmayaraq ki, kürd əhali Suriya əhalisinin 7 fazini təşkil edirdi, amma bu gün YPG/ PYD Suriyada 33 faizdən çox əraziyə nəzarət edir. ABŞ tərəfindən dəstəklənən bu terror təşkilatı Suriyanın neft-qaz ehtiyatlarının təxminən 50 faizini özündə ehtiva edən ərazilərdə mövqe tutur. İlkin narazılıq buradan başladı, Ankaranın etirazlarına baxmayaraq 10 minlərlə silah tutumu olan yük maşınları Suriyada PKK-PYD terrorçularına göndərildi, silahlandırıldı. Beləcə onlara 70 minə yaxın silahlı dəstə quruldu.

Bu prosesə Obama administrasiyası başlamışdı, təəssüflər olsun ki, Tramp komandası da bu işi inkişaf etdirdi. Bu da iki ölkə arasında gərginliyə səbəb oldu. Nəticədə Türkiyə həm “Fırat qalxanı”, həm də “Zeytun budağı” əməliyyatlarını keçirərək yaradılması nəzərdə tutulan terror dəhlizinin önünü kəsdi. Böyük Yaxın Şərq layihəsinə görə, ABŞ və onun dəstəklədiyi qüvvələr Suriyanın şimalında etnik kürd dövləti yaratmalı, sonradan bu qurum İraqdakı kürd muxtariyyəti ilə birləşərək nəzarətində olan əraziləri Aralıq dənizinə qədər genişləndirməli idi. Bu da Türkiyənin cənub-şərq hissəsini əhatə edib onu mühasirəyə almaq mənasını verməklə yanaşı Türkiyənin milli təhlükəsizliyi üçün təhdid idi. Türkiyə də bu planı pozdu.

Digər tərəfdən, 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdi oldu, indi də onun müzakirəsi gedir. Bir neçə gün əvvəl Türkiyənin Daxili işlər naziri Süleyman Soylu elan etdi ki, bu çevrilişin arxasında ABŞ durub. Bu da iki ölkə arasında münasibətlərin bir qədər də gərginləşməsinə səbəb oldu.

Suriyada başlayan vətəndaş müharibəsindən sonra Türkiyənin hava hücumundan müdafiə məsələlərinə NATO-dan olan müttəfiqləri tərəfindən dəstək ala bilmədi. Xüsusilə, Ankara ABŞ-dan “Patriot” sistemləri almaq istəsə də, Vaşinqton bundan imtina etdi. Bu da Türkiyənin alternativ yollara baş vurmağa sövq etdi. Nəticə olaraq Türkiyə Rusiyadan S-400 kompleksləri almalı oldu. Türkiyə Müdafiə Nazirliyi elan edib ki, ehtiyac olduğu halda bu sistemi aktivləşdirə bilərlər. Bu hal da ABŞ-Türkiyə münasibətlərində soyuqluq yaratdı. Amma Ankara açıq elan etdi ki, əgər müttəfiqləri onun təhlükəsizliyi ilə bağlı məsələlərə belə etinadsız yanaşacaqsa, Türkiyə özü müstəqil şəkildə addımlar atacaq. Hər halda Donald Tramp və Rəcəb Təyyib Ərdoğan arasında şəxsi münasibətlər normal olduğundan bir çox hallarda qarşıdurmalardan qaçmaq mümkün olurdu, buna rəğmən ABŞ-ın Türkiyə ilə bağlı davranışlarında ciddi fərq sezilmirdi.

Yeni ABŞ hökumətinin Türkiyəyə münasibəti isə heç də yaxşı deyil. Nəzərə almaq lazımdır ki, bu siyasət Obama dövründən başlamışdı. Yəni Obama dövründə ABŞ faktiki Türkiyənin maraqlarını heçə sayaraq regionda ona təhlükə yaradacaq addımlara dəstək verdi. Beləcə özünün vəlakət savaşını aparacaq ordu və dövlətçik qurmaq istiqamətində addım atırdı. Bu da Türkiyənin maraqlarına cavab vermirdi. Üstəlik ABŞ PYD/YPG-yə pulsuz verdiyi silahları Türkiyə dövlətinə verməkdən imtina etmişdi. Nəhayətdə ABŞ 9 ölkənin birgə iştirak etdiyi F-35 proqramından Türkiyəni çıxardı. Baxmayaraq ki, Türkiyə bu proqrama 2 milyard dollara qədər vəsait ayırmışdı.

