ATƏT-in Minsk Qrupu erməni revanşizmini körükləyir -TƏHLİL

14 Aprel 2021 16:28 (UTC+04:00)

Azərbaycanın gündəmi zəngindir.

Prezident İlham Əliyev həm Hərbi Qənimətlər Parkının açılışında, həm də ADA-da keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda çox önəmli mesajlar verdi. Dövlət başçısı Qarabağ münaqişəsinin tarixinə nəzər saldı, hadisələrin necə cərəyan etdiyini xatırlatdı, beynəlxalq qurumların illərcə işğalçıya qarşı heç bir əməli addım atmamasını vurğuladı, Azərbaycan ordusunun hərəkətə keçərək ərazi bütövlüyümüzü bərpa etdiyini söylədi. Bəli, 44 günlük savaşın qalibi Azərbaycandır! Ancaq Azərbaycan başqa bir dövlətin ərazilərində hərbi əməliyyat aparmayıb, özgə bir ölkənin sərhədlərini keçərək atəş zolağı yaratmayıb. 30 il boyunca işğal altında qalan özcə torpaqlarımızı azad etmişik və bu, müstəqil bir dövlət olaraq bizim əlahiddə haqqımızdır. Kimsə qarışa, kimsə soruşa bilməz ki, nədən işğalçıları ölkənizdən qovdunuz? “Kimsə qarışa, kimsə soruşa bilməz” deyirik, amma təəssüflər olsun ki, dünya siyasəti heç də bu qədər sadə, məntiqli və birmənalı deyil. Qarışanlar da var, soruşanlar, hətta həddini aşanlar da!

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dünən yaydıqları bəyanat məhz Azərbaycanın iç işlərinə qarışmaq, məhz Azərbaycandan “axı siz niyə torpaqlarınızı azad etdiniz, savaşda qalib gəldiniz” sualına cavab soruşmaq, heç qüsuruma baxmayın, həddini min kərə aşmaq idi.

İlk baxışdan belə təssürat yarana bilər ki, 30 il boyunca Azərbaycanın fəxri turistləri olmuş həmsədrlər, onların köməkçiləri, çantadaşıyanları eyş-işrətdən məhrum olublar. ATƏT-in MQ-nun keçmiş amerikalı həmsədri Riçard Hoqlandın bu sözləri, yəqin ki, yadınızdadır: “Biz beşulduzlu otellərdə, ayrıca yemək otağı və içərisi dolu barı olan və heç bir əlavə xərc tələb etməyən lüks nömrələrdə qalırdıq. Biz olduğumuz şəhərlərdə ən yaxşı restoranlarda yeyirdik. Yaxşı yaşayırdıq və arabir ATƏT bayrağını qaldıraraq Bakı və İrəvanın yadına Minsk qrupunun mövcud olduğunu salırdıq. Amma lap açıq danışsam çox-çox az iş görülürdü”

Riçard Hoqland ATƏT MQ həmsədrlərinin Qafqaz səfərlərində çəkdikləri kefin üstünü tam açmasa da, “çox az iş görülürdü” deyəndə fəaliyyətinin miqyasını, əslində, şişirdir. Birmənalı demək lazımdır: ATƏT MQ yarandığı gündən bəri heç bir iş görməyib, heç bir nəticə əldə etməyib. Ter Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, Nikol Paşinyan ötən müddət ərzində onların vasitəçiliyi ilə dəfələrlə Azərbaycanın dövlət başçılarına- Heydər Əliyevə, İlham Əliyevə işğalçı ordunu torpaqlarımızdan çıxarmaq sözü veriblər, vədlərinə əməl etməyiblər. Daha dəqiq desək, elə ATƏT həmsədrlərinin əli ilə ona nail olmaq istəyiblər ki, münaqişə dondurulsun, nəsillərin dəyişməsi fonunda Azərbaycan cəmiyyəti Qarabağı unutsun, Zəngəzur və İrəvan kimi ermənilərə qalsın. Odur ki, hər zaman Azərbaycanın səylərinə, cəhdlərinə, təklif və tələblərinə barmaqarası yanaşır, Hoqland demiş, ATƏT diplomatları yüksək vəzifəyə gedənə qədər vaxt keçirirdilər. ABŞ, Fransa və Rusiya həmsədr postuna çox vaxt öz ölkələrində belə heç bir işə yaramayan, bir çox hallarda məsələdən tam bixəbər diplomatları təyin edirdi ki, proses ermənilərin xeyrinə yubansın.

