İlk kosmik hotel nə vaxt açılacaq?

2 Mart 2021 17:15 (UTC+04:00)

Dünyanın ilk kosmik hoteli 2027-ci ildə fəaliyyətə başlaya bilər.

Bu barədə “Daily Mail” yazır.

Məlum olub ki, aşağı yerətrafı orbitdə dünyanın ilk kosmik hoteli olacaq “Voyager Station” stansiyası “Orbital Assembly Corporation” (OAC) tərəfindən 2025-ci ildə tikilməyə başlayacaq.

Layihəyə əsasən, orbital stansiya halqa şəklində olacaq və Ayın səthindəki ağırlıq qüvvəsinə müvafiq olan süni qravitasiyanın yaradılması üçün yerətrafı orbitdə fırlanacaq. Korpusun üst tərəfində turistlərin yerləşdirilməsi üçün çoxlu sayda kapsul olacaq. Kapsulların bir hissəsi kosmik tədqiqatlar üçün ABŞ-ın aeronavtika və kosmik məkanın Milli Tədqiqat İdarəsi olan NASA və Avropa Kosmik Agentliyinə (ESA) satıla bilər.

Bildirilir ki, hoteldə süni qravitasiya, tematik restoranlar, mənzərəsi Yerə açılan otaqlar, spa-mərkəzlər, kinoteatrlar, idman zalları, konsert arenaları, eləcə də insanları Yerə göndərməyə hazır olan kiçik kosmik-taksilər olacaq.

Ümumilikdə konstruksiyada hər birinin uzunluğu 20 metr, eni 12 metr olan 24 yaşayış modulu nəzərdə tutulur.

Mütəxəssislərin fikrincə, tikintiyə iki il gedəcək və “Voyager Station” artıq 2027-ci ildə istismara verilə bilər.

“Bu növbəti sənaye inqilabı olacaq”, - deyə “Gateway Foundation”nın təsisçisi Con Blinkou bildirib və əlavə edib ki, bu, yeni kosmik sahə yaradacaq.

Orbital stansiyanın tikilməsinin dəyəri və onun "otaqlarında" yaşayış qiyməti ilə bağlı təfərrüatlar hələ açıqlanmayıb. OAC bildirir ki, “SpaceX” tərəfindən “Falcon 9” kimi təkrar istifadəyə verilə bilən nəqliyyat vasitələrinin yaradılması kosmik hotelin inşa xərclərini əhəmiyyətli dərəcədə azaldıb. (biznesmedia)

AzNews.az