BMW-nin satışı dayandırıldı: Mühərriklərdə defekt aşkarlanıb

16 Aprel 2021 09:23 (UTC+04:00)

Rusiyada rəsmi dillerlər mühərrikdə aşkarlanan problem səbəbilə dizellə çalışan yeni BMW-lərin müştərilərə təhvil verilməsini dayandırıb.

Üç litr mühərrik həcminə malik avtomobillərin porşenində istehsal defekti aşkarlanıb. Sözügedən defektin güc aqreqatorunun sıradan çıxmasına səbəb ola biləcəyi qeyd olunur.

“BMW Group”un Rusiya nümayəndəliyi “Autonews” nəşrinə açıqlamasında bildirib ki, problem 2021-ci ilin fevral və mart aylarından istehsal olunan avtomobillərdə qeydə alıb. Ümumilikdə Rusiyada 508 defektli avtomobil gətirilib ki, onların da hər birinin mühərrikinin dəyişdirilməsi nəzərdə tutulur.

Avtomobillərin təhvil verilməsinin nə qədər gecikəcəyi, hansı modellərdə defektli mühərriklərin olması, avtomobillərin geri çağırılıb-çağırılmayacağı bəlli deyil. X3, X4, X5, X6 və X7 krossoverləri, “6-cı seriya Gran Turismo” liftbeki, həmçinin Rusiya bazarı üçün 3,5,7-ci seriya sedanları B57D30 turbodizellə təchiz olunub.