"Mən gözəl həyat yaşamışam"- Novella Cəfəroğlu ilə yubiley müsahibəsi

3 Mart 2021 09:04 (UTC+04:00)

80 illik yubileyini qeyd edən Novella Cəfəroğlu: “Hər doğum günümdə o arzumun baş tutmasını istəyirəm, amma...”

“Mənim həyatım nəfəs aldığım Azərbaycanla bağlıdır. Bunu hamı bilir ki, bu 30 ildə mən Azərbaycanın yaxşısına da, pisinə də dözmüşəm, döyülmüşəm, söyülmüşəm, həbsə düşmüşəm, təşkilatı yaşatmaq üçün evimi satıb, iki otaqlı evdə qalmışam. Bütün bunlar mənim həyatımda olub və mən onlarla fəxr edirəm”

Bu gün - martın 3-də Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun 80 yaşı tamam olur. İllərlə övladlarından, ailəsindən ayrı qalmaq bahasına ömrünü Azərbaycan, Vətənlə bağlayan Novella xanım bu gün də insan hüquqlarının müdafiəsi uğrunda mübarizə aparır.

Koronavirus pandemiyası ucbatından üz-üzə görüşüb söhbətləşə bilməsək də, telefonla əlaqə yaradıb, Novella Cəfəroğlunun yubiley təəssüratlarını öyrənməyə çalışdıq:

- Novella xanım, öncə “Yeni Müsavat” kollektivi adından 80 illik yubileyiniz münasibətilə sizi təbrik edirik. Bu yubileyinizi yəqin ki, daha fərqli hisslərlə, qalib ölkənin qalib vətəndaşı kimi keçirirsiniz...

- Doğrudan da bu il hamımız üçün çox dəyərli, möhtəşəm idi. 44 günlük Vətən müharibəsində qazandığımız qələbə hamımıza böyük sevinc gətirdi. Bundan əvvəl yarım metr torpağımızı işğaldan azad edəndə sevincimiz yerə-göyə sığmırdı, onda heç düşünə bilmirdik ki, qısa bir zamanda torpaqlarımızı geri qaytara bilərik. Beləliklə, yubileyimi elə bu qələbə hissləri ilə keçirirəm. Çox təəssüf ki, pandemiya səbəbindən yubileyimi geniş şəkildə keçirə bilmirəm. Mənim sevənlərim çoxdur, istəyərəm ki, onların hamısını böyük bir məkana yığıb, həm qələbəmizi, həm də yubileyimi qeyd edim. Bəlkə də bu mənim sonuncu yubileyimdir, bilmək olmaz. Onun üçün də çox istərdim ki, bu yubiley olsun. Hər halda, 80 illik yubileyim ilin sonuna qədər davam edəcək. Allah ömür versin, pandemiya da səngisin, mütləq hamını bir yerə yığacağam.

- Adətən ilk təbriki, hədiyyəni kimdən alırsınız?

- İnanın, martın 1-dən başlayaraq, hamı məni təbrik edir. Kimlərsə sosial şəbəkədə yazır, kimlərsə zəng edir və sairə. Hədiyyəyə gəldikdə isə söhbət hədiyyədə deyil, insanların sənə olan münasibətindədir. Hədiyyə boş şeydir. Çox sevinirəm ki, 80 yaşımda insanlardan bu qədər sevgi, məhəbbət qazanmışam. Camaatın mənə olan məhəbbəti, sevgisi mənim üçün böyük qürurdur və deyərdim ki, ən gözəl hədiyyədir.

- Hər doğum gününüzdə arzuladığınız, amma ona yetə bilmədiyiniz nəsə varmı?

- Sözsüz ki, var. İstəyərdim ki, doğum günümü, yubileyimi ailəmlə birgə keçirim. Bir daha qeyd edirəm, bəlkə də bu mənim axırıncı yubileyimdir, ona görə çox istəyərdim ki, ailəmlə, yoldaşımla, oğullarım, nəvələrimlə birgə olum. Lakin bacılarım, qardaşım, bacım uşaqlarının yanında, sizlərin yanında, bir sözlə, Vətəndə keçirmək mənim üçün böyük anlamdır. Ən gözəli odur ki, həmişə deyirdim ki, Qarabağı görmədən öləcəyəm. Amma ümidvaram ki, bir neçə aya Qarabağı gedib görəcəm. Bu mənim üçün əlçatmaz, ən gözəl hədiyyədir. Bu hədiyyəni bizə bəxş edən sağ olsun.

- Sonuncu dəfə nə zaman doğum gününüzü ailənizlə birgə keçirmisiniz?

- 30 ildir ki, mən Azərbaycanda, onlar isə İsraildədir... Xatırlayıram ki, bu 30 ildə bir, ya da iki dəfə onlarla keçirmişəm.