İndi Azərbaycan 3 minə yaxın şəhid verib öz torpaqlarını azad etdikdən, Ali Baş Komandan İlham Əliyev “Qarabağ Azərbaycandır” nidasını bütün dünyaya duyurandan sonra, yeni fitnə körükləməyə başlayıblar. Dünənki bəyanatlarında yazırlar:

“Həmsədrlər tərəflərə digər narahatlıq doğuran sahələrin həlli və uzunmüddətli sülh üçün əlverişli qarşılıqlı etimad atmosferinin yaradılması üçün əlavə səylərin tələb olunduğunu xatırladır.

Bunlara aşağıdakılar daxildir:

* Müharibə əsirlərinin və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması, münaqişə bölgələrinin təsirli minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi;

* beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil olmaqla Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin götürülməsi;

* dini və mədəni irsin qorunması və mühafizəsi; münaqişədən təsirlənmiş icmalar və digər xalqlar arasında etimad qurulması tədbirləri üçün birbaşa təmasların və əməkdaşlığın inkişaf etdirilməsi.

Sual yaranır:

- Hansı əsirlərdən danışırsınız? Yoxsa, 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatdan sonra Azərbaycan torpaqlarında partizan müharibəsi aparmaq istəyən terrorçulara deyirsiniz “hərbi əsir”?

- “Qarabağa giriş məhdudiyyətinin götürülməsi” deyəndə, nəyi nəzərdə tutursunuz? Bəlkə könlünüzdən o keçir ki, bu gün Ermənistanın əlaltdan, oğrun-oğrun, xəlvətə salıb Qarabağa göndərdiyi hərbi çağırışçılar sıra yerişi ilə açıq-açıq doldurulsun Xankəndinə?

- Qarabağda hansı dinin, hansı mədəniyyətin irsinə kəm baxan var? Bir halda ki, insanlar öz yurdularına qayıtmayıb, minalardan, dağıdılmış evlərdən, xarabaya dönmüş yurd yerlərindən savayı heç nə qalmayan bir bölgədə daş üstdə daş qalıbmı ki, “mədəni irs”dən də danışırsınız? Bəlkə “mədəni irs” dedikdə, “dini abidələr” dedikdə, erməni barbarları tərəfindən dağıdılmış məscidləri, məzarları, ölülərin məzarının oyulub dişlərinin çıxardılmasını nəzərdə tutursunuz, biz doğru tərcümə edə bilmirik? Sizin yadınızdan çıxıb, bizim isə yaxşı xatirimizdədir: vaxtilə ATƏT-in Faktaraşdırıcı Missiyası işğal olunmuş ərazilərə səfər edərək burada mədəni abidələrin dağıdıldığını təsdiqləmiş, lakin qurum və həmsədr ölkələr bununla bağlı heç bir tədbir görməmişdilər. İndi gözümüzə “mədəniyyətpərəst” imicində görünmək istəyirlər!

Bəli, Minsk Qrupunun dünənki bəyanatı, yuxarda da qeyd etdiyim kimi, bölgədə yeni fitnə çıxarmağa, bitmiş münaqişənin küllərinin arasında qalmış közlərə benzin tökməyə, Ermənistanda revanşizmin baş qaldırmasına xidmət edir.

Axı Azərbaycan nəyə görə yenidən lazımsız və mənasız danışıqlar aparmalıdır?

Axı Azərbaycan hansı predmet üzrə danışıq aparmalıdır? Madam, münaqişə bitib, BMT-nin müvafiq qətnamələri icra olunub, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

Əcəba, həmsədrlər yenidən səfərlərə başlayıb nəyi həll etmək istəyirlər?

Həmsdərlər niyə anlamaq istəmirlər ki, artıq ATƏT MQ münaqişənin tənzimlənməsində iştirak edən qurum deyil. Əgər özlərinə yeni missiya yaratmaq istəyirlərsə, buyursunlar, sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi, Ermənistanla Azərbaycan arasında etimad mühitinin formalaşması istiqamətində İrəvanda iş aparsınlar, getsinlər, gəlsinlər, Nikol Paşinyana məsləhətlər versinlər, yol göstərsinlər.

Azərbaycanın nə belə məsləhətlərə ehtiyacı var, nə də belə məsləhətçilərə.

Ümumiyyətlə isə, niyə ATƏT MQ üç ölkənin monopoliyasında olmalıdı?

Niyə regionda mühüm rola və çəkiyə malik Türkiyə orada olmalı deyil?

Niyə yalnız xristian dövlətləri bu prosesdə iştirak etməlidir?

ATƏT-in Minsk Qrupu adı altında yaratdığı “Xaçlı Komitəsi”nin fəaliyyətinə xitam verilməsi zamanı çatmışdır!

Taleh ŞAHSUVARLI