Bayden hökumətinin əslində Obama administrasiyasının davamı olduğunu nəzərə alsaq şübhəsiz ki, Ankara ilə Vaşinqton arasında qızğın müzakirələr gözlənilir. Baydenin komandasına cəlb etdiyi şəxslərin əksəriyyəti anti-Türkiyə mövqeyində olan şəxslərdir. Bu ABŞ tarixinin ən ermənipərəst hakimiyyətidir. Çünki Prezident Baydenin özü son 30-40 illik fəaliyyətində ermənilərin “hüquqlarını” qorumaq üçün ABŞ Konqresi və Senatında canfəşanlıq edən azsaylı senatorlardan biri olub. O cümlədən məhz Bayden və Kerrinin fəal dəstəyi ilə 2016-cı ilin aprel savaşından sonra separatçı rejimin təmas bölgəsində kompüter sistemi və müşahidə kameralarının quraşdırılması həyata keçirilmişdi.

ABŞ dövlət katibi Blinken Senat və Konqresdə dinləmələr zamanı Türkiyəyə qarşı sərt ifadələr işlətdi. Bəzi ekspertlər düşünür ki, Blinken namizədliyinin təsdiqi üçün Konqresdəki atmosferə uyğun çıxış edib. Hər halda görünən budur ki, ABŞ-Türkiyə münasibətləri kifayət qədər gərgindir və ciddi dialoqların aparılması da gözləniləndir.

- Demək istəyirsiniz ki, ABŞ-ın yeni administrasiyası Obama dövründə olduğu kimi regionda Türkiyənin maraqlarını nəzərə almadan siyasətini davam etdirəcək?

-Düşünürəm ki, Vaşinqton Türkiyənin maraqlarını nəzərə almağa, hesablaşmağa borcludur. Türkiyə NATO-nun ən güclü ikinci ordusuna məxsusdur və ittifaqın əsas güc cinahlarından biridir. Türkiyə olmadan ABŞ Yaxın və Orta Şərqdə, eləcədə Aralıq dənizi regionunda və hətta Şimali Afrikada bir sıra məsələləri həll etmək imkanında olmayacaq. Bu mənada düşünürəm ki, ABŞ hökuməti nə dərəcədə anti-Türkiyə və anti-Ərdoğan mövqeyində olsa da, ortaq uzlaşma nöqtəsi tapacaq. Çünki münasibətlərin gərginləşməsi Türkiyəyə zərər verdiyi qədər ABŞ-a da verəcək. Üstəlik Türkiyə tərəfindən dəstəklənməyən istənilən böyük gücün bölgədə möhkəmlənməsi və rəqibləri olan Çinlə Rusiyaya qarşı mübarizə aparmaq imkanları məhdudlaşa bilər. Odur ki, Bayden seçki kampaniyası zamanı Türkiyə və Prezident Ərdoğan haqda dediyi fikirlər seçki kampaniyasının məhsulu kimi qiymətləndirilə bilər. Hər halda düşünmürəm ki, Türkiyəyə qarşı çox sərt mövqe nümayiş etdiriləcək. Çünki belə mövqe Türkiyənin itirilməsi anlamına gələr və bu da ABŞ-ın maraqlarına heç bir halda uyğun deyil.

- ABŞ faktiki olaraq Türkiyəni Suriya və Liviyadan ordularını çıxarmağa səsləyib. Bu mənada Türkiyə anti-ABŞ platformasına sürüklənə bilərmi?

