Rusiya Azərbaycana nədən hər zaman arxadan xəncər vurur?- ŞƏRH

8 Aprel 2021 11:08 (UTC+04:00)

Rusiya Azərbaycanın yaxın qonşuluğunda yerləşən ən böyük dövlətdir. Nə yazıq ki, Azərbaycanın taleyinə heç vaxt imperiya maraqlarından əl çəkməyən bu ölkə ilə sərhəd qonşusu olmaq yazılıb. Azərbaycan dövləti və xalqı həmişə Rusiya ilə əməkdaşlıq, mehriban qonşuluq, dostluq münasibətlərində olmaq tərəfdarı olduğunu nümayiş etdirib. Ancaq qarşı tərəfdən heç də həmişə eyni münasibəti görməyib. Rusiya hər zaman Azərbaycan qarşı düşmənçilik edən erməniləri bəsləyib, Azərbaycana qarşı özü birbaşa etmədiyini ermənilərin, Ermənistanın əli ilə həyata keçirmək siyasəti yürüdüb. Bu siyasət yüz il öncə də belə idi, indi də belədir. Şimal qonşumuz dəyişmir və belə görünür ki, dəyişmək fikrində də deyil. Azərbaycanı zəif düşürmək, inkişafının qarşısını almaq sanki bu nəhəng dövlətin həmişə əsas hədəflərindən olub.

Bəs, Rusiya nədən Azərbaycana qarşı bu cür fitnə-fəsad yaradır hər zaman? Normal əməkdaşlıq edə bilmir? Hər fürsətdə bizi arxadan xəncərləmək xətti tutur. Bu xislətindən nədən əl çəkə bilmir? “İsgəndər-M” raketinin Şuşaya atılmasının faş olması məsələsi bu ölkənin bizə qarşı əsl münasibətinin göstəricisidirmi?

Politoloq Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, müstəqilliyimizin ilk günlərindən Rusiya Azərbaycanın dövlətçiliyini həzm edə bilməyib. Bunu açıq şəkildə bəyan etməsə də apardığı siyasət, proseslərə yanaşması ilə məqsədini hər zaman ortaya qoyub. 30 il öncə bizim bu gün yaşadığımız problemlərin təməlinin Rusiya tərəfindən qoyulduğu hamıya bəllidir. Bu günə kimi Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, böyük dövlətlərin regiondakı maraqları Moskvanı ehtiyatlı olmağa məcbur edib. Bütün bunlara rəğmən yeri düşdükcə niyyətini göstərib: “Hazırda baş verən prosesləri bu münasibətlərdən doğan nəticə kimi görürəm və buna təəccüb etmirəm. Bir çoxları 44 günlük müharibənin uğurlarında Rusiyanın rolu olduğunu bildirirlər. Əslində isə bu kökündən yanlış yanaşmadır. Azərbaycan bu müharibəyə uzun illərdir ki, hazırlaşırdı və bunu açıq şəkildə elan edirdi. Məsələ sülh yolu ilə həll olunmasa, bizim müharibə ilə torpaqlarımızı azad etmək iqtidarında olmağımızla bağlı mütəmadi verilən bəyanatlar boşuna deyildi. Noyabrda problemi sona qədər həll etmək imkanımız olduğu halda buna imkan verməyən Rusiya oldu. Bu birmənalıdır. Rusiya Azərbaycana qarşı olduğunu həmin vaxt ortaya qoydu. Sübut olunmuş faktlardır ki, müharibənin gedişində Rusiya müxtəlif yollarla Ermənistana böyük həcmdə hərbi sursat verib, loqistik yardımlar göstərib, hətta öz hərbi bazalarından Azərbaycan ərazisinə raketlər belə atıb. ”İsgəndər" raketləri ilə bağlı bu gün gündəmdə olan məsələ bir daha buna sübutdur. Yəni Rusiya Paşinyan hakimiyyəti ilə ciddi problem yaşasa da, özü müharibəyə qoşulmadan maksimum şəkildə ona kömək etmişdi. Bütün bunlarda məqsəd Azərbaycanda vaxtilə yaratdığı ərazi probleminin birdəfəlik həll olunmasına imkan verməməkdir. Bu problem sona qədər həll olunmadıqca, Kremlin hər iki dövlətə təsir imkanları olacaq. Belə bir rıçaqı təbii ki, Rusiya öz xoşu ilə əlindən vermək istəməyəcək".

Azerforum.com - Müxalifətin beynəlxalq əlaqələri - ya

Elşən Mustafayev

E.Mustafayevin fikrincə, hazırda baş verən hadisələr məhz bu aspektdən doğur: “Həmişə ortaya sual çıxıb ki, Rusiya Azərbaycanla müqayisədə nədən Ermənistana daha çox üstünlük verib? Ermənistan adlanan qondarma ölkə monoetnik respublikadır, bir dənə də olsa rus məktəbi yoxdur, iqtisadi potensialı regionda ən aşağı səviyyədədir və s. Əvəzində isə Azərbaycanda bütün bunların əksidir. Hesab edirəm ki, əsas səbəb Azərbaycanın bütün bunlara rəğmən müstəqil iqtisadi siyasət yürütmə iqtidarında olmasındadır və Qərbin bu istiqamətdə Azərbaycana dəstəyinin olmasıdır. Bu isə Rusiyanın imperialist düşüncəsinə yaddır. Rusiya daim ona biət edən, onun nökəri olan dövlətlərin olmasını istəyir. Həmişə Azərbaycanı da bu səviyyəyə endirməyə çalışır. Nail ola bilmədikcə daha da aqressiv məkrli planlar işə salır.

Ona görə də hesab edirəm ki, kifayət qədər sərt şəkildə Rusiyanın regiondakı fəaliyyətinə münasibət ortaya qoyulmalıdır. Artıq hər şeyi öz adı ilə deməyin vaxtıdır. Sülhməramlı adı altında hansı işlərlə məşğul olduqlarına, regionda 2000 nəfərlik sülhməramlı kontingentdən dəfələrlə artıq hərbiçiləri cəmləşdirmələrinə, ümumiyyətlə, imzalanmış razılaşmada nəzərdə tutulmayan işləri və səlahiyyətləri mənimsəmələrinə, regionda terrorçulara dəstək olmalarına qarşı addımlar atılmalıdır. Sakit dayanacağımız halda onlar daha da irəli gedəcəklər". /“Yeni Müsavat”