- Novella xanım, təkcə media əhlinin, fəal gənclərin sevimli “Mamaşa”sı deyil, həm də məhbus ailələrinin, məhbusların ümid yeridir. Onlara mart ayında sevindirici xəbər verə biləcəksinizmi?

- Hesab edirəm ki, tezliklə bu sevindirici xəbər olacaq.

- Doğum gününüzdə istəməzdim bu sualı verim, amma hər halda, hüquq müdafiəçisiniz və indi verəcəyim suala cavab almaq istərdim. Postmübaribə dövründə 4 qazimiz intihar etdi. Əlbəttə ki, bu məsələdə müharibənin yaşatdığı stress, travma var. Amma əksər qazilərimizi dindirəndə bildirirlər ki, onların yaralanması ilə bağlı sənədlərdə düzgün qeydiyyat aparılmır, bəzən diqqətdən kənarda, baxımsız qalır, ailələrinin vəziyyəti ağırdır və sairə, bəzən elə bunlara dözməyərək, intiharı son çıxış yolu kimi görürlər. Təşkilatınız bu məsələ ilə bağlı hər hansı işlər görməyi planlaşdırırmı?

- Bizim monitorinq qrupu, hüquq müdafiəçiləri bir yerə yığışaraq bu məsələləri “ASAN xidmət”lə görüşüb, müzakirə etmişik. Bildiyiniz kimi, onlar da “Yaşat” Fondu ilə işləyirlər. Dəfələrlə biz onlara müraciət etmişik ki, regionlarda, ucqar kəndlərdə heç kəsin əlin çatmayan yerlərdə qazilər, eləcə də əsgər ailələri var, onlara diqqət, qayğı göstərmək üçün qruplar yaradılsın. Yəni təşəbbüslə çıxış edib, demişik ki, oralarda qeyri-hökumət təşkilatları var, onlar operativ olaraq, kimin nə dərdi var daha yaxşı bilərlər, nəinki bələdiyyəsi, icra hakimiyyəti. Bələdiyyələrin, icra hakimiyyətlərinin gördükləri iş ortadadır. Beləliklə, çevik qruplar qeyri-hökumət təşkilatları, hətta jurnalistlər həmin rayon və kəndlərə gedib öyrənsinlər ki, kim necə, hansı vəziyyətdə gəlib, ailə vəziyyətləri necədir, bütün bunlarla bağlı əllərində qeydlər olsun.

“YAŞAT”ın yaranması haqqında təklif bizim monitorinq qrupundan verilib. Xatırlayırsınızsa, hələ müharibə gedə-gedə ilk dəfə sizin qəzetə müsahibə verib, bildirmişdik ki, əsgər və qazilərimizə, şəhid ailələrinə dəstək olacaq bir əsgər fondu yaradılsın. Yəni ilk olaraq biz bu məsələni qaldırmışıq. İndi yaradıblar, sağ olsunlar, heç bizdən heç kəsi o quruma salmadılar, yenə də bir söz demirik, amma heç olmasa dediyimiz sözə əməl etsinlər. Neçə zamandır biz deyirik ki, regionlarda təşəbbüs qrupları yaradılmalıdır, lakin bir nəticəsi yoxdur. Qazilərin intihar etməsi məsələsinə gəldikdə isə bu gün onlara yardım göstərəcək psixoloqlarımız ya yoxdur, ya da azdır. Müharibədən gələnlərə onların yaralarını sarımaqla bərabər ilk əvvəl psixoloq yardımı göstərilməli idi. Müharibə çox ağır məsələdir, hər insan onun travmasını, ağırlığını daşıya bilmir. Biz hansısa insanın öldüyünü görəndə zülüm-zülüm ağlayırıq. Amma təsəvvür edin, onların yanında bombalar atılıb, döyüş yoldaşları parça-parça olub. Bütün bunların hamısı onların hər biri üçün böyük travmadır. Buna görə də onların hər biri ilə ayrı-ayrılıqda psixoloqlar işləməlidir.

- Cəbhədə savaş bitsə də, indi informasiya cəbhəsində müharibə aparırıq. Erməni vəhşilikləri, dinc əhalimizə qarşı terrorları, maddi və mənəvi abidələrimizdə törətdikləri vandalizmləri bu gün yetərincə dünyaya çatdıra bilirikmi? Hüquq müdafiəçilərinin bu yöndə apardıqları işi qaneedici hesab edirsinizmi?

