Aİ Gürcüstana xüsusi nümayəndə göndərir

9 Mart 2021 09:14 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel isveçli diplomat Kristian Danielsonu Gürcüstana şəxsi nümayəndəsi kimi göndərir.

“Report”un yerli bürosu xəbər verir ki, o, Aİ-nin vasitəçiliyi ilə Gürcüstanda aparılan siyasi dialoqun dəstəklənməsində iştirak edəcək.

K.Danielson yaxın günlərdə Gürcüstana səfər edəcək və ölkədə hazırkı siyasi gərginliyin aradan qaldırılması üçün Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsellə əməkdaşlıq edəcək.

Qeyd edək ki, fevralın 23-də müxalif Vahid Milli Birlik Hərəkatının sədri Nika Meliyanın həbsindən sonra Gürcüstanda siyasi gərginlik hökm sürür. Ş.Mişelin təşəbbüsü və iştirakı ilə martın 1-də Gürcüstanda iqtidar və müxalifət arasında dialoq aparılıb.