Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü qeyd olunur

5 Mart 2021 12:01 (UTC+04:00)

5 mart - Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar idman ictimaiyyətinin nümayəndələri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.

AzNews.az-ın məlumatına görə, tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, federasiya rəsmiləri, tanınmış idmançılar və digər rəsmi şəxslər iştirak edib.

Onlar ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

"Xalqımızı idman bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, idmançılarımız bundan sonra da onlara göstərilən etimadı beynəlxalq tədbirlərdə doğruldaraq medallarla təltif edilsinlər və Azərbaycanın bayrağını qaldıraraq himnimizi səsləndirsinlər" deyən İ.İsmayılov hazırda Azərbaycanda idmanın vəziyyəti barədə də danışıb: "Ölkəmizdə dünyanın ən ali idman tədbirləri keçirilir. İlk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları, "Formula 1" üzrə Azərbaycan Qran-prisi, ayrı-ayrı növlər üzrə dünya və Avropa çempionatları ilə yanaşı, hər il 60-dək beynəlxalq yarışın təşkili dövlətimizin idmana göstərdiyi hərtərəfli qayğının nəticəsidir".

Nazir müavinin sözlərinə görə, bu gün ölkədə sağlam gənclərin olması dövlətin əsas siyasətidir və bu siyasət davam etdiriləcək.

Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov da idman ictimaiyyətini təbrik edərək, idmançılara can sağlığı və qarşıdakı yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında bir qrup idman ictimaiyyəti nümayəndəsinin mükafatlandırılma mərasimi keçiriləcək.