Avropa İttifaqı nümayəndəsinin David Babayan adlı “nazirlə” qalmaqallı təması

16 Aprel 2021 21:41 (UTC+04:00)

Qarabağa dair 28 ilə yaxın davam etmiş danışıqlar prosesində ən zəif beynəlxalq oyunçulardan biri heç şübhəsiz ki, Avropa İttifaqı idi. Baxmayaraq ki, Avropa İttifaqının şərqə doğru genişlənməklə bağlı ambisioz planları vardı və üç Cənubi Qafqaz respublikasını da əhatə edən “Şərq tərəfdaşlığı” proqramını irəli sürmüşdü, buna baxmayaraq Brüssel heç cür regionun əsas problemi olan Qarabağ münaqişəsinin nizamlanmasında rol oynaya bilmədi. Baxmayaraq ki, bir neçə dəfə Avropa İttifaqı hansısa formada nizamlama prosesinə cəlb olunmaq cəhdləri göstərmişdi. Amma bu cəhdlər tərəflər arasında xalq diplomatiyası və ya “etimad yaratmağa” yönəlmiş təşəbbüslərə zəif dəstək verməkdən, ittifaqın Cənubi Qafqaz üzrə xüsusi nümayəndələrinin ara-sıra verdikləri sıradan bəyanatlardan uzağa getmədi.

Münaqişənin 44 günlük müharibə ilə həll edilməsindən sonra isə ATƏT-in Minsk Qrupu da daxil olmaqla ümumən beynəlxalq oyunçuların postmüharibə dövrü situasiyaya adaptasiyası prosesi getməkdədir. ATƏT-in Minsk Qrupu öz fəaliyyətini davam etdirəcəkmi, əgər etdirəcəksə hansı formada, hansı ideyalarla və təşəbbüslərlə? Ermənistanla Azərbaycan arasında əhatəli sülh razılaşmasına, bölgədə kommunikasiyaların açılmasına, yeni regional əməkdaşlıq formatlarının yaranmasına (məsələn, 3+3 formatı) dair müzakirələrdə beynəlxalq oyunçuların rolu necə olmalıdır? O cümlədən Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi və nəticədə regionda həmin beynəlxalq oyunçuları da uzun müddət qane etmiş status-kvonun aradan qalxması, tamamilə yeni situasiyanın yaranması Avropa İttifaqının regiondakı rolunun artmasına nə dərəcədə imkan yaradacaq?

Region üzrə analitikləri və ekspertləri düşündürən bütün bu kimi suallar fonunda ötən gün aprelin 14-də erməni KİV-lərinin xəbər lentlərində qəribə məlumat meydana çıxdı. Heç demə Avropa İttifaqının Yerevanda işgüzar səfərdə olan Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Toyvo Klaar özünə “dağlıq qarabağ respublikasının xarici işlər naziri” kimi dəbdəbəli titul vermiş David Babayanla görüşüb. Və görüşdə “müharibədən sonra Qarabağda yaranmış humanitar vəziyyət, əsirlərin qaytarılması” barədə danışılıb, Minsk Qrupu çərçivəsində danışıqların bərpasının vacibliyi bildirilib. Münaqişənin “hərtəfəli nizamlanması” üçün...

Babayan da fürsətdən istifadə edib avropalı nümayəndəyə deyib ki, “arsax heç vaxt Azərbaycana tabe olmayacaq” və s. və ilaxır...

Toyvo Klaar Yerevanda, amma Babayanla görüşü fotoqraflar üçün qapalı olub...

Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan ərazilərində formal mövcudluğunu saxlamış, indi heç Yerevanın özündə də ciddi qəbul olunmayan qondarma rejimin “baş diplomatı” ilə görüşmək Avropa İttifaqının xüsusi nümayəndəsinin nəyinə lazım idi? Bu, regionda postmüharibə dövründə Brüsselin öz mövcudluğunu nümayiş etdirmək cəhdidir? əgər belədirsə çox uğursuz cəhddir və Avropa İttifaqının nüfuzuna çox ciddi ziyan vurur.

Axı hansı “artsax”dan, hansı “respublikadan”, hansı “xarici işlər nazirindən” söhbət gedə bilər? Bəyəm Brüsseldə Azərbaycan ərazilərinin ermənilər yaşayan və Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə münasibətdə belə ifadələrin yapışdırılması cəhdlərinin necə iflasa uğradığını görmürlər?

