Bu gün ölkə ərazisində 15 minə yaxın müxtəlif cinsli ağac əkilib

15 Mart 2021 14:43 (UTC+04:00)

Yaz ağac əkini mövsümündə ölkənin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində genişmiqyaslı silsilə ağacəkmə tədbirləri keçirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bütün ölkə ərazisini əhatə edən irimiqyaslı ağacəkmə və meşəbərpa tədbirləri qurumun rəsmilərinin və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə bu gün Zərdab, Ağsu, Qobustan, Ağdaş, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Sabirabad və Masallı rayonlarının meşə fondu torpaqlarında həyata keçirilib.

Gün ərzində ölkə üzrə ümumilikdə 13 hektar ərazidə 15 minə yaxın müxtəlif cinsli ağac əkilib, 500 kq-dan çox palıd toxumu səpilib.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun rəhbərliyi ilə Ağcabədi rayonunda keçirilən ağacəkmə tədbirində yaz əkin planına uyğun olaraq meşəbərpa işləri aparılıb. Təkcə Ağcabədi rayonunun yol kənarı meşə fondu ərazisində 6000-dən çox həmişəyaşıl ağac tingi əkilib və palıd toxumları səpilib.

Növbəti ağacəkmə tədbiri Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun və Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Ağsu və Qobustan rayonlarının yol kənarı meşə torpaqlarında baş tutub. Tədbir çərçivəsində 3 000-dən çox müxtəlif cinsli həmişəyaşıl ağac tingi əkilib.