"Qərar verildi ki, İlham Əliyevi devirməliyik" - Prezident sirrləri açdı

12 Aprel 2021 21:38 (UTC+04:00)

"Mən 2003-cü ildə hakimiyyətə gələrək, Prezident vəzifəsinə başlayaraq söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu. Düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi. Halbuki təzyiqlər də olmuşdur, təhdidlər də olmuşdur. Mənə qarşı çevriliş cəhdləri olmuşdur".

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib. Prezident sözlərinə belə davam edib:

"2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istəmişdilər. Artıq başlarına narıncı bantlar bağlamışdılar. Narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək. Mən bunu qoymurdum. Ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da “narıncı inqilab” dəbi var idi. Orada-burada inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu, indi hər kəs görür. Ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər, artıq 15-17 ildir böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır. Yenə də xalq arxamda durdu. Yenə də xalq müstəqil siyasəti dəstəklədi. Bütün təzyiqlərə, bütün cəhdlərə, - ondan sonra da cəhdlər olmuşdu, - baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim. Bunun əksinə, 2003-cü ildə Prezident seçiləndən sonra demişdim ki, artıq nə danışılıb, qalsın kənarda. Mən bunu tanımıram. Sıfırdan başlamalıyıq danışıqlara, sıfırdan. Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum".

AzNews.az