Qənirə Paşayevadan “Qəhrəman ana“ təklifi

13 İyun 2013 14:24 (UTC+04:00)
Millət vəkili Qənirə Paşayeva parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında parlamenti çoxuşaqlı analara "Qəhrəman ana" statusunun verilməsi ilə bağlı sənədi müzakirə etməyə və qəbul etməyə çağırıb.

Millət vəkilinin sözlərinə görə, bununla bağlı sənəd artıq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və çox yaxşı olardı ki, həmin sənəd qısa zamanda parlamentin müzakirəsinə çıxarılaraq qəbul edilsin.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu addım çoxuşaqlı analara dəstək istiqamətində böyük addım olmaqla bərabər, millətimizin və dövlətimizin gələcəyi üçün çox vacib və əhəmiyyətli olardı. "Çoxuşaqlı analara dövlət dəstəyini və qayğısını nəzərdə tutan "Qəhrəman ana" statusunun verilməsini nəzərdə tutan bu sənədin parlamentin növbəti iclaslarında müzakirəyə çıxarılmasını və qəbul edilməsini təklif edirəm", - deyə millət vəkili qeyd edib.

AzNews.az