İndi heç Araikin özünü adam yerinə qoyan yoxdur, "xarici işlər naziri" hardan çıxdı?

Azərbaycan üçün əlbətdə ki, Avropa İttifaqının xüsusi nümayəndəsinin bu cür təmasları qətiyyən qəbuledilməzdir. Çünki belə təmaslar heç bir halda regionda uzunmüddətli və əhatəli sülhə, barışığa, hazırkı kövrək postmüharibə mərhələsinin uzunmüddətli stabillik mərhələsinə keçidinə xidmət etmir. Əksinə, Ermənistanda və Azərbaycan ərazilərinin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində revanşist əhval-ruhiyyəni qızışdırmağa xidmət edir. Belə təmasları Azərbaycan ictimaiyyəti birmənalı olaraq Dağlıq Qarabağın həmin hissəsində separatizmi və terroru reanimasiya etmək cəhdləri kimi qəbul edəcək.

Əlbətdə, Avropa İttifaqının və digər beynəlxalq oyunçuların Qarabağın həmin qismində müharibəsonrası humanitar situasiya ilə maraqlanması başa düşülə bilərdi. Lakin bu maraq heç bir halda qanunsuz və oyuncaq rejimin “xarici işlər naziri” ilə təmas formasında özünü göstərə bilməz-Avropa İttifaqı və bütün digər beynəlxalq oyunçular ancaq Azərbaycan tərəfi ilə təmaslarda bu kimi məsələləri müzakirə edə bilərlər.

Amma yox, Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi postunu tutanlar ilk dəfə deyil ki, regionun problemlərinə bu cür qalmaqallı və tamamilə bivec yanaşma nümayiş etdirirlər. 2017-ci ildə həmin postu tutan almaniyalı Herbert Zalber məhz bu cür qalmaqala görə istefa verməli olmuşdu. O, 2017-ci ilin mayında Gürcüstanla Rusiya arasında Cenevrə danışıqlarına hazırlıq adı altında, rəsmi Tbilisinin icazəsi olmadan separatçı Cənubi Osetiya və Abxaziyaya baş çəkmişdi. Və qondarma Cənubi Osetiya “prezidenti” Anatoli Bibilovu “prezident seçilməsi” münasibətilə təbrik etmişdi.

Herbert Zalber Bibilovu təbrik edir...

Herbert Zalberin separatçı ərazilərə səfər etməsi və orada qondarma “prezidentlə” görüşüb üstəlik “seçkilərdə qələbə” münasibətilə təbrik etməsi rəsmi Tbilisinin kəskin etirazlarına səbəb oldu, böyük qalmaqal yaratdı. O cümlədən gürcü ictimaiyyəti, siyasətçiləri Zalberin bu hərəkətini kəskin tənqid etdilər. Gürcüstan tərəfinin güclü siyasi-diplomatik təzyiqlərindən sonra Zelber istefa verməli oldu.

İndi cənab Toyvo Klaar Laçın dəhlizindən keçib sülhməramlı qüvvələrin nəzarəti altında olan ərazilərə daxil olmasa da Yerevanda qondarma rejimin nümayəndəsi ilə görüşərək analoji qalmaqalın əsasını qoyub. Və təmsil etdiyi ittifaqın nüfuzunu, bölgə problemlərinin həllində onsuz da zəif olan rolunu şübhə altına alıb.

Sual yaranır-Avropa İttifaqının Ukrayna üzrə nümayəndəsi, yaxud digər təmsilçisi Donbassdakı separatçı, oyuncaq “xalq respublikalarının” da nümayəndələri ilə eynilə bu cür (məsələn, Moskvada və ya Rostovda) görüşüb münaqişələrin nizamlanmasından tutmuş humanitar məsələlərə qədər bir çox vacib mövzuları müzakirə edə bilərdi? Təsəvvür etmək olar ki, belə təmasa təşəbbüsün qarşısı Avropa İttifaqında necə alınar və əgər hansısa diplomat özbaşına bu cür təmas qurarsa dərhal işdən qovular...

F.Məmmədov/ virtualaz.org