İşğaldan azad olunan ərazilərə qayıdışa dair tədbirlər müzakirə edilib

6 Aprel 2021 23:59 (UTC+04:00)

Nərimanov rayon Gənclər və İdman İdarəsi tərəfindən “İşğaldan azad olunan ərazilərə böyük qayıdış” üzrə təşkil edilməsi nəzərdə tutulan tədbirlərin müzakirəsi keçirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin saytında verilən xəbərə görə, müzakirələr zamanı Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”lə bağlı imzaladığı Sərəncama əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən 4-cü prioritet “İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” üzrə “İşğaldan azad olunan ərazilərdə mikro iqtisadiyyatın dayanıqlı inkişafının təminində gənc mütəxəssislərin rolu”, “Qarabağda yaradılacaq ağıllı infrastruktur (ağıllı şəhər və kənd) layihələrində rəqəmsal gənclik işi və innovasiya, sosioloji sorğular”, “Azad olunan ərazilərdən olan məzun gənclərin layihələrə cəlb olunması”, “Vətən Müharibəsi iştirakçıları ilə işin qurulması” və digər mövzularda tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu günün aktual iqtisadi mövzularından biri də işğaldan azad olunan ərazilərdə məşğulluğun təmin edilməsidir. Böyük qələbə və onun ardınca işğaldan azad edilən ərazilərdə bərpa işlərinə start verilməsi Azərbaycan dövlətinin sülhə, əmin-amanlığa və inkişafa nə dərəcədə maraqlı olduğunu bütün dünyaya bəyan edir.

Qarabağda 30 illik işğal siyasəti yeridən Ermənistanın necə amansız və dağıdıcı barbar olduğunu artıq dünya dərk etməkdədir.

AzNews.az