"Hərbi aşpaz hazırlığı" kursu başa çatıb

13 Mart 2021 16:35 (UTC+04:00)

Bu gün "N" hərbi hissəsində Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün fəaliyyət planına əsasən, 13-cü "Hərbi aşpaz hazırlığı" kursunu müvəffəqiyyətlə bitirən məzunların buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, buraxılış mərasimində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi yad edilib. Dövlət Himni səsləndirilib.

Hazırlıq kursunda aşpazlara qidanın düzgün hazırlanması qaydaları, ərzaq məhsullarının emalı zamanı əmələ gələn tullantıların normaları, texnoloji avadanlıqlardan düzgün istifadə edilməsi qaydası, sanitariya-gigiyena tələblərinə ciddi riayət olunması və digər mövzular üzrə dərslər keçirilib.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara və mülki işçilərə sertifikatlar təqdim edilib.