Sabiq hakimin yarım milyonluq işi: MƏHKƏMƏ

23 Fevral 2021 17:31 (UTC+04:00)

İki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən sabiq hakimin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

Musavat.com xəbər verir ki, uzun müddət Bakı Apelyasiya Məhkəməsinin və son olaraq Suraxanı rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında məhkəmə tərkibində olan hakimlərdən Mirzə Xankişiyev özü özünə etiraz edib.

M.Xankişiyev bildirib ki, Lətif Nəbiyevlə tanışlığı var və bir müddət də hakim kimi birlikdə çalışıblar. Bu səbəbdən də işə baxılmasına iştirak edə bilməyəcəyini deyib.

Məhkəmə etirazı qəbul edib və müzakirə edilməsi üçün proses təxirə salınıb.

L.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə; Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə ittiham edilir.

Qeyd edək ki, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə L.Nəbiyev statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.

Açılan cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri olan Azad İbrahimova 247 min 500 dollar Rüstəm Abdullayevə isə 59 min 700 dollar zərər dəydiyi müəyyən edilib.

Lətif Nəbiyev Rüstəm Abdullayevdən iş qurmaq adı ilə pul alıb.

Digər zərərçəkmiş Azad İbrahimovla qohum olan Lətif Nəbiyev ondan 247 min 500 dolları Bakıda dəniz kənarında torpaq almaq məqsədi ilə alıb.

“Mən Türkiyədə olanda pul göndərdim ki, torpaq alsın. Buzovnada, Bilgəhdə dəniz kənarında torpaq alacaqdı. Lətif Nəbiyev qardaşımın bacanağıdır. Dəfələrlə onun özü ilə danışmışıq. Amma istintaqda deyir ki, guya pulu ona yox, rəhmətlik qardaşım Abbasa göndərmişəm. Amma yalan deyir. Aramızda telefon danışıqları var. Lətif mənə deyirdi ki, narahat olma”- deyə Azad İbrahimov açıqlamasında bildirib.

Azad İbrahimov söyləyir ki, Lətif Nəbiyev ondan pul alanda Bakı Apelyasiya Məhkəməsində hakim olub. Daha sonra isə Suraxanı Rayon Məhkəməsinə hakim təyin olunub.

“Mənə deyirdi ki, həm də Şuşa şəhər Məhkəməsinin sədridir. Mən 2018-ci ildə şikayət etdim. 2020-ci ilin noyabr ayında isə cianyət işi açıldı”- deyə A.İbrahimov söyləyib.

Qeyd edək ki, sabiq hakim Lətif Nəbiyev barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Musavat.com