“Gülərgeyt” dosyesində yeni şok isim - Eksklüziv

13 İyun 2013 10:47 (UTC+04:00)


Həbsdə olan sabiq deputat Gülər Əhmədovanın işi ilə bağlı yeni məlumatlar əldə etmişik.

AzNews.az-a daxil olan məlumatda G.Əhmədovanın işi ilə bağlı adı hallandıqdan sonra Türkiyəyə qaçan və orada vəfat edən Sevinc Babayevanı qardaş ölkədə gizlədən Səlcuq Çağlayan haqqında ilginc bilgilər verilir.

Mənbənin verdiyi informasiyada G.Əhmədovanın oğlu Toğrul Əhmədovun da adı keçir. Belə ki, məlumata görə, Sevinc Babayevanı Türkiyədə qarşılayıb, ona orada qalması üçün kömək edən Səlcuq Çağlayanın G.Əhmədova ilə daha öncədən tanışlığı olmayıb.

Bildirilir ki, S.Ağlayan G.Əhmədovanın oğlu Toğrul Əhmədovun yaxın dostunun tanışı imiş. Sabiq deputatla əlaqəsi də bu vasitə ilə yaranıb. Məsələnin sensasion tərəfi isə heç də bu deyil.

Mənbənin sözlərinə görə, S.Babayevanın öldüyü gün T.Əhmədovun dostu Türkiyəyə S.Çağlayana pul verməyə gedibmiş. Bizdə olan məlumatda həmin şəxsin ad və soyadı dəqiqliklə qeyd edilib. Lakin bir sıra nüansları nəzərə alaraq, həmin şəxsin kimliyi barədə bu yazıda məlumat verməyəcəyik.

Məlumatlı şəxsin dediyinə görə, ötən il dekabrın 26-da G.Əhmədovanın verdiyi 15 min dolları aparan, S.Çağlayana aparan şərti adı "Ceyhun" olan, şəxs Türkiyəyə enər-enməz S.Babayevanın ölüm xəbərini alıb. Xəbəri eşitdikdən dərhal sonra S.Çağlayanla görüşmədən Azərbaycana qayıdan T.Əhmədovun dostu Bakı aeroportunda elə, təyyarənin içindəcə hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Məlumatda bildirilir ki, hüquq mühafizə orqanlarının əməkdaşları həmin şəxsi elə hava limanındaca sorğu-suala çəkiblər. İlk öncə G.Əhmədova və onun oğlu T.Əhmədovla tanışlığını inkar edən "Ceyhun" bir neçə saat sıxışdırıldıqdan sonra hər şeyi danışmağa başlayıb. O, sabiq deputatın S.Çağlayana pul göndərməkdə vasitəçilik etməsi ilə bağlı bütün detalları etiraf edib. Bunun ardınca sərbəst buraxılan həmin şəxsə bu barədə heç bir halda kiməsə məlumat verməməsi qəti surətdə tapşırılıb.

Əldə etdiyimiz məlumata görə, S.Babayevanı Türkiyədə qoruyan S.Çağlayanın dostu olan "Ceyhun" onun ölümü ilə bağlı başladılan istintaq işinə rəsmi olaraq cəlb edilməyib. Onun adı cinayət işinə aid olan materiallarda keçmir. Mənbə deyir ki, buna səbəb onun istintaq orqanları ilə razılaşmasıdır. İstintaq orqanları bildiyi hər şeyi detalları ilə danışan həmin şəxsi cinayət işinə rəsmi qaydada cəlb etməyiblər. Bunun əvəzində isə o, hüquq mühafizə orqanları ilə əməkdaşlıq etməyə razılıq verib.

Qeyd edək ki, şərti adı "Ceyhun" olan T.Əhmədovanın həmin dostunun Türkiyəli bir millət vəkili ilə qohumluq əlaqələri də var. Bu barədə məlumatları tam dəqiqləşdirəndən sonra yayımlayacağıq.

Anar
AzNews.az