“Sumqayıt”da sumqayıtlı baş məşqçi - Müsahibə

13 İyun 2013 07:32 (UTC+04:00)



Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə "Sumqayıt" FK-da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi məşqçi təyin olunub.

Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi olan Məmmədov 2012/13 mövsümündə isə əsas komandada Bernhard Raabın köməkçisi olub.

Klubun rəsmi saytı yeni baş məşqçinin fikirlərini alıb.

Müsahibəni olduğu kimi təqdim edirik.

- İlk öncə, sizi "Sumqayıt" FK-nun baş məşqçisi təyin olunduğunuz üçün təbrik edirik...

- Çox sağolun.

- Müqavilənin müddəti nə qədər nəzərdə tutulub?

- Bir illik.

- Karyeranızı bitirdikdən sonra ilk dəfə baş məşqçi kimi çalışacaqsınız. Bu məsuliyyətli yükün altına girdiyinizə görə çəkinmirsizmi?

- İlk növbədə "Sumqayıt" Futbol Klubunun rəhbərliyinə mənə bu vəzifəni təklif etdiklərinə görə təşəkkür edirəm. Futbolçu karyeram ərzində Azərbaycanın ən güclü məşqçiləri ilə çalışmışam. Karyeramı bitirdikdən sonra isə "Sumqayıt" FK-da əvvəlcə əvəzedici komandada Vaqif Paşayevin köməkçisi, daha sonra əsas komandada Bernhard Raabın rəhbərliyi altında işləmişəm. Həm futbolçu olduğum dönəmdə, həm də son dövrlərdə almaniyalı mütəxəssislə işlədiyim zaman ondan çox şeylər öyrənmişəm. Mənə bəslənən ümidləri doğrultmağa çalışacağam. Çətinlikdən qorxmuram.

- Hazırda səninlə çiyin-çiyinə oynayan futbolçulara indi məşqçi kimi göstəriş və tapşırıqlarını verəcəksən. Bunu etmək sənin üçün çətin olmayacaqmı?

- "Sumqayıt" Futbol Klubu bir ailədir. Olduqca mehriban kollektivimiz var. İki mövsüm ərzində bu ailədə bir dəfə də olsun xoşagəlməz hadisə ilə qarşılaşmamışam. Xeyr, çətinlik çəkəcəyimi heç düşünmürəm.

- Baş məşqçi olaraq klubda daha hansı işləri görəcəksiniz?

- Bildiyiniz kimi, Sumqayıtda futbolun inkişafı üçün bazanın inşası yekunlaşmaq üzrədir. Sumqayıt İdman Mərkəzinin sayəsində bu şəhərdən böyük futbolçular çıxacaq. Fürsətdən istifadə edib, bu bazanın tikilməsində əməyi keçən hər kəsə təşəkkür edirəm. "Sumqayıt" FK-nun özünün strategiyası var. Biz klub olaraq, daha çox gənclərə üstünlük veririk və milli komandalar üçün futbolçular yetişdiririk. Baş məşqçi təyin olunsam da, əvvəlki kimi uşaq komandalarında seleksiya işlərinə nəzarət edəcəyəm.

- Köməkçiləriniz kimlər olacaq?

- Yaxın günlərdə bu haqda məlumat verəcəyik.

- Artıq "Sumqayıt" FK üç futbolçu – Anar Nəzirov, Vüqar Əsgərov və Vurğun Hüseynovla müqavilə imzalayıb...

- "Sumqayıt" Futbol Klubunda transferlər texniki heyətin təşəbbüsü ilə icra olunur. Əlbəttə, hər üç futbolçunun transferi zamanı geniş fikir mübadiləsi aparılıb. Hər üç futbolçu komandaya xeyir verəcək. Qeyd edim ki, transferlərimiz bununla bitməyəcək. Yaxın günlərdə həm təcrübəli futbolçuları, həmdə gələcək vəd edən gəncləri heyətə cəlb edəcəyik.

- Növbəti mövsüm üçün iş planınız varmı?

- Qərar anidən verildiyi üçün hazırlıq görə bilməmişəm. Amma yaxın günlərdə iş planımı hazırlayacağam. Qaldı ki, komandada qalacaq və kollektivi tərk edəcək futbolçuların məsələsinə, yaxın günlərdə hər şey məlum olacaq.

- Sonda "Sumqayıt" FK-nun azarkeşlərinə nə demək istərdiniz...

- Sumqayıt azarkeşləri hər zaman özlərindən sözün əsl mənasında söz etdirməyi bacarıb. Sevincli və ağır günlərimizdə daim yanımızda olan fanatlarımıza təşəkkür edirəm. Bizim komanda olaraq dəstəyə ehtiyacımız böyükdür.

AzNews.az