Prezident İlham Əliyev cəmiyyəti necə “refresh” edir? - ANALİZ

2 Aprel 2021 11:22 (UTC+04:00)

Heç bir cəmiyyət problemlərdən və neqativ olaylardan xali ola bilməz.

Nə qədər ki, insan var, toplumlar var, o toplumda problemlər və neqativ olaylar da mövcud olacaq. O problemlər və neqativ olaylardan xoşhal olmayan, sorunların çözülməsi üçün iqtidarların atdığı addımları yetərli saymayan, bəzən də hakimiyyətlərin ləngliyindən, hərəkətsizliyindən şikayətlənən narazı insanlar az olmayacaq.

Siyasi iqtidarların bir işi də cəmiyyətdə narazı kütlənin həcmini maksimum azaltmaqdır. Siyasi müxalifət isə o kütləni öz seçicilərinə, dəstəkçilərinə çevirməyə can atır.

Hələlik çağdaş dünyadakı bütün siyasi sistemlər bu prinsiplə işləyir.

Bununla belə, sosial şəbəkələrə diqqət etsək, 44 günlük Vətən savaşında Azərbaycanın bir dövlət və xalq olaraq qazandığı tarixi zəfərdən sonra heç də ara-sıra səslənməyən bir suala rast gələrik.

Ən müxtəlif mövzularla bağlı çeşidli formalarda ifadə olunan bu sualın ümümi məğzi belədi: Qalib dövlətə, xalqa, cəmiyyətə bu hal yaraşarmı?

Bu, Azərbaycan ictimai rəyi üçün yeni yanaşma, yeni paradiqmadır və heç bir halda göz ardı edilə bilməyəcək yeni ictimai-siyasi münasibətlərə keçid üçün çox əlverişli bazadır.

Bu bazadan istər hakimiyyət, istərsə müxalifət partiyaları yararlana, hətta ona istinadən yeni siyasi təşkilatlar meydana çıxa bilər- nəzəri cəhətdən məsələ belədir.

Lakin fakt budur ki, cəmiyyət artıq nə müstəqillik dövründə əldə olunan nailiyyətləri müdafiə etməyi və onunla kifayətlənməyi təklif edən ənənəvi iqtidar propaqandasını, nə də neqativ olaylardan narazı kütlə formalaşdırmağı və o kütləni öz dəstəkçilərinə çevirməyi planlayan klassik müxalifət fəndlərini qəbul edir. Bəli, Vətən savaşının qələbə ilə sonuclanmasında müstəsna rol oynamış “Z” nəslinin aktiv vədəndaşları mahiyyət etibari ilə daha yenilikçi, daha kreativ, daha rasional düşünür.

Bu düşüncə Azərbaycanda YENİ SİYASƏT inşa edir və istər hakimiyyət, istərsə də müxalifət düşərgəsinin ÇAĞIN NƏ İÇİNDƏ, NƏ DƏ ÇÖLÜNDƏ olan düşüncə emalatxanasına “refresh” düyməsinin basılmasını zərurətə çevririr.

Bu zərurəti Azərbaycanda hiss edən, sadəcə hiss etməklə kifayətlənməyən, onu MÜSBƏT SSENARİyə çevirən, bu ssenarinin tərkib hissəsi kimi çoxşaxəli islahatlar ideyası ətrafında cəmiyyətin bir çox narazı kəsimlərinin rəylərini də “Dəmir yumruq” əməliyyatına uğurla cəlb edən, əməliyyatın qalibiyyətlə başa çatmasından sonra isə qələbə psixologiyasını inam, güvən, uzlaşma mühitinə çevirmək üçün siyasi iradə nümayiş etdirən prezident İlham Əliyevdir.

Başqa sözlə, hər hansı bir problemə nəzərən səslənən “qalib dövlətə, xalqa, cəmiyyətə bu hal yaraşarmı” sualı, hər nə qədər qəribə görünsə də, Azərbaycanda elə iqtidar sahibinin- Prezident İlham Əliyevin özünün verdiyi sualdır.

