“Milli Şuranın ikinci sessiyasında İbrahimbəyov Bakıda olacaq“

12 İyun 2013 18:59 (UTC+04:00)




Demokratik Qüvvələrin Milli Şurası Aparatının rəhbəri Eldar Namazov "Media forum" saytının suallarını cavablandırıb.


- Milli Şuranın sessiyası nə zaman keçiriləcək? İyunun 12-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli ilə görüşmüşünüz. Hansı məsələləri müzakirə etdiniz?


- İndi Milli Şuranın sessiyasının keçirilməsi üçün hazırlıq işləri gedir, gündəlik müəyyənləşdirilir. Milli Şuranın əsasnaməsinə uyğun olaraq müxtəlif işçi orqanları, komitələr, komissiyalar yaradılmalıdır.

Gündəlikdə digər məsələlər də var. Hazırlıq mərhələsində ölkənin aparıcı partiyalarının liderləri ilə məsləhətləşmələr aparırıq. Bu gün AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbərlə görüşümüz oldu. Məşvərət Məclisinə daxil olan partiyalarla da görüş olacaq. Vətəndaş cəmiyyətinin nümayəndələri ilə də məsləhətləşmələr aparırıq. Bütün bunların nəticəsində birinci sessiya üçün müəyyən layihələr hazırlanacaq. Amma son qərarı sessiyanın özü verəcək. Sessiyada Milli Şura üzvləri müzakirələr və səsvermə yolu ilə gündəlikdə olan məsələlərlə bağlı qərarlar qəbul edəcəklər.

- Sessiya nə vaxt keçirilə bilər, günü müəyyənləşibmi?


- Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun Bakıya qayıtması təqribən iyunun 25-nə təsadüf edəcək. Əsasnamədə göstərilib ki, Milli Şuranın sessiyaları ən geci iki həftədən bir keçirilməlidir. Biz gələn həftənin ortalarında Milli Şuranın ilk sessiyasını keçirəcəyik. Hazırda sessiyanın konkret günü və yeri müəyyənləşdirilir. Ancaq əminəm ki, iyunun axırında keçirilən ikinci sessiyada Rüstəm İbrahimbəyov Bakıda olacaq və toplantı onun sədrliyi ilə baş tutacaq.

- Müzakirə olunan əsas məsələlərdən biri də sədr aparatı ilə bağlıdır. Siz aparat rəhbəri təyin olunmusunuz. Bu struktur tam olaraq nə vaxt formalaşdırılacaq?


- Bunun dəqiq adı Milli Şuranın Aparatıdır. Əsasnaməyə əsasən, onun yaranması Milli Şuranın sədrinə həvalə olunub. İndi müəyyən təkliflər hazırlanır. Rüstəm İbrahimbəyov təkliflərlə tanış olandan sonra qərarını verəcək, aparatın strukturunu təsdiq edəcək.

- Aparatın neçə nəfərdən ibarət olması təklif edilib?


- Hələlik konkret rəqəmlər səsləndirmək istəmirəm. Bu məsələ ətrafında da müzakirə gedir. Təbii ki, xarici əlaqələr, təbliğat məsələləri, hüquqi, təşkilati məsələlərlə bağlı müəyyən istiqamətlər var. Bütün bu istiqamətlər üzrə tanınmış mütəxəssisləri aparatın işinə cəlb etmək fikrindəyik.

- Təsis yığıncağından sonra Milli Şuraya üzv olmaq üçün müraciətlər almısınızmı?


- Belə müraciətlər çoxdur. Onları nəzərə alaraq əsasnaməyə şuraya qəbulla bağlı xüsusi bənd salınıb, mexanizm dəqiq göstərilib. Azərbaycandan xaricdə yaşayan görkəmli, cəsur nümayəndələrimiz də Milli Şuraya dəstək olaraq yaşadıqları ölkələrdə böyük işlər görmək arzularını bildiriblər. Qarşıdan gələn sessiyalarda bu məsələni də həll edəcəyik. ABŞ-da, Türkiyədə, Avropa, MDB ölkələrində və digər dövlətlərdə yaşayan tanınmış diaspor nümayəndələrinin bu prosesə qatılmasını arzulayırıq və bunun üçün addımlar atacağıq.

- Milli Şurada fikir ayrılığının yaranması haqda məlumatlar yayılıb. Təsis yığıncağından sonrakı prosesləri necə qiymətləndirirsinz? Fikir ayrılığı yaradan nüanslar varmı?


- Fikir müxtəlifliyinin olması təbiidir və çox yaxşı haldır. Biz Azərbaycanda demokratik dəyişikliyi istəyən bütün qüvvələri Milli Şurada birləşdirmişik. Təbii ki, prosesin içində müxtəlif məsələlər ətrafında həmişə müzakirələrimiz olub, hər zaman kompromis variant tapmışıq ki, hamının fikri nəzərə alınsın və hər kəsi qane edən qərarlar qəbul olunsun. İşimizi bu yolla da davam etdirəcəyik. Elə bir problem yoxdur ki, onu müzakirə edib ümumi qərara gələ bilməyək. Milli Şuranın yaranmasının özü də bunu sübut etdi. Mən əminəm ki, biz bundan sonra da tam demokratik, plüralizm şəraitində müxtəlif fikirləri, yanaşmaları nəzərə alaraq müzakirələr aparıb konsensusa, nəticəyə gələcəyik. Mən buna problem kimi yox, təbii suallara konkret cavabların formalaşması kimi baxıram. Milli Şuranın təsis olunmasına hazırlıq iclasında da belə olmuşdu. Bundan sonra da suallara birgə cavab tapıb seçkiyə də birlikdə gedəcəyik.

- Milli Şuranın təsis yığıncağında AXCP sədri Əli Kərimli deyib ki, kim istəsə, Rüstəm İbrahimbəyovu bu gündən vahid namizəd kimi qəbul edə bilər. Müsavat başqanı İsa Qəmbər isə bildirib ki, Rüstəm İbrahimbəyovun namizəd olmasına etiraz etmir. Liberal Partiyasının lideri Lalə Şövkət də Milli Şura sədrinin namizədliyini dəstəkləyib. Bütün bunlara baxmayaraq sual hələ də açıq qalır: Milli Şuranın prezidentliyə namizədi olacaqmı və Rüstəm İbrahimbəyovun vahid namizəd olması mümkündürmü?


- Hər birinin dediyi arqumentlərə əsaslanır. Hansısa partiyalar artıq qərar qəbul ediblər. Bəzilərinin içərisində hələ müzakirələr gedir. Hesab edirəm bütün qoyulan suallar düzgündür, yerindədir. Biz həmin məsələləri müzakirə edib ümumi qərara gələcəyik. 20 ildə ilk dəfə Azərbaycanın demokratik qüvvələri bir araya gəlib prezident seçkisində vahid namizədlə iştirak etməyi qərara alıblar. Belə böyük və əhəmiyyətli proses zamanı hansısa sualların ortaya çıxmaması təəccüb doğurardı. Biz çətin bir prosesi həyata keçiririk. Milli Şuranın yaranmasının özü nümayiş etdirdi ki, bu çətin prosesi axıra qədər davam etdirməyə iradəmiz, istəyimiz və imkanımız var.

AzNews.az