Parlamentdə 5 manata görə səslər ucaldı

2 Aprel 2021 11:41 (UTC+04:00)

Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com xəbər verir ki, cari məsələlərin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı bu günlərdə dövriyyəyə buraxılmış pul əskinaslarından bəhs edib.

Deputat bildirib ki, yenicə dövriyyəyə buraxılan 5 manatlıqlar əvvəlkilərdən fərqlənir. Belə ki, yeni əskinaslar üzərində bizim milli rəmzlərin hamısı çıxarılıb.

Daha sonra deputat qeyd edib ki, bu yaxınlarda Azərbaycan Prezidenti Azıx mağarasına baş çəkib və xalqımızın min illiklərlə tarixi keçmişə malik olduğunu bəyanlayıb: “Ermənistan saxtakarlıq edib başqa dövlətlərin tarixini götürüb öz əskinaslarında verib. Düzdü, əskinasda Azərbaycan dövlət himni yazılıb. Ancaq bəzi sözlər əskinasdan çıxarılıb. Müvafiq qurumlardan bunun səbəbini öyrənmək istəyirəm. Ən azından Azıx mağarası orada əks olunmalı idi”.

Ardınca Məlahət İbrahimqızı köhnə əskinaslarda olan Orxan-Yenisey abidələrilə, Dədə Qorqud dastanı ilə bağlı simvolların çıxarılmasını anlaşılmaz adlandırıb. Bildirib ki, bu, ictimaiyyətdə də xeyli suallar doğurub. Deputat müvafiq qurumlara bunun səbəbilə bağlı sorğu ünvanladı. M.İbrahimqızı bildirib ki, ən azı Azıx mağazasının əksinin pul əskinasları üzərində olması yaxşı olardı.