120 min Azərbaycan vətəndaşı Rusiyadan deportasiya oluna bilər- - Rusiya miqrant kartını işə salır?

16 Aprel 2021 23:51 (UTC+04:00)

Rusiyanın Daxili İşlər Nazirliyi Müstəqil Dövlətlər Birliyi üzvlərindən bu ölkələrin Rusiyada qanunsuz olaraq yaşayan vətəndaşlarının iyunun 15-nə qədər ölkəni tərk etməsini tələb edir. Bu barədə Birliyin Parlamentlərarası Assambleyasının iclasında Rusiya Federasiyası daxili işlər nazirinin müavini Aleksandr Qorovoy bildirib.

Onun təqdim etdiyi Daxili İşlər Nazirliyinin statistikasına görə, bu gün Rusiyada Özbəkistandan 332 mindən çox, Tacikistandan 247 min, Ukraynadan 152 min, Azərbaycandan 120 min, Qırğızıstandan 115 min, Ermənistandan 61 min, Moldovadan 56 min, Qazaxıstandan 49 min qanunsuz miqrant var.

“Biz sizinlə iyunun 15-nə qədər bu sayı aradan qaldırmasaq, bu insanlar ölkədən çıxarılma və sərhədlərin bağlanmasına qədər cəzaya məruz qalacaqlar. Sizin öz dövlətlərinizdə kütləvi informasiya vasitələri ilə təşviqat işi aparmağınızı istərdim”, deyə Qorovoy bildirib.

Dekabrın ortalarında Vladimir Putin öz fərmanı ilə koronavirusla əlaqədar miqrantların Rusiyada müvəqqəti yaşaması müddətini 15 iyun 2021-ci ilə qədər uzadıb./"Turan" İA