“Ruslar Donbasda geri addım atsa, bu, domino effekti verəcək”

6 Aprel 2021 14:26 (UTC+04:00)

- Elçin müəllim, Ukrayna-Rusiya münasibətlərində gərgin hərbi-siyasi mərhələ yaşanır. Faktiki olaraq tərəflər müharibə ərəfəsindədir. Hazırda münaqişə bölgəsində real vəziyyəti necə qiymətləndirirsiniz?

- Vəziyyət, doğurdan da, gərgindir. Rusiya Ukrayna sərhədləri yaxınlığına qoşun toplayıb, təlimlər keçir. Donbasa hansısa formada dəstəyini davam etdirir. Əlbəttə, Ukrayna ordusu da sərhədə cəmləşib, hazır mövqedə dayanıb. Tərəflər hələlik bir-birinə hədə-qorxu gəlirlər. Amma Rusiyanın narahat olmasının bir neçə səbəbi var. Bu sıraya Ukraynanın Azərbaycanın Qarabağ müharibəsindən ruhlanması, Türkiyə ilə Ukrayna hərbi sənaye kompleksi arasında əməkdaşlıq sazişlərinin bağlanması, türk istehsalı olan dronların əldə edilməsi daxildir. Əlbəttə, Zelenski-Bayden arasında telefon danışığı, Prezident Baydenin Ukraynaya gəlmək istəyi, Ukraynanın NATO-ya daha sıx inteqrasiya olunması, yaxın gələcəkdə tarixi məqam baxımından hərbi alyansa üzv olma imkanlarının reallığa yaxın olması - bütün bunlar Rusiyaya sərf etmir və onu qıcıqlandırır. Bu səbəbdən də Rusiya da həmişəki kimi təhdid edir. Bu zaman haqsız rolda olduğunu da bütövlükdə dünya görür.

Digər tərəfdən, Rusiyaya ABŞ başda olmaqla, Qərb dünyası sanksiyalar tətbiq edir. Bu da Rusiyanı zəiflədir. COVID-19 konteksində bu sanksiyalar daha pis nəticələr yaradır. Bir sözlə, regionda vəziyyət gərgin olaraq qalır.

- Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Ruslan Homçak Donets və Luqanskidən separatçıları qovmaq niyyətlərini də gizlətmir...

- Ukraynanın belə bir niyyət və istəkdə olması təbiidir. Onlar da anladılar ki, silahla alınan ərazilər ancaq silahla və qanla qaytarılır. Ola bilsin ki, Ukraynada da bu məsələlər götür-qoy edilir.

- İndiki halda Rusiya və Ukrayna arasında müharibə imkanları nə dərəcədə mümkün və real görünür?

- Ukraynada (Bu, eyni zamanda Avropada müharibənin başlaması deməkdir) müharibənin başlaması dünya üçün olduqca təhlükəli haldır. Amma müəyyən məqamda ruslar birbaşa müharibəyə girmək istəməsə, Ukrayna elan edəcək ki, yalnız separatçılara qarşı əməliyyat keçirir, bu, onun beynəlxalq haqqıdır. Yalnız bu şəkildə və qısa müddət ərzində toqquşmalar ola bilər. Yox, əgər Rusiya açıq şəkildə müharibəyə girsə, həm də başa düşməlidir ki, qapısında NATO-nu görəcək. NATO Ukraynanı sevdiyi üçün deyil, özünün mənafelərini qoruduğu üçün orada ola bilər.

- Ruslar Donbası Ukrayna ordusundan qorumaq, mümkün hücumun qarşısını almaqda nə dərəcədə qərarlıdır?

- Mənim fikrimcə, ruslar birmənalı şəkildə Donbası qorumaq haqqında düşünür və güzəştə gedəcəyini təsəvvürünə gətirmir. Çünki ruslar orada geri addım atsa, bu, domino effekti verə bilər. Başqa sözlə, Rusiyanın münaqişə yaratdığı post-sovet ölkələrindəki münaqişələrdə domino effekti baş verə və onun mənafeləri də domino effektinə uyğun şəkildə darmadağın ola bilər. Odur ki, Rusiya Donbas məsələsində dirənəcək.

- Ruslar Donbası güzəştə getmir, sərhədə 50-70 minlik hərbi kontingent cəmləşdirib. Ukrayna isə nəyin bahasına olursa-olsun bu ərazilərə nəzarəti bərpa etmək niyyətindədir və 100 minlik hazır ordusu hücum əmrini gözləyir. Tərəflərin mövqeyi qətidirsə, bu halda hansı mümkün ssenarilər ortaya çıxa bilər?

- Ukrayna ordusu artıq normal orduya çevrilib. Biz SSRİ zamanı orduda xidmət etmişik. O zaman sovet ordusunun kontingentinin az qala 40-50 faizi ukraynalılar idi. Yəni onlar ruslar qədər döyüşkəndir. Bu baxımdan Ukrayna ordusu dayanmaya bilər. Digər tərəfdən, sabah danışıqlar masası arxasında əyləşəndə Ukrayna elan edəcək ki, arxasında 200 minlik hazır ordu dayanıb və anti-terror əməliyyatı aparacaq. Yəni güc baxımından danışıqlar aparıla bilər. Lakin toqquşmaların olması ciddi məsələdir. Bu baş versə də, bir neçə gün çəkə bilər. Heç kim istəməz ki, oradakı silahlı qarşıdurma nəzarətdən çıxsın.

- Belə iddialar da səsləndirilir ki, əslində Qərb və NATO son anda Ukraynanın yanında olmayacaq, sadəcə maraqlar baxımından Ukrayna və Rusiya arasında müharibənin başlamasında maraqlıdırlar. Nə dərəcədə əsaslı yanaşmadır?

- Qərbin öz maraq və mənafeləri var. Əlbəttə, son anda Ukraynanın arxasında durmaya bilərlər. Mən bunu əminliklə deyə bilmərəm, amma mümkün versiyadır. Nəzərə alıram ki, bizim də Qarabağla bağlı haqq işimiz vardı. Türkiyə bizə mənəvi dəstək oldu. Eləcə də dost Pakistan dövləti. Bunun hesabına biz ordumuzu hazırlamışdıq və öz işimizi də gördük.

Həm də Moskvanın Qərblə münasibətləri pisdir. İndiki mərhələdə Ukraynanın arxasında kimin duracağı isə bir qədər çətin məsələdir. Amerikadan başqa çətin kimsə Ukraynaya dəstəyini ifadə etsin. Amma Amerikanın hərbi baxımdan Rusiya ilə birbaşa toqquşmalara girməsi də ciddi məsələdir və inandırıcı görünmür. Odur ki, Ukrayna bu məsələdə yalnız özünə güvənə bilər.