Bəzən dövlət başçısı öz hakimiyyətini, öz komandasının üzvlərini bütün rəqiblərindən daha kəskin tənqid edir. Bu tənqidlərə, sadəcə, İlham Əliyevin hakim komandanı “metal yorğunluğu”ndan çıxartmaq cəhdi, yaxud bəzi ictimai fəallar tərəfindən sosial şəbəkələrdə yazılan “prezident özünə qarşı müxalifətçilik edir” kimi statusların zahiri ritorikasından baxmaq yanlış olardı.

Əlbəttə, İlham Əliyev ilk növbədə bir siyasətçidir, bir siyasi düşərgənin əsas təmsilçisidir, onun öz hakimiyyətinin, öz partiyasının, öz tərəfdarlarının seçicilərlə kommunikasiyasını yenidən şəkilləndirməsi, müxtəlif sosioloji araşdırmalar, konfranslar, informasiya texnologiyalarının yaratdığı imkanlardan da faydalanaraq cəmiyyətin ən müxtəlif kəsimləri ilə əlaqələri tarazlamaq üçün yeni kanallar açması olduqca təbiidir.

Lakin bu da danılmaz faktdır: İlham Əliyev prezident olduğundan bir siyasi hərəkatın lideri məqamından daha geniş çapda mövqe, səlahiyyət sahibidir, işin ən diqqət çəkən özəlliyi isə budur ki, o, Azərbaycana tarixi xidmətləri, böyük gələcək missiyası və əlahiddə potensialı ilə hökumətdən, hakimiyyətdən daha çox, dövlətlə eyniləşmiş personadır. Bu eyniyyət heç də metafizik bir işarə, yaxud siyasi qutsallaşdırma əlaməti olmayıb, bilavasitə elmi əsaslara malikdir, yəni Azərbaycanda toplumlaşma, müstəqilləşmə və dövlətləşmə prosesinin nəticəsi olaraq üzə çıxmış gerçəklikdir.

Bu gerçəklik hərdən bəsit bilik sahiblərinin İlham Əliyevi bir adamın hakimiyyətini və dövlətini qurmaqda ittiham etmələrinə rəvac versə də, təkrar edirəm, məhz toplumlaşma, müstəqilləşmə və dövlətləşmə kimi tarixi prosesin nəticəsi olaraq üzə çıxdığı üçün Azərbaycan üçün iki istiqamətdə olduqca böyük şans yaradıb.

Birincisi, modernləşmə prosesində xalq və coğrafiyanın vəhdəti olan ULUSla DÖVLƏTin münasibətlərinin, milli dövlətin və rifah cəmiyyətinin inkişafı üçün bəzən qanunlardan belə daha vacib olan ƏNƏNƏLəri əvəz edib.

Dərhal vurğulayım, ənənələrin bəzən qanunlardan daha önəmli olmasını söyləyərkən hüququ inkar etmək, yaxud onun pozulması hallarına haqq qazandırmaq məqsədi güdmürəm. Sadəcə, Böyük Britaniyanın timsalında ənənələrin hətta konstitusiya və bir çox qanunlar olmadan da cəmiyyətin nizamı və dövlətin idarəçiliyi üçün nə qədər əhəmiyyətli olmasına diqqət çəkirəm.

Gəlin, etiraf edək: Azərbaycanda belə ənənələr olmayıb. Bu gün biz bir dövlət olaraq özümüzü Xalq Cümhuriyyətinin varisi sayırıq. Rifah cəmiyyəti quruculuğu baxımından qarşımızdakı ən böyük əngəllər sovetlər dövrünün streotipləri və vərdişləridir. Fəxr etdiyimiz və öydüyümüz Xalq Cümhuriyyətinin nə Ana Yasası, nə də müstəqiliyini elan etmiş xalq tərəfindən seçilmiş parlamenti olub. Üstəlik, sırf xarici faktorların yaratdığı konyuktura şəraitində ADR ilk bayrağından da imtina edib, son nəticədə isə dövlət olaraq özünü qoruya bilməyib. Sovetlər dövründə qeyri-müstəqil Azərbaycanın təhsil və sənayesi xeyli inkişaf etsə də, toplumun yaşamı, təşkilatlanması, süni və totalitar ideoloji hədəfləri gerçək bir modernləşmə prosesinə mane olub. Müstəqil dövlət və modernləşmə prosesini adlamış xalq yox idisə, siyasi ənənələr də mövcud ola bilməzdi və siyasi ənənələrin mövcud olmadığı, yaxud yenicə formalaşmağa başladığı bir ölkədə qoruyucu, qurucu və daşıyıcı missiyaya sahib bir liderin dövlətlə eyniləşməsi pozitiv səciyyə daşıyır.

