"525.az": “Əsl ovçu təbiəti sevən ovçudur” - Müsahibə

27 Mart 2021 17:05 (UTC+04:00)

Amma fərq ondadır ki, qədim zamanlarda bu, tələbatla bağlı idi, indi isə bir məşğuliyyət növüdür, daha doğrusu, bir hobbiyə, adətə çevrilib. Ov sənətinin dərinlikləri çoxdur və ovla bağlı bizə məlum olmayan olduqca maraqlı nüanslar var. Təəssüf ki, bəzən ov aləmində də xoşagəlməz hadisələr baş verir. Bugünkü söhbətimizdə “Çöl adamı” kimi tanıdığımız, Dünya Üzgüçülük Konfederasiyasının üzvü, “Qızıl pəri” mükafatı laureatı, Azərbaycanın fəxri ovçusu, teleaparıcı Kamal Dənizlə elə bu məsələlər barədə danışacağıq.

- Kamal bəy, mahir ovçu olmaq üçün hansı xüsusiyyətlər vacibdir?

- Ovun tarixi çox qədim zamanlara dayanır. Qədim dövrlərdə insanlar azuqə toplamaq üçün məcbur idilər ki, ov ovlasınlar. Qədim insanlar heyvanları ovlamaq üçün cürbəcür alətlər düzəldirdillər, vaxt keçdikcə isə nizə, tor hazırlamağa başladılar. Qədim zamanlardakı ovla inidiki ov arasında fərq çox böyükdür. O vaxtkı insanlar ərzaq təminatın ödəməkçün ov edirdilər. Amma indi insanlar buna, bir növ, əyləncə kimi baxırlar. Şəxsən mənim üçün bu, əyləncə deyil. Əsl ovçu təbiəti sevən ovçudur. Əsl ovçu lap qanun icazə versə belə, heyvanların çoxalma məsələsini düşünür. Elə heyvanı öldürüm yığım bir yerə düşüncəsi ilə ov etmək yalnışdır, lazım olan qədər yemək üçün ovlamaq kifayət edir. Çox təəssüf ki, indiki zamanda hərə bir silah alıb ov üçün düşüb çöllərə. Hansı ki, heyvanları, quşları tanımadan ovlayırlar. Hansı heyvanı, quşu ovlamaq olar, hansını olmaz, hansı fəsillərdə bu düzgündür, ov üçün dəqiq nə lazımdır, baxın, bunları bilmirlər. Qaldı ki qanuna, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən düzgün formada nizamlanıb. Amma nəzərə alsaq ki, bir böyük regionda nazirliyin 4-5 əməkdaşı olur, onlar bütün insanları nəzarətdə saxlaya bilmirlər. Regiona 5-6 rayon daxil olur. Bu da bəzən xoşagəlməz hallara gətirib çıxarır. Bəzi insanlar biləndə ki, nazirliyin əməkdaşı yaxında yoxdur, bundan istifadə edərək hansısa qadağan olunmuş heyvanı ovlayırlar. Qadağan olunmuş heyvanlar bir yana, bunlar icazə olmadan ov edirlər. Hansı qurum ki insanlara icazə üçün ovçuluq bileti verir, bu, onların günahıdır. İnsanlar maarifləndirilməlidir. Bunun üçün də lazımdır ki, ovçuluq bileti verilən zaman imtahan götürülsün, heyvanları şəkillər vasitəsi ilə ovçularla tanış etsinlər. Mütləqdir ki, ovçu dişi, erkək heyvanı ayırd eləməyi bacarsın.

- Ov zamanı hansısa təhlükə ilə üzləşmisinizmi?

- Ov zamanı təhlükə həmişə olur, əsasən də, yırtıcı heyvanların ovunda, məsələn, çöl donuzu, ayı və s. Mən vaxtilə Rusiyada olanda bu heyvanların ovunda olmuşam. Təhlükə ilə üzləşdiyim anlar olub. “Ehtiyyat igidin yaraşığıdır” deyib yerli ovçuların, bələdçilərin məsləhəti ilə hərəkət eləmişəm. Bu, istənilən vaxt ola bilər. Nəinki yırtıcı heyvanların, adi su-bataqlıq quşlarının ovu zamanı da təhlükə ola bilər. Soyuq havalarda, suların buz bağladığı vaxtlarda qayıqla ova çıxanda da təhlükə qaçılmaz olur. Ov zamanı hər şey sən istəyən kimi olmaya bilər. Ona görə də diqqətli olmaqda fayda var.

-Tam təhlükəsiz ov üçün hansı addımlar atılmalıdır?

- Tam təhlükəsiz ov etmək üçün ən vacib amillərdən biri odur ki, ovçu ilk dəfə silah aldığı zaman lazımi təlimatlarla, ovun qaydaları ilə yaxından tanış olmalıdır, silahla davranış qaydaları müəyyən olunmalıdır. Bu da Azərbaycanda iki qurumun nəzarətindədir: Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyindəki Hərbi Ovçuluq İttifaqı. Oradakı mütəxəssislərin dediklərinə əməl etmək mütləqdir. Bundan əlavə, ova gəldiyiniz zaman həmin ərazidə yerli bələdçilər və ov mütəxəssislərinin təlimatlarına riyayət etmək lazımdır ki, tam təhlükəsiz ov edəsiniz. İnsanlar ov zamanı qayıq vasitəsi ilə həmin yerə gələnə kimi silahla necə davranmalı olduğunu bilməlidir. Ovçuluq düşərgəsindən ov yerinə gələnə qədər lazımdır ki, patron lülədə olmasın. Ümumiyyətlə, qanunla ovçuluq təsərrüfatının bələdçiləri ovçulardan silahı götürməli, qayıqda ovçunu müşayiət etməli, ov yerinə çatanda silahı onlara təfil verməlidirlər. Əsasən belə olmalıdır, amma çox təəssüf ki, bəzi ovçuluq təsərrüfatlarında bu haqda məlumat da, professional bələdçilər də yoxdur.

