Fransada Cənubi Qafqazla bağlı müraciət hazırlanıb

6 Aprel 2021 21:50 (UTC+04:00)

Beynəlxalq hüquq üzrə ixtisaslaşmış bir qrup fransız vəkili Fransa Hökumətinə Ermənistan və Azərbaycan arasında münaqişə ilə bağlı mövqelərini ifadə edən və Fransanı Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunmasında qərəzsiz və fəal rol oynamağa çağırışı özündə əks etdirən müraciət göndərib.

Paris Vəkillər kollegiyasının üzvü, Yasin Yakuti bu sənədi şərh edərkən bildirib ki, burada söhbət ontologiyası 2014-cü ildən bəri Fransada təhrif olunan və 2020-ci ilin payızında baş verən silahlı qarşıdurma və onun tənzimlənməsi zamanı pik nöqtəsinə çatan Ermənistan və Azərbaycan qarşıdurmasını tarixi və hüquqi kontekstə gətirməkdən gedirdi.

"Belə ki, Parlament, bələdiyyə və siyasi partiyalar səviyyəsində qəbul edilmiş qərarlar, çıxışlar və bəyanatlar Ermənistan və Azərbaycan arasında münaqişənin mahiyyətini və səbəblərinin düzgün qavranmamasına şərait yaratmış və bu da nəinki beynəlxalq hüquqla, eyni zamanda Fransanın konstitusional hüququ, Fransanın beynəlxalq öhdəliklərinə riayət edilməsi və Avropa İttifaqının hüququ ilə ziddiyyət təşkil edir.

Beləliklə, bu müraciətin məqsədi bu münaqişənin beynəlxalq hüquqi aspektini Hökumətə və Fransa cəmiyyətinə xatırlatmaqdan ibarətdir.

Bundan başqa, biz 30 illik münaqişənin ciddi humanitar fəsadlarına da Hökumətin diqqətini yönəltmişik".

Y.Yakouti həmçinin qeyd edib ki, ilk növbədə, biz Hökuməti Fransa-Azərbaycan və Ermənistan-Azərbaycan münasibətlərinə dair öz yanaşmasını müəyyənləşdirərkən Fransanın beynəlxalq hüquq və öz öhdəliklərinə hörmət etməyə çağırmışıq:

"Biz, həmçinin, bütün səviyyələrdə millət vəkillərini, eləcə də siyasi liderləri Azərbaycana qarşı qeyri-qanuni hücumları və hərəkətləri dayandırmağa çağırdıq, çünki bunun əks-nəticə verdiyini və Fransanın bölgədəki nüfuzuna və ona olan etimada zərbə vurduğunu hesab edirik.

Biz Fransanı mövqe yox, beynəlxalq hüquqa hörmətə əsaslanan mövqe tutmağa çağırırıq.

Biz, həmçinin, Fransa hökumətini 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icra edilməsini dəstəkləməyə və BMT Nizamnaməsi, eləcə də BMT Baş Assambleyasının 24 oktyabr 1970-ci il tarixli bəyannaməsi və 1975-ci il Helsinki Yekun Aktında yer alan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına töhfə verməyə çağırırıq".

Fransa-Azərbaycan ikitərəfli münasibətlərinə də toxunan hüquqşünas bildirib ki, müraciət beynəlxalq hüququn norma və prinsiplərinin mütləq aliliyi prinsipinə əsaslanır. Buna görə də biz Hökumətə Fransa-Azərbaycan münasibətlərinin suverenliyinə, ərazi bütövlüyünə və bir-birinin beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında normallaşdırılması üçün əlindən gələni etməyə çağırış etmişik.

"Elə həmin kontekstdə, biz Hökuməti münaqişə və Azərbaycan ərazilərinin işğalı zamanı onun mədəni dəyərlərinə dəymiş zərərin qiymətləndirilməsi üçün YUNESKO-nun Azərbaycana missiyasının göndərilməsini dəstəkləməyə çağırırıq".

Y.Yakuti bildirib ki, beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın mövqeyi aydındır və çətinliklə şübhə altına atıla bilər:

"Belə ki, Azərbaycan həm münaqişə və 28 illik danışıqlar prosesi zamanı, həm də payız müharibəsi zamanı daim qanun xəttində olmuşdur. Müraciətimizin əsas mesajı ondan ibarətdir ki, münaqişələr o zaman yaranır ki, nə vaxt və harada beynəlxalq hüquq prinsipləri pozulur. Biz, vəkillər, bəlkə də, bunu digərlərdən fərqli olaraq daha yaxşı görürük və anlayırıq. Buna görə də biz yeganə çıxış yolunu təklif edirik: beynəlxalq hüquqa ciddi şəkildə riayət edilməsi. Bu sülh, təhlükəsizlik və inkişaf üçün ən güclü əsasdır".(trend)

AzNews.az