Çində və Cənubi Afrikada minlərlə saxta COVİD-19 peyvəndi ələ keçirildi

4 Mart 2021 18:31 (UTC+04:00)

İnterpol Cənubi Afrika və Çində şəbəkələrə edilən basqınlar zamanı minlərlə yeni növ koronavirus (Covid-19) peyvəndinin ələ keçirildiyini açıqlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Cənubi Afrikanın Germiston şəhərində təxminən 2400 doza saxta Covid-19 peyvəndi ələ keçirilib. Əməliyyat zamanı 3 Çin və 1 Zambiya vətəndaşı saxlanılıb.

Bundan əlavə, Çində saxta peyvəndin istehsal olunduğu bir fabrikə basqın edilib. Basqında 80 nəfər nəzarətə alınıb,​ 3 min saxta peyvənd tapılıb.

İnterpol bu günə qədər internet üzərindən heç bir peyvəndin satışına icazə verilmədiyini bildirib.

İnterpolun baş katibi Jürgen Stok bu əməliyyatlarda aşkar olunanların "Covid-19 peyvəndi ilə əlaqəli cinayətlərdə "aysberqin yalnız görünən hissəsi" olduğunu diqqətə çatdırıb.

Hər iki ölkənin polisi peyvənd təhlükəsizliyi üçün İnterpol ilə əməkdaşlıqlarını davam etdirəcəklərini vurğulayıblar.

AzNews.az