- Ermənistanın Gəncədə, Tərtərdə, Bərdədə dinc əhaliyə qarşı törətdikləri terror, vəhşiliklər haqqında bülleten hazırlayıb, bütün dünyaya, o cümlədən Avropa Şurasına, Avropa Parlamentinə, BMT-yə və digər qurum, departamentlərə göndərmişik. İkinci bülletenimizdə isə şəhərlərimizə, maddi və mənəvi abidələrimizə, məzar və qəbiristanlıqlarımıza qarşı törədilən vandalizm, dəymiş ziyanlar fotolarla təqdim olunub. Çox insan bizə cavab verib, hətta ölkəmizə gəlir. Lakin məni təəccübləndirən başqa şeydir. Ötən gün oxudum ki, Mariya Zaxarova deyib ki, YUNSECO-nun üzvləri Qarabağa, Xankəndinə gedib, ermənilərin abidələrinin yerində olub-olmadığını, hansı vəziyyətdə olduğunu araşdırıb, onları öz himayəsinə götürəcəklər. Halbuki biz dəfələrlə xahiş etmişik ki, YUNESCO gəlib görsün ki, ermənilər Azərbaycanı nə günə salıblar, lakin nəticəsini görməmişik. Hərdən Avropa, Avropa demokratiyası deyirik, lakin onların müsəlman dövlətlərinə qarşı bir dənə də olsun demokratik davranışı yoxdur. Bu, çox ağrıdıcıdır. Müharibə dövründə Fransanın Azərbaycana qarşı siyasətini hamımız gördük. İndi görün onların müsəlman ölkələrinə qarşı nə qədər nifrətləri var.

Ona görə də öz içərimizdə məsələlərimizi həll etməli, bir-birimizə dayaq olmalıyıq. Müharibə dövründə Avropada olan bəzi mühacirlərin Azərbaycana olan nifrətini, aqressiv davranışlarını gördük. İnanın, onlar ermənidən betərdir. Hakimiyyətlə savaşmaq, onu tənqid etmək olar, lakin Azərbaycanın müqəddəratı həll olunan zaman sən necə nifrətlə çıxış edə bilərsən? Axı sənin bu vətəndə qohumların, qardaşın, bacın yaşayır, bu qədər insafsızlıq haradan qaynaqlanır? Şəxsən mən onlara nifrət edirəm. Onlarla da işləmək lazımdır. Hesab edirəm ki, bizə qarşı olan təzyiqlərlə bağlı həmin ölkələrdə olan diasporamız, səfirliklər işləməlidir ki, Avropada, Amerikada həmin mühiti dəyişsinlər.

- Necə düşünürsünüz, işğaldan azad olunan torpaqlara nə qədər müddətə qayıda biləcəyik?

- Nə qədər tez qayıtsaq, bir o qədər yaxşıdır. Lakin camaatla da işləmək lazımdır. Həmin regiondan olan nə qədər gənclər var. Əgər onları rayonların bərpasına, tikinti işlərinə cəlb etsək, doğma yurdumuza qayıdış daha tez olar. Hər halda, onlar daha böyük həvəslə tikib qurmağa çalışacaqlar. Torpağa məhəbbət ayrı şeydir.

- 80 yaş... Bu yaşda belə intensiv işləmək, daim gündəmi izləmək, beynəlxalq konfransların iştirakçısı olmaq, həm dövlətin, həm də ayrı-ayrı insanların hüquqlarını müdafiə etmək əlbəttə ki, hər qadının, insanın işi deyil. Düşünmüsünüzmü “artıq bəsdir, bundan sonra ömrümü yalnız özümə, övladlarıma, nəvələrimə, onların qayğılarına həsr edim, istirahət edim” və sairə. Ümumiyyətlə, bu yaşdan sonra özünüzə nə arzulayırsınız?

- Elə bu mənim üçün həm yaşamaq, həm də istirahətdir. Əgər hələ də söz demək, kiməsə kömək etmək imkanım varsa, deməli, yaşayıram. Mən gözəl həyat yaşamışam, gözəl uşaqlarım, nəvələrim var, hamısının evi-eşiyi var. Sözsüz ki, çox istəyərəm ki, bu gün oğlanlarım, nəvələrim yanımda olsun. Doğrudur, onlarla, yoldaşımla hər gün zəngləşib, danışırıq, onların həyatı mənim üçün müqəddəsdir. Lakin mənim həyatım nəfəs aldığım Azərbaycanla bağlıdır. Bunu hamı bilir ki, bu 30 ildə mən Azərbaycanın yaxşısına da, pisinə də dözmüşəm, döyülmüşəm, söyülmüşəm, həbsə düşmüşəm, təşkilatı yaşatmaq üçün evimi satıb, iki otaqlı evdə qalmışam. Bütün bunlar mənim həyatımda olub və mən onlarla fəxr edirəm.

Onu da qeyd edim ki, “Yeni Müsavat”, onun jurnalistləri mənim ən ağır və ən gözəl günümdə yanımda olub. Ona görə də başda Rauf Arifoğlu olmaqla, bütün kollektivinizə təşəkkürümü bildirirəm ki, bu illərin hamısında mənimlə birgə olub. “Yeni Müsavat”ın hesabına ilk dəfə gündəmə gəlmişəm, qorunmuşam, kollektivin mənə qarşı olan məhəbbəti məni saxlayıb. Bu səbəbdən mən də öz məhəbbətimi və minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, varsınız...

“Yeni Müsavat”