- Niyə görə müəyyən aylarda ova qadağa qoyulur?

- Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ov mövsümü sentyabrın 10-dan başlayaraq fevralın sonuncu gününə qədər davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında hər bir məlumat dəqiq qeyd olunub. Bəs niyə görə xüsusi icazə müddəti var? Heyvanların cütləşmə, çoxalma dövrü var ki, icazə verilən müddət onların cütləşməyən, çoxalmayan dövrüdür. Xarici ölkələrdən ölkəmizə köç edən quşlar bu müddətdə qışlama mərhələsində olurlar. Fevralın sonunda isə gəldiyi yerə geri dönürlər. Mütləq lazımdır ki, insanlar ovun mövsümü ilə əlaqədar tam təlimatlandırılsın.

-Nəsli kəsilən heyvanların ovlanması qanunla qadağan olunub. Amma bəziləri məhz onları ovlamağa meyillidilər. Bunun səbəbini nədə görürsünüz və bu kimi hallar niyə yolverilməzdir?

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün Azərbaycanı əhatə edən nəzarət sistemi qurmaq gücü yoxdur. Bu, mümkün olan şey deyil. Bəzi işbazlar var ki, qanundan kənar hərəkətlər edir. Əvvəlcədən nazirliyin əməkdaşının yaxında olub-olmamasını yoxlayır. Nazirliyin əməkdaşı həmin ərazidə olanda, başqa yerə qanunsuz ova gedirlər. Ərazi böyükdür, əməkdaş azdır. Bu, işbazların heç bir icazə olmadan həyata keçirdiyi tədbirlərdir. Belə hallar həmişə olub, hətta sovet dövründə də belə hallar baş verirdi. Çünki mümkün deyil ki, bütün əraziləri eyni zamanda nəzarətdə saxlayasan. Sadəcə olaraq insanlar arasında təbliğat aparmaq lazımdır. İnsanlar özləri başa düşməlidir ki, ceyran, cüyür, maral, ayı, qırqovul, turac, canavar və başqa nəsli kəsilməkdə olan heyvanlar var ki, onları ovlamaq olmaz. Bu, insanların, bir növ, beyinlərinə yeridilməlidir. Bu kimi hadisələr böyük ictimai qınağa səbəb olmalıdır. Əgər kimsə qanunsuz ovla məşğul olsa, öz ətrafı onu qınaq obyektivinə çevirsə, həmin adamda bir az məsuliyyət yaranar. Amma çox heyif ki, bizdə qanunsuz ov tez-tez baş verir. Şəxsən mən Azərbaycanın fəxri ovçusu olaraq, bunu Ekologiya və Təbii Sərvətlər Naizrliyinin günahı saymıram, bu, bizim öz günahımızdır. Mən ovçu olaraq Azərbaycanın bütün ərazilərini, çayları, dağları, meşələri gəzmişəm. Mənim də qarşıma maral, ayı çıxır. O demək deyil ki, onlar qarşıma çıxırsa, mən onların həyatına qəsd eləməliyəm. Belə şeylərə yol vermək olmaz. Sadəcə, dediyim kimi, güclü təbliğat aparmaq lazımdır ki, ov qanuna uyğun şəkildə həyata keçirilsin. Azərbaycanda hazırda 35 mindən çox ovçu, 100 minə yaxın balıqçı var. Bunların çox hissəsi qanun-qaydaya riyayət edir.

- Yaxın günlərdə sosial şəbəkələrdə ərəblərin qanunsuz ov “əməliyyatı” kütləvi narazılığa səbəb oldu. Bu məsələ ilə bağlı mövqeyiniz bizim üçün maraqlıdır…

- Mən sosial şəbəkələrin aktiv izləyicisiyəm. Bir azərbaycanlı kimi ərəblərin qanunsuz ov əməli mənim də narazılığıma səbəb oldu. Söhbət ondan gedir ki, ərəblərin etdiyi ov qanunlarımıza əsasən qadağan olunmuş ov növüdür. Bir-iki işbazın, öz mənafeyini güdən insanın üzündən Azərbaycanda Qırmızı kitaba düşmüş bu quşların ovu hələ də davam edir. Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nə mütəxəssisiyəm, nə də işçisiyəm, amma bilirəm ki, son zamanlar nazirin əmri ilə ova qadağa möhkəmlənib. Yüz faiz əminəm ki, Azərbaycanda fəaliyyət göstərən bir neçə ovçuluq təsərrüfatının günahı üzündən belə hadisələr baş verir. Hətta, mən deyərdim ki, onlar bilməməzlik, səriştəsizlik üzündən deyil, sırf maddiyyatı düşünərək özləri üçün bu cür ovları təşkil edirlər. Yəqin bu məsələlər tam araşdırılar, günahkar şəxslər cəzalandırılar. Durna elə bir quşdur ki, hər bir insan arzulayır ki, onu təbiətdə görsün. Durnanı ovlamaq, hansısa quşu kəndirə bağlayıb başqa quşlara yem eləmək qanunsuz ov növüdür. Bunu təşkil edən insanlar dərindən düşünməlidir və onlar mütləq qanun qarşısında cavab verməlidir. Ola bilər ki, kimsə mənim fikrimlə razılaşmasın. Amma Azərbaycan təbiətinə bələd olan peşəkar ovçu kimi mənim fikrim budur. Aidiyyatı qurumlar bu özbaşınalığı araşdırmalıdır.