Olimpiya çempionu Azərbaycan yığmasından ayrıldı

14 İyun 2013 14:46 (UTC+04:00)
Kişi şahmatçılardan ibarət Azərbaycan millisinin kapitanı Vladimir Tukmakov komandamızdan ayrılıb.

Apasport.az saytının xəbərinə görə, bunu ukraynalı olimpiya çempionunun özü açıqlayıb.

"Mən artıq bu komandanın məşqçisi deyiləm. Ukraynada olduğu kimi - liderlərə əvəzləyici hazırlanması ilə bağlı konkret proqram təklif etdim. Burada da vəziyyət eynilə təkrarlandı, qəbul olunmadı. Yalnız bizim inkişafla bağlı stimulumuz Elistadakı qələbə, Azərbaycanın isə 2016-cı ildə Bakıda keçiriləcək Olimpiada olmalıdır" – deyə, Tukmakov bildirib.

Tukmakov Ukrayna mətbuatına müsahibəsində bildirib ki, Azərbaycan yığmasının vəziyyəti Ukrayna millisindən daha çətindir: "Orada ehtiyat qüvvə yoxdur. Çox güclü 3 şahmatçı vardı. Ancaq Vüqar Həşimovun səhhətində ciddi problem yarandı. Onun həmişəlik, yoxsa bir müddətlik fasilə götürdüyü hələ aydın deyil. Beləliklə, indi Azərbaycanda dünya elitasının 2 oyunçusu və 3 pis olmayan qrossmeysteri var. Onlar dünya "100-lüyü"nə yaxın mövqedədirlər. Belə komanda ilə yüksək yerlər uğrunda mübarizə aparmaq çox çətindir".

Qeyd edək ki, 2011-ci ilin aprelindən yığmamıza kapitan təyin olunan Tukmakov SOCAR klubundakı işini davam etdirəcək.

AzNews.az