Sualda səsləndirilən ittiham...

27 Fevral 2021 09:01 (UTC+04:00)

Dünən Azərbaycan Prezidentinin mətbuat konfransında "Mehr" in əməkdaşı tərəfindən səsləndirilən nataraz sual heç də təsadüf deyildi.

Amma öncə suala deyil, agentliyin tarixçəsinə baxaq.

"Mehr" Agentliyi 2003 də təsis edilib, fars, ingilis, ərəb, kürd, türk və urdu dillərində xəbərlər yayımlayır.
Agentliyin təsisçisi İslam İdeologiyasını Təbliği Təşkikatıdır (Islamic Ideology Dissemination Organization).
Təşkilat mərhum Ruhulla Xomeyninin "İslam mədəniyyətini və ideologiyasını inkişaf etdirmək və təbliğ etmək məqsədi ilə" verdiyi bir fərmanından sonra 22 iyun 1981-ci ildə qurulub.

Birbaşa ali dini rəhbərə tabedir.

Ona görə "Mehr" yayım siyasətində daha ehtiyatlı davranır, region ölkələri arasında əməkdaşlıq və dostluq əlaqələri haqda rəsmi gəlişigözəl ritorikanı aşan xəbər, rəy, mövqe, adətən, təqdim etmir.

Servis dillərindən və xaricdəki müxbir məntəqələrin arealından göründüyü qədər əsas xəbər prioritetləri Yaxın və Orta Şərq, Mərkəzi Asiya ilə bağlıdır, hədəf auditoriyası da bu bölgə ilə bağlı xəbərləri izləyən kütlədir.
Azərbaycandakı həmkarları ilə rəsmi tərəfdaşlıq müqavilələri var. İndiyədək Azərbaycan və Türkiyə ilə bağlı ən neytral xəbər təqdim edən İran agentliklərindən biri, bəlkə də birincisidir.

Bəli, "Mehr" in əməkdaşı tərəfindən sual məhz səsləndirilmişdi.

Sualda səsləndirilən ittiham İkinci Qarabağ müharibəsi gedişində və sonradan İranın ən azı 4 ali rəsmi instansiyası tərəfndən bu və ya digər formada dilə gətirilib.

Cənab Prezidentin suala cavabında mənbə göstərilməsi ilə bağlı bir neçə dəfə təkrar israr etməsi əslində həmin mərcilərin-instansiyaların adlarının səsləndirilməsinə nail olmaq idi.

Dediyi "dost ölkədən gəlmisiniz, ona görə də mən mövzunun dərinliyinə getmək istəməzdim. Ancaq xahiş edirəm, belə şayiələr yayarkən daha məsuliyyətli olun" sözləri həmin ali və yarım ali mərcilərə verilən cavab kimi dəyərləndirilə bilər.

... Müharibədən sonra İran parlamentində Şərqi Azərbaycan vilayətini təmsil edən deputatlardan birinin çox ibrətamiz çıxışı var idi.

Deputat deyirdi ki, biz istəsəydik, indiyədək buraxdığımız yanlışları aradan qaldıra, sözlərimizlə, davranışımızla dost Azərbaycan xalqının qəlbini qazana bilərdik. Sonra səhvləri mövcud H. Ruhani iqtidarının ayağına bağlayırdı.

Bəlkə də deputat haqlıydı, hansısa səhvlər cari administrasiya ilə bağlıdır. Amma "Mehr" mövcud admnistrasiyaya bağlı deyil və onun fikirlərini ifadə etmir, birmənalı.

Mövzuya dəxli olmayan bir haşiyə.

Üzeyir bəyin "Arşın malalan" operettası bəzi Şərq ölkələrində vaxtilə "Çadra altında mehr(məhəbbət) və məkr" adıyla səhnələşdirilmişdi.

Cəmaləddin Quliyev