Həyata sudan gələn adam

6 Aprel 2021 12:33 (UTC+04:00)

Gənc yaşda oğul itərən adamdı...

Birinci Qarabağ savaşında qardaş itirən adamdı...

Ömrünün neçə ilini haqsız yerə həbsxanalarda itirən adamdı...

Amma özünü itirməyən, həyatın ağır sınaqları qarşısında mərdliklə duruş gətirən, ömrünü sudan çıxaran adamdır...

Su aydınlıqdır!

Aydınlıqdan yenidən doğulub Zakir Fəxri!

Özü danışır:

“İki yaşımda hovuzda boğulurdum. İndi hərdən elə fikirləşirəm ki, bu dəqiqə gedib özüm-özümü sudan çıxardacam. Mən sudan çıxmışam. Anam söhbət edirdi ki, o vaxt suda çox qalmışam. Hovuzun içində gəzməyim yadımdadı, məni bir əl dartıb çıxartdı ordan. Amma o anam deyildi. Mən hovuzdan çıxdım və həyata ordan gəldim...”

Həyata boğula-boğula, hovuzda yenidən doğula-doğula gələn bir insan düşünün...

Ki, bu dünyanın havasını açsın, nəfəsini genişlətsin, pəncərəsini böyütsün...

Ədəbiyyat nədir? – bu dünyanın ən mürəkkəb sualıdır.

Çünki din deyil, elm deyil, fəlsəfə deyil...

Din olmasa da kitabı, elm olmasa da mövzusu, fəlsəfə olmasa da ideyası var...

Kitabı, mövzusu, ideyası ilə mənim qəbul etdiyim baxışa görə, insanlığın təsəvvürünü genişlətməkdir ədəbiyyat.

Kainat genişlənir.

Genişlənən kainatdakı neçə milyardlarla qalaktika, trilyonlarca günəş sistemi var. Bir ənrəbadi yerdədir bizim Yerimiz.

Bu əndrabadi yerdəki Yerdə yaşayan insanların mövcudluq aləmində heç nəyi böyütməyə, genişlətəməyə gücü yoxdur.

Güc Tanrıya məxsusdur.

İnsanın gücü bircə özünə, öz təsəvvürlərinə çatır.

Odur ki, əsl şairlər göy adamları olurlar, Tanrıya bağlı olurlar, küfrə düşməyim, hərdən mənə elə gəlir ki, Tanrının gücünə güc qatan adamlar olurlar.

Tanrının işi “Ol” əmrinin eşidilmədiyi yoxluğa işıq yaymaqdı;

Şairin işi SÖZün eşidildiyi kainatdakı qaranlığı yarmaqdı.

Odur ki, Tanrıda şairlərin, şairlərdə Tanrının işığı var.

Elə Zakir Fəxrini əziz edən, doğma edən də o işıqdır.

O gün Ustadın doğum günündə qələmimizi əlimizdən alan Facebook-da yazmışdım qısaca, məqam düşüb, təzədən deyim:

İşıqlı adamdır, yerli-yataqlı kişidir, uzaqdan görəndə üz çevirmək istəmədiyin, qarşısına yürüyüb hal-xatir soruşmaq istədiyin bir vicdan əhlidir Zakir Fəxri.

Dövranın ömür biçən bir kərənti olduğu dünyada “min şükür” dediyin bir ocaqdır.

Çox qəribə məmləkətdir Azərbaycan, çox qəribə.

Məscid olsun, kilsə olsun, sineqoq olsun, özü də lap təmtəraqlı, dəbdəbəli olsun, xeyri yoxdur, ocaq sayılmasa, məbədə çevrilməz bu torpaqda.

Kişilər, qadınlar, ailələr, nəsillər, sülalələr ocağı ilə tanınar bu diyarda.

Ocaq, sadəcə, ev isidən sobada, üstündə yemək bişirilən sacayaqda qalanan atəş deyil, ürək qızdırlan yerdir.

Covid-19-u bir az da bəhanə edib deyirəm, qabaqlar “525”-in dirəklərindən Yusif Rzayevlə tez-tez görüşər, dərdləşərdik, demək olar ki, hər mövzudan, hər adamdan danışardıq, Zakir Fəxridən söz düşəndə deyərdik ki, ürək qızdırılası kişidir.

Ehh, bu dünyada nə qədər ürək qızdırılacaq adam var ki indi?

İndimi?

Bu dünyada keçmişin adamları var, indinin adamları var, gələcəyin adamları var...

Hansı zamandandır Zakir Fəxri?

Bir az indidən keçmişdə, bir az indidən gələcəkdə, bir az keçmişin, bir az gələcəyin indisində...

Hə, zaman beləcə nisbidir, beləcə nisbi olan zamanda keçmişə, indiyə, gələcəyə bir şaquli baxış da var, o baxışa sahib olmaq üçün mütləq gərək bu dünyanın torpağını iynə bilib üstündə ayaqyalın gəzəsən.

Keçmişə, indiyə, gələcəyə şaquli baxmasan, səni bir il, iki il, uzaqbaşı üç il beşikdə yırğalamış ananı sözün nənnisinə qoyub bir ömür boyu yırğalaya bilməzsən...

Keçmişə, indiyə, gələcəyə şaquli baxmasan, işğal altındakı vətən torpağını dünyadan erkən köçən ananın döşündə qalan südlə yoğura bilməzsən.

Keçmişə, indiyə, gələcəyə şaquli baxmasan, yaza bilməzsən:

Çəkilmişəm özümə,

yığılmışam içimə.

Kədər məni səsləmir

səsləmir sevinc məni,

kimsə səsləməz məni

bu darısqallıqdan

bir hovur çıxam eşiyə,

Qaytar, ana, qaytar məni beşiyə.

Beşiyi Ağdamdır Zakir Fəxrinin, sonradan Yevlaxa köçsələr də, Ağdamda anadan olub 3 aprel 1948-ci ildə.

Beşiyi qayıtdı ötən il!

Məncə, Şairimizə ən böyük töhfə, hədiyyə elə budur!

Gün o gün olsun, başına Ağdamda yığışaq, Zakir müəllim!

Taleh ŞAHSUVARLI