Əflatun Amaşovdan vicdan söhbəti

14 İyun 2013 11:06 (UTC+04:00)



AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov "Ədəbiyyat" qəzetində ev bölgüsünə görə yaranmış qalmaqala münasibət bildirərkən deyib.

Əflatun Amaşov qeyd edib ki, jurnalistlərə ev verilməsi ilə bağlı Azərbaycan Mətbuat Şurası öz kriteriyalarını elan edib: "Mətbuat Şurasının qoyduğu kriteriyalar redaksiyalara ünvanlanan məktublarda qırmızı xətt kimi keçir. Ona görə də biz bu işdə məsuliyyəti redaksiyaların üzərinə qoymuşuq. Kimlərin namizədlyini vermək lazımdırsa, onlar daha yaxşı tanıyır. Kimlərin mənzil şəraiti var, ev şəraiti necədir və s. məsələləri onlar bilir. Eyni zamanda biz bu missiyanı qarşıya qoyarkən belə bir qərara gəlmişdik ki, ilk növbədə evi olmayan, yataqxanada və kirayədə yaşayanlar evlə təmin olsunlar. Dəfələrlə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri çıxışlarında bu məsələyə toxunublar. Biz bu məsələni redaksiyalara həvalə etmişiksə, onların qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıyıq".

Onun sözlərinə görə, "Ədəbiyyat" qəzetində də bu haqda iclas olub: "Orada Mətbuat Şurasının nümayəndələri də bu məsələni müzakirə edib. Redaksiya qəzetin baş redaktorunu namizəd olaraq göstərib.

Biz redaksiyanın qərarına hörmətlə yanaşırıq. Əlbəttə müəyyən söhbətlər olur. Yəni kimlərinsə adı siyahıya düşmür. Əgər Mətbuat Şurasına redaksiyalardan yazılı müraciət olarsa, məsələyə baxıla bilər. Ancaq birmənalı şəkildə biz bu məsələləri redaksiya kollektivinin və rəhbərliyinin vicdanına buraxmışıq. Bu doğrudan da vicdan məsələsidir. Azərbaycan jurnalistləri ev məsələsində vicdanları qarşısında imtahan verirlər".

AzNews.az