İkincisi, dünya sürətlə dəyişir və çağdaş sivilizasiyanın önəmli bir parçası olmaq üçün mücadilə aparan Azərbaycan təcrid vəziyyətində yaşayan bir ölkə deyil ki, dünyanı dəyişən amillərdən təsirlənməsin. Bu təsir vasitələri və dəyişmə sürəti konkret bir məkanda deyil, bütün planet üçün keçərli olduğundan Azərbaycanın tarixi proses kimi yaşamaqda olduğu modernləşmənin bir çox anlayışları dərhal “meta”laşır. Məşhur alman sosioloqu Ulrix Bekin nəzəriyyələrinə istinad etsək, biz eyni zamanda həm rifah cəmiyyəti qurmalı, həm də risk toplumuna keçid etməliyik. Burada toplumun sifətinə çevrilən“risk” kəliməsi artıq elmi termindir, məzmunca heç də gündəlik danışıq dilində səsləndirdiyimiz qədər sadə deyil, MODERNİZMİN ÖZÜNÜ YENİLƏMƏSİNDƏN DOĞAN sosial sturukturun adıdır, ətalətdən və cəhalətdən yox, dinamikadan və bilgidən doğan, gələcəkdə ortaya çıxa biləcək problemlərin maksimum proqnozlaşdırılmasını və ona çözüm tapılmasını şərtləndirən bir kontentdir.

Bu kontentə təsir edən üç başlıca amil qloballaşma, geniş mənada mental krizis və yeni cəmiyyət sisteminə qaçılmaz keçid, düşüncəyə söykənən davranış modelidir. Sosioloqlar bu davranış modelini ingilis dilindəki “reflexivity” kəliməsi ilə tanıdır. İlham Əliyevin bir lider olaraq dövlətlə, xalqın və coğrafiyanın- ulusun ali maraqları ilə eyniləşməsi ənənələrlə yanaşı, xüsusən də ənənələrin yetərli olmadığı şəraitdə yuxarıda söz açdığımız modelə uyğun refleksləri də əhatə edir. Bu isə ona görə vacibdir ki, universal tərəqqi toplumlara onunla ayaqlaşmağı, böhrana yuvarlanan adət və sosial vərdişləri ancaq xüsusi seçim əsasında və haqlılaşdıraraq yaşatmağı və necə deyərlər, bütün olub-bitənləri süzgəcdən keçirməyi diqtə edir.

Prezident Əliyevin çıxışlarını, müsahibələrini, açıqlamalarını ümumiləşdirəndə onun Azərbaycanın istər lokal, istər coğrafi, istərsə də qloballaşma qarşısındakı problemlərinə konseptual bir yanaşma sərgilədiyi dərhal sezilir. Bu konsepsiyanı şüarvari bir cümlə ilə belə ifadə edə bilərik ki, Azərbaycan lideri təhlükəsiz şəraitdə, rasional şəkildə, milli birlik və davamiyyət içində vətəndaşın və ölkənin qədərini dəyişir. Bu dəyişikliklər Azərbaycan siyasətinə yeni aktiv seqmentlər qazandırdıqca- ki, başqa cür də ola bilməz- siyasi mədəniyyət, siyasi üslub və siyasi mübarizə metodları da təzələnməyə, keyfiyyətcə yüksəlməyə məhkumdur. Bunun ilk yaxşı göstəricisi hakim komandanın qaldırılan problemlərə “təhlükə” kimi deyil, “müzakirə və həll olunası məsələ” kimi yanaşmasıdır.

Qalib dövlətə, xalqa, cəmiyyətə də məhz yaraşır, deyilmi?

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının baş redaktoru