"Teleqraf.com": Rusiya Qara və Aralıq dənizlərində güc toplayır, istəyi... - ŞƏRH

6 Aprel 2021 16:52 (UTC+04:00)

Vaşinqton açıq formada Rusiyanın sıxışdırılması kursunu əsas götürüb. Sözsüz ki, Moskva buna müqavimət göstərir. Rusiya donanmasının 636 “Varşavyanka” layihəsindən olan 6 elektrik mühərrikli sualtı qayığı gözlənilmədən Qara dənizə çıxarmasına bu konteksdən baxmaq lazımdır. Həmçinin Rusiyanın 3 ədəd gəmisi də Aralıq dənizinə daxil olub. Görünən budur ki, Rusiya bölgədə möhkəmlənmək üçün addımlar atır, gücünü nümayiş etdirir. Bir tərəfdən də öz cəmiyyətinin də bu sanksiya və təzyiqlərə qarşı dayanacağını göstərir.

Bu fikirləri siyasi analitik Oqtay Qasımov son günlər Rusiyanın Qara dəniz və Aralıq dənizində möhkəmlənmək istiqamətində atdığı addımların səbəblərini şərh edərkən deyib.

Mütəxəssis bildirib ki, Aralıq dənizinə yenidən hərbi gəmirlər göndərilməsi təsadüfi deyil:

“Qeyri-rəsmi məlumatlara görə, bu gəmilərdə xeyli sayda müasir tanklar, aviasiya vasitələri də cəmləşdirilib. Ehtimal edilir ki, bu, daha çox Bəşər Əsəd rejiminin İdlib vilayətini nəzarətinə keçirmək hazırlıqları ilə əlaqəlidir. Bir müddət əvvəl İdlibdə vəziyyət gərginləşmiş və Ankara öz etirazını bildirərək konkret addımlar atacağını açıqlamışdı. Düşünürəm ki, Rusiya beynəlxalq təzyiqlərə baxmayaraq Yaxın Şərqdə-Suriyada hərbi varlığını daha da artırır”.

O. Qasımov xatırladıb ki, ruslar Suriyada PKK-YPG nəzarətində olan ərazilərə daxil olmaq, bu ərazilərdə Əsəd rejiminin nəzarətini bərpa etmək niyyətində deyil:

“Belə istək nümayiş etdirmir. Çünki PKK/PYD ABŞ-ın marağında olduğu qədər Rusiyanın da maraq dairəsindədir. Rusiyanın PKK/PYD ilə də təmasları var. Görünən budur ki, yaxın zamanlarda gərginlik İdlibdə yaşanacaq. Baxmayaraq ki, Rusiya burada Türkiyə ilə əməkdaşlıq edir, amma Suriya məsələsində nəzarəti tam ələ keçirmək istəyir. Gələcəyə doğru siyasətlərində ola bilsin ki, Suriyada başqa ölkələrin maraqlarının təmin edilməsinə imkan verməyəcəyi əksini tapıb. Rusların orada qüvvə toplaması həm də bununla əlaqəlidir. Hər halda alınan məlumatlar və müşahidə etdiyimiz mənzərə deməyə əsas verir ki, Suriya rejimi İdlibə nəzarəti ələ keçirmək üçün hazırlıqlar həyata keçirir”.

Bununla belə İdlibdə Türkiyənin də maraqlarının olduğunu vurğulayan analitik düşünmür ki, burada türk-rus qarşıdurması olsun:

“Zaman-zaman bu ərazilərdə toqquşmalar olub. Ötən ilin fevralında Əsəd rejimi İdlib bölgəsinə hücum etmiş, Türkiyənin orada olan müşahidə məntəqələri zərər görmüşdü. Amma Astana və Soçi razılaşmalarına görə, bu ərazilərdə Rusiya və Türkiyənin məsuliyyəti var və orada da nəzarət, müşahidə funksiyası Ankara tərəfindən həyata keçirilməlidir. Düşünürəm ki, maraqların təmin edilməsi formulunda ümumi razılığa gəlmək mümkün olacaq. Çünki rus-türk qarşıdurması indi heç bir tərəf üçün uyğun deyil. Çünki bu iki ölkə konkret istiqamətlərdə eyni güclər tərəfindən hücumlara məruz qalır. ABŞ administrasiyasının Türkiyəyə qarşı siyasətində sərt xəttin seçilməsinin tərəfdarları var. Bunlar ABŞ Senat və Konqresində ermənipərəst qüvvələrdir. Yüzə yaxın konqresmenin saxta erməni qoyqrımının tanınması üçün Bayden hökumətinə müraciəti də var. Bu mənada düşünmürəm ki, Suriyada yenidən Moskva ilə Ankara arasında ciddi qarşıdurma müşahidə edilsin. Eyni zamanda bu iki ölkə arasında gərginlik təsirini Liviya və Cənubi Qafqazda da göstərə bilr. Hazırda Türkiyə ilə münasibətləri korlamaq Rusiyanın maraqlarına uyğun deyil, baxmayaraq ki, Rusiyada belə qüvvələr var. Amma Rusiya siyasi hakimiyyəti, prezidenti Türkiyə ilə münasibətdə daha balanslı siyasətə üstünlük verir və münasibətləri korlamaq niyyətində deyil”.