Kremlin əlaltısından təhlükəli mesaj: Ciddiyə alaqmı? - RƏYLƏR

4 Aprel 2021 13:42 (UTC+04:00)

İqbal Ağazadə: “Azərbaycan Rusiya, Türkiyə və Ermənistanın oturduğu masaya tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması sənədini qoymalıdır”

Elxan Şahinoğlu: “Rusiyalı siyasətçilərin Dağlıq Qarabağ haqqındakı açıqlamalarını qulaqardına vurmaq olmaz”

Rusiya Dövlət Dumasının üzvü Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” Partiyasının payızda keçiriləcək parlament seçkiləri ilə bağlı şüarı müəyyənləşib - “Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq”. Mironov bir neçə dəfə də bu barədə yerli mediada açıqlamalar verib.

Duma üzvü, əsasən keçmiş SSRİ ərazisində münaqişəli bölgələrin Rusiya tərkibinə qatılması haqqında mütəmadi olaraq çağırışlar edir. Söhbət Gürcüstanın Rusiya işğalında olan ərazilərindən – Abxaziyadan, Osetiyadan, Ukraynanın işğaldakı ərazilərindən – Donetsk, Luqansk bölgələrindən (Krım zatən Rusiyaya birləşdirilib – A.B.) Moldovanın Dnestryanı bölgəsindən və Azərbaycanın işğaldan azad edilsə də, Rusiya sülhməramlılarının nəzarətində olan Qarabağ bölgəsindən gedir.

Ümumiyyətlə, Rusiyanın ictimai-siyasi dairələrində, partiya sədrləri, media nümayəndələri səviyyəsində bu cür işğalçılığa təhrik edən çağırışlar həmişə səslənib. Məsələn, Dövlət Dumasının başqa bir üzvü, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski də Rusiya ərazilərinin genişləndirilməsi, MDB məkanındakı münaqişəli ərazilərin mənimsənilməsi barədə fikirlər səsləndirib. Son vaxtlar isə belə zərərli çağırışlar daha tez-tez gündəmə gətirilir.

Analitiklər bildirirlər ki, Rusiya siyasilərinin bu çağırışları təsadüfi deyil və Kremlin işarəsi ilə edilir. Məlumdur ki, Gürcüstan, Ukrayna və Moldovanın separatçı bölgələri ilə bağlı Moskvanın mövqeyi aydındır – işğal etmək. Bu işğalçılıq niyyəti Qarabağla bağlı da özünü göstərməkdədir - xüsusən də, İkinci Qarabağ müharibəsi bitdikdən və bölgəyə Rusiya sülhməramlı qüvvələri yerləşdirildikdən sonra.

Qarabağda erməni separatçılarının rus dilini “ikinci rəsmi dil” elan etməsi, Xankəndidə “Rus icmasının” təsis olunması və s. bu kimi addımlar təsadüf sayıla bilməz. Hələlik sadaladığımız faktlarla bağlı rəsmi Bakı hansısa bəyanat verməyib. Amma ekspertlər düşünürlər ki, Rusiya siyasilərinin belə açıqlamaları, Rusiyanın Qarabağdakı oyunları Azərbaycan üçün təhlükəli tendensiyanın baş almasına səbəb ola bilər.

Milli Məclisin keçmiş üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadənin dediyinə görə, Rusiyanın niyyəti bəllidir – keçmiş SSRİ regionundan, xüsusən də, Qafqazdan çıxmamaq: “Regiondan çıxmamaq imkanlarını saxlamaq üçün Kreml aqressiv siyasət yeridir. Rusiyanın Qafqazdan çıxmamaq şanslarından biri də Dağlıq Qarabağdır. Rusiya Gürcüstanın Abxaziya və Osetiya bölgələrini işğal etsə də, Qafqazda möhkəmlənə bilmir. Çünki Gürcüstanı bütövlükdə özünə tabe etdirə bilmir. Qarabağ belədir ki, həm Ermənistan, həm də Azərbaycan bu məsələdə Rusiyadan bilavasitə asılı duruma düşür. Ona görə də Qafqazda möhkəmlənmək baxımından Qarabağ Kreml üçün ən optimal yerlərdən biridir”.

O, Azərbaycan türkləri ilə talışları düşmən etməyə çalışır

“Ermənistanda iyunun 20-ə təyin edilən növbədənkənar seçkilərdə Rusiyanın özünün namizədi olduğu və o namizədi Nikol Paşinyanın əvəzləyicisi kimi gördükləri üçün istəyirlər ki, Rusiya ictimai və siyasi dairələrində daha çox Ermənistana yönəlik mesajlar versinlər. Problemin Paşinyanla bağlı olduğu qənaətini yaratmaq niyyətindədirlər. Erməni cəmiyyətinə belə mesaj verirlər ki, Paşinyan hakimiyyətdən gedərsə, onun yerinə Rusiyanın adamı gələrsə, Moskva Ermənistanla bağlı siyasətini dəyişəcək. Bununla da Rusiya istədiyi adamı daha rahat hakimiyyətə gətirə bilsin. Hesab edirəm ki, Rusiya siyasilərindən iyunun 20-dək Azərbaycan əleyhinə, Ermənistan lehinə açıqlamalar olacaq. Bundan daha sərt açıqlamaların veriləcəyi də gözləniləndir. Belə açıqlamalar, əslində Azərbaycan əleyhinədir. İndi bu ərazilərin Rusiyaya birləşdirilməli olduğu fikrini deyirlər və bu, Azərbaycanın əleyhinədir. Ermənilər üçün nə lazımdır? Əlbəttə, Azərbaycanın əleyhinə addımlar üçün”, - deyə həmsöhbətimiz bildirib.

