Ceyhun Bayramovdan sələfinə böyük jest

13 Aprel 2021 15:50 (UTC+04:00)

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hazırkı XİN rəhbəri Ceyhun Bayramovla görüşüb.

AzNews.az xəbər verir ki, bu barədə Tofiq Zülfüqarov Facebook hesabından məlumat yayıb. O, diplomatik pasportunun müddətinin uzadıldığını da əlavə edib. Tofiq Zülfüqarov xarici işlər naziri Ceyhun Bayramov apardığı müzakirələrdən də danışıb.

“Diplomatik pasportun etibarlılıq müddəti bitdi. Qanuna görə, istifadə hüququnu özümdə saxlayıram. Nazir Bayramov o qədər mehriban idi ki, məni görüşə dəvət etdi və çaya qonaq etdi. Mətbuat açıqlamalarında yazıldığı kimi, geniş mövzular ətrafında təfərrüatlı söhbətimiz oldu. Sadə dildə desək, müharibə ilə əlaqəli çətin dövrlərə baxmayaraq, Nazirlikdə kadr siyasətində işlərin qaydaya salınmasında, qərarların hazırlanması və qəbul edilməsində kollegiallıq təcrübəsinin geri qaytarılması üçün bir çox işlərin görüldüyünü eşitdiyimə sevindim. İctimaiyyət və mətbuatla iş üslubunda yeniliklər nəzərdə tutulur. Nazirliyin nəzdində ictimai şuranın yaradılması planlaşdırılır və qeyd edim ki, bu, mövcud qanunvericiliklə nəzərdə tutulub. Nazirin cari gündəmdəki aktual məsələləri müzakirə edəcək qədər açıq olmasına sevindim. Pasportumu aldım və ən əsası əmin oldum ki, bilikli, təcrübəli və təşəbbüskar Nazirimiz var və doğma nazirliyim yenidən canlanıb və ölkənin maraqlarına sədaqətlə xidmət edir!”.