- ABŞ-ın atdığı addımlar düşünmürəm ki, Türkiyənin təsir altında hansısa hərəkətlər etməsinə sövq edə bilər. Əksinə, Türkiyə öz maraqlarına uyğun addımlar atacaq. Son dönəmlər Türkiyə-Avropa Birliyi arasında gərginlik yaşanırdı. Amma bütün hallarda Avropada, ABŞ-la müttəfiq olan kifayət qədər ciddi dövlətlər var və onlar Türkiyənin əhəmiyyətini bilirlər. Eləcədə Türkiyəyə qarşı belə basqı siyasətinin nəticə verməyəcəyini də görürlər. Əlbəttə, siyasət həm də qarşılıqlı fayda və hörmət üzərində qurulub. Bu tək tərəfli ola bilməz. ABŞ əgər Türkiyədən Suriya və Liviyadan qoşunlarını çıxarmasını istəyisə, ona deyilə bilər ki, 10 min kilometr uzaqdan gəlib burada jandarma rolunu oynamağa çalışacaqsan, amma region dövlətləri öz maraqlarını müdafiə etməyəcək? Əlbəttə, əsaslı cavablar var. Bir sözlə, Türkiyə son 60 ildə formalaşan xarici siyasətindən vaz keçməyəcək. Hazırda Türkiyə bölgədə həm regional, həm də böyük oyunçularla uzlaşma istiqanətində addımlarda maraqlıdır. Türkiyə 50 il əvvəlki ölkə, yəni zəif və sözə baxan ölkə deyil. Türkiyə regional gücdür və öz maraqları uğrunda addımlar atacaq.

- Bayden hökuməti dövründə PKK/YPG/PYD-yə əvvəlki formada qabarıq dəstəyin verilməsi nə dərəcədə realdır?

- Əslində 2011-ci ildən bu yana belə dəstək açıq şəkildə verilib. Üstəlik NATO müttəfiqinin maraqlarını açıq tapdalayaraq edilib. Ən əsası bu dəstək kəsilməyib. Məncə, bu dəstək verilməkdə davam edəcək. Yeni administrasiya fəaliyyətə başlayan kimi bu dəstək dayanmadı, əksinə davam edir. Obama dövründə bu dəstək başlanmışdı, YPG/PYD-nin gücləndirilməsi istiqamətində iş aparılırdı, Tramp dövründə terrorçu təşkilatlara böyük partiya silahlar ötürüldü, fikrimcə, bu administrasiya dövründə də proses davam edəcək.

- Deməli, Türkiyənin Suriyada yeni əməliyyatlar keçirmə riskidə yarana bilər...

- Əbəttə, belə əməliyyatlar mümkündür. Əgər Türkiyənin maraqları və təhlükəsizliyinə hansısa təhdidlər yaranacaqsa, Türkiyə indiyə qdər göstərdiyi qətiyyəti nümayiş etdirəcək və belə addımlar atacaq. Buna qəti şübhə yoxdur. Həm də Türkiyə ilə təhdid dili ilə danışmaq imkanı yoxdur. Nəzərə almaq lazımdır ki, ABŞ dünyadakı əvvəlki nüfuzunu və imicini qoruya bilməyib. Son 4-5 ildə Çinin ABŞ qarşısında dirənişi də özünü göstərib. Bölgədə İran faktoru var. O cümlədən Rusiya. Başqa sözlə, ABŞ bütün regional və dünya güclərini qarşısına alaraq istədiyini edəcək gücdə də deyil. Odur ki, əgər Türkiyənin maraqları heçə sayılaraq bu addımlar atmaqda davam ediləcəksə, Türkiyədə öz maraqlarını qorumaq üçün Suriyada, İraqda və lazım gəlsə Liviyada da addımlar ata bilər. Türkiyənin bu məsələdə çəkincək olacağı düşünülən deyil. Əgər onun maraqları birtərəfli qaydada tapdalanacaqsa, mənafeyləri nəzərə alınmayacaqsa, Türkiyədə lazım gələn addımları atacaq./Teleqraf.com