Ağazadə hesab edir ki, Azərbaycan Rusiyanın, Türkiyənin və Ermənistanın – bu dördlüyün oturduğu masaya tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması sənədini qoymalıdır: “Rəsmi Bakı tərəflərdən, ilk növbədə də İrəvandan ərazi bütövlüyünün tanınmasını tələb etməlidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra Qarabağla bağlı məsələlər fərqli istiqamət alacaq. Bu istiqamətin bizim xeyirimizə olacağına əmin ola bilərik”.

Partiya sədri o qənaətdədir ki, Ermənistan yaxın müddətdə ərazi bütövlüyümüzü tanımayacaq: “Xüsusilə də parlament seçkiləri səbəbindən İrəvan bunu qəbul etməyəcək. Bu zaman Azərbaycanın diplomatiya sahəsində qarşısında fərqli mövqelər açılır. Həm Minsk Qrupunun həmsədr dövlətlərinə, həm də beynəlxalq təşkilatlara deyə biləcəyik ki, ərazi bütövlüyümüzü tanımayan Ermənistan gələcək qisasçılığa hazırlaşır, işğalçılıq siyasətini davam etdirir. Diplomatik yollarla Ermənistanın yenidən təcavüzə hazırlaşdığını, Qafqazda sülh üçün maraqlı olmadığını sübut edə bilərik. Konfliktin həllini üzərinə götürən Rusiya da fakt qarşısında qalar. Ermənistanın addımlarının yeni müharibə üçün şərait yaratdığını ortaya qoyarıq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Rusiya siyasətçilərinin açıqlamasına fərqli yanaşır. O, AYNA-ya şərhində deyib ki, Mironov SSRİ məkanına daxil olan münaqişə bölgələrini nəzərdə tutur: “Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Donbass və Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsini xəyal edirlər. Yəni, SSRİ məkanında harada separatçı bölgə varsa, oranı Rusiyaya birləşdirməyi hədəf seçiblər. Yaxşı, Abxaziyanın, Cənubi Osetiyanın və Donbassın Rusiya ilə birbaşa sərhədi var. Bəs, Dağlıq Qarabağı Rusiyaya necə birləşdirməyi planlaşdırırlar? Azərbaycanın bir parçası olan Qarabağın ki, Rusiya ilə sərhəddi yoxdur. Tutaq ki, Moskvadakı qüvvələr Dağlıq Qarabağdakı erməniləri birləşdirməyə həvəsləndirdilər və ermənilər yeni şüar ortaya atdılar. Bəs, azad etdiyimiz ərazilər necə olacaq? Mironov və onun havadarları Şuşasız və Laçınsız Qarabağın dağlıq hissəsini Rusiyaya necə birləşdirməyi təsəvvür edirlər?”.

Elxan Şahinoğlu:

Analitik qeyd edib ki, Mironov tez-tez fikir dəyişdirən siyasətçidir: “Onun 2010-cu ildə Dağlıq Qarabağla bağlı verdiyi açıqlama var. Deyir ki, “Dağlıq Qarabağ problemini yalnız münaqişə tərəfləri həll edə bilər və onlar da qarşılıqlı maraqların təmin olunması şərti ilə bunu etməlidir. Onlar razılaşmaya gəldikdən sonra Rusiya bu razılaşmaların qarantı rolunda çıxış etməyə hazırdır. Lakin əraziyə qoşun yeritmək yolverilməzdir, bu, düzgün olmazdı”. Üstündən 10 il keçdikdən sonra, müharibə 2 gün idi başlamışdı, Mironov artıq fərqli açıqlama verirdi. Deyirdi ki, ölkələr arasında atəşkəs və əsgərlərin çıxarılması barəsində razılığın əldə olunmasından sonra, Rusiya tərəfindən sülhməramlı qüvvələrin daxil edilməsinin lazım gəlməsi mümkündür. Yəni, zidiyyətli siyasətçi olduğu bəllidir”.

“Əslində, Mironovun dediyini daha əvvəl Vladimir Jirinovski səsləndirmişdi. Jirinovski həm Dağlıq Qarabağı Rusiyaya birləşdirməyi, həm də Türkiyəni uzaq tutmağı təklif etmişdi. Məsələ burasındadır ki, əraziləri ilhaq etmək Rusiyanın köhnə siyasətidir. Kreml Krımdan sonra Donbassı da ilhaq etməyə çalışır, artıq Ukraynanın şərqində vəziyyət gərginləşib, separatçıların təxribatları nəticəsində atəşkəs intensiv pozulur, ölənlərin sayı artır. Ona görə rusiyalı rəsmilərin Dağlıq Qarabağ haqqındakı açıqlamalarını qulaqardına vurmaq olmaz. Unutmayaq ki, Kreml məhz Jirinovski və Mironov kimilərin vasitəsilə mesajlarını yollayır. Rusiyanın təsir imkanlarının azaldılmasına və Türkiyə ilə ittifaqın gücləndirilməsinə var gücümüzlə çalışmalıyıq!”, - deyə Şahinoğlu fikrini tamamlayıb./Ayna.az