Siyasi münasibətlərdə yeni mərhələ - vasitəçisiz iqtidar-müxalifət dialoqu

24 Fevral 2021 09:30 (UTC+04:00)

Partiyalar siyasi-ictimai məsələlərdə, münasibətlərdə hansısa xarici qüvvələrin vasitəçiliyinə ehtiyac duymur

Azərbaycanda uzun illər iqtidar-müxalifət dialoqu, görüşləri ATƏT-in Bakı ofisinin, ABŞ səfirliyinin, başqa beynəlxalq təşkilatların vasitəçiliyi ilə keçirilirdi. Amma son ilyarımda bu missiyanı Azərbaycan dövləti öz üzərinə götürüb. Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsi yaradıldıqdan sonra şöbənin müdiri Ədalət Vəliyevlə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai qurumların rəhbərləri arasında görüşlər keçirilir.

Artıq bu sahədə xeyli irəliləyiş əldə edilib. Bu, 44 günlük müharibə dönəmində də özünü göstərdi.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Azərbaycanın vasitəçilərdən son 30 ildə xeyir görmədiyi, öz işlərimizi özümüzün həll etməyimizdən daha çox fayda götürdüyümüz artıq sübuta yetib: “Xüsusilə son 44 günlük müharibədə bu, tam sübuta yetirildi. 30 ilə yaxın idi Minsk Qrupu bizə vasitəçilik edirdi və heç bir müsbət effekti yox idi. Azərbaycan özü məsələni həll elədi. İkincisi, Azərbaycanda siyasi palitrada münasibətlərin tənzimlənməsi bizim öz daxili işimizdir. Azərbaycan bir ailədir, İstanbulun əhalisinin yarısı qədər əhalisi olan ailə. Burada siyasi, ictimai məsələlərdə, münasibətlərdə hansısa xarici qüvvələrin vasitəçilik eləməyinə heç bir ehtiyac yoxdur. Üstəlik də hakimiyyətlə siyasi partiyalar arasında müzakirələrdə elə məsələlər ola bilər ki, onlar dövlət sirri xarakteri daşıyar, elə məsələlər olar sırf hakimiyyətlə siyasi partiyanın, müxalifətin arasında bilinməli olan məsələ olar. Ona görə də xarici vasitəçinin təşkilatçılığı ilə baş tutan görüşlərin bu baxımdan da zərəri var. Azərbaycanda son zamanlar reallaşan dialoq doğru seçimdir, daha effektlidir. Burada kənar vasitəçi yoxdur, özümüzün apardığımız dialoqdur. Başqasına ehtiyac yoxdur. Üstəlik də Prezident Administrasiyasında yeni şöbənin yaradılması cənab Prezidentin iradəsidir. Şöbənin müdiri Ədalət Vəliyev kimi kadr da çox uğurlu bir kadrdır. Yəni hər kəs bu işin öhdəsindən gələ bilməz. Cənab Ədalət Vəliyev çox ünsiyyətcil, hər kəslə dil tapmağı bacaran və işini bilən kadrdır. Onun həmin şöbəyə rəhbərlik etməsi çox yaxşı effekt verir. 44 günlük müharibədən öncə hakimiyyətlə siyasi partiyalar arasında keçirilən görüşlərin, dialoqun müharibə dövründə effekti özünü göstərdi. 52 partiya ortaya ortaq mövqe qoydu, milli birlik nümayiş etdirildi. Əlbəttə, müxalifətin hansısa çatışmazlıq hesab etdiyi məsələlərə iradları, etirazları ola bilir və bu təbiidir. Bunun üçün də kənardan heç kimin vasitəçiliyinə ehtiyac yoxdur. Dialoqda müxalifət partiyalarının rəhbərləri fikirlərini birbaşa hakimiyyət rəsmisinə çatdırırlar. Digər tərəfdən, mən heç vaxt düşünməmişəm ki, hansısa beynəlxalq təşkilatda olanlar bizim insanımızdan daha ağıllı, daha ortaq məxrəcə gətirməyi bacaran personalardır. Bizim bütün kadrlarımız hər mənada onlardan üstündür. Ona görə də bu seçim doğrudur və nəticələr də ortadadır. Ona görə də davam eləmək lazımdır. Ölkəmizdə olan hər hansı çatışmazlıqlar məhz özümüz tərəfindən həll edilməlidir, qarşılıqlı dialoqla müzakirə olunmalıdır. Elə məsələlər var ki, qapalı da müzakirə aparılmalıdır. Bütün bunlarda xarici instansiyaların iştirakına ehtiyac yoxdur”.

Musavat.com