Dünya bu qəhrəman türk qızından danışır

6 Mart 2021 19:03 (UTC+04:00)

Cənubi Koreyanın paytaxtı Seulda gənc bir qızı cinsi təcavüzdən xilas edən, təcavüzkarı tutaraq polisə təhvil verən Türkiyə vətəndaşı Rabia Şirin ölkə mətbuatının diqqətini çəkib. Cənubi Koreyalı qızı təcavüzdən qurtaran Rabia qəhrəmana çevrilib.

Belə ki, Sonqpa bölgəsində bir ticarət mərkəzində təcavüzkar ayaqyoluna qədər izlədiyi 20 yaşlı gənc qızı zorlamağa cəhd edib.

Hadisə yerinə yaxın bir restoranda işləyən 25 yaşlı Şirin və müdiri qızın fəryadını eşidən kimi köməyə tələsiblər.

Mübarizədən sonra Şirin qızı təcavüzkarın əlindən qurtarıb və sərxoş caninin qaçmasının qarşısını alaraq onu polisə təhvil verib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, dövlət işçisi kimi tanınan, lakin şəxsiyyəti açıqlanmayan 30 yaşlı təcavüzkar saxlanılıb.

Baş verənlər yaxınlıqdakı bir iş yerinin təhlükəsizlik kamerasına düşüb.

İndi dünya qəhrəman türk qızı Rabia Şirindən danışır.

Şirin Anadolu Agentliyinə bildirib ki, hadisə zamanı iş yerində yemək yeyərkən kənardan kiminsə köməyə çağırdığını, "Məni xilas et" dediyini eşidib.

O, hadisəsini belə izah edib:

"Səsin haradan gəldiyini görmək üçün qapıya tərəf qaçdım. Gördük ki, qız bizdən 20 metr aralıdadır. Yanına getdik. Qızın ayağında ayaqqabısı yox idi. Saçları dağınıq idi. Sağ ayağında xəsarət var idi və əli qanamışdı. Biz gedəndə qız qaçaraq liftə mindi. Kişi getmək istədi. Onu yerə otuzdurduq. Müdürüm polis çağırdı. Polisi çağırdığımızı eşidəndə kişi qaçmağa çalışdı. Ancaq onu qaçmağa qoymadıq".

Təcavüzkar zərərsizləşdirildikdən sonra Rabia təsəlli etmək üçün gənc qızın yanına gedib.

Bu hadisədən sonra Cənubi Koreyanın bir çox KİV-ləri qəhrəman türk qızından müsahibələr alıblar. Müsahibələrində Rabia qadına şiddəti kəskinliklə pisləyib və bu cür halların qarşısının alınması üçün birgə səy göstərməyə çağırıb.

Türkiyənin Cənubi Koreyadakı səfiri R.Şirini səfirliyə dəvət edərək örnək davranışına görə ona minnətdarlıq edib və Türkiyə Hava yollarına aid gediş-gəliş bileti hədiyyə edib. Eyni zamanda səfir bu qəhrəman qızın Cənubi Koreya universitetində təqaüdlü təhsil almasına nail olmağa çalışır.

AzNews.az