Ötən il Yəməndə minalanmış ərazilərdə 348 mülki şəxs həlak olub

5 Aprel 2021 20:03 (UTC+04:00)

BMT-nin İnkişaf Proqramı Yəməndə minalanmış ərazilərdə insan tələfatı ilə bağlı statistikanı açıqlayıb.

Aznews.az xəbər verir ki, 2020-ci ildə husi qiyamçıları tərəfindən paytaxt Səna ətrafında və digər bölgələrdə basdırılan minaların partlaması nəticəsində 348 mülki şəxs həlak olub, minlərlə insan yaralanıb.

Aprelin 5-də Səudiyyə Ərəbistanında bu mövzuya dair seminar təşkil olunub. Krallığın himayəsi ilə həyata keçirilən Yəməndə Minaların Təmizlənməsi Proqramı (MASAM) çərçivəsində təşkil edilən tədbirdə məlumat verilib ki, təkcə mart ayında Yəmən ərazisində 2 mindən çox mina zərərsizləşdirilib.

MASAM-ın xüsusi əməliyyatlar üzrə direktoru Kristofer Klark deyib ki, hazırda bu ölkənin ərazisində 32 minatəmizləyən briqada fəaliyyət göstərir. O əlavə edib ki, əldə edilən məlumatlara görə, husi qiyamçıları Yəmənin müxtəlif bölgələrində 4 milyona yaxın mina basdırmağı planlaşdırır.

Səudiyyə Ərəbistanı minalanmış ərazilərdə əlil olmuş insanların protezlərlə təmin edilməsi üçün Ədən, Tayyus, Seyrun və Məribdə reabilitasiya mərkəzləri açıb. Bundan başqa, MASAM proqramına daha 100 milyon dollar vəsait ayrılması nəzərdə tutulur.