Ermənistanda seçki pozula, çevriliş planı işə düşə bilər: Arayiklə Paşinyanın ölüm-qalım mübarizəsi- TƏHLİL

17 Aprel 2021 15:02 (UTC+04:00)

Ermənistan kütləvi informasiya vasitələrində müvəqqəti olsa da, hələ də Xankəndində qalmaqda olan hərbi xuntanın tör-töküntülərinin lideri Arayik Harutyunyanın istintaqa çağırılacağı haqqında məlumat yayılıb.

Həmin məlumatlara görə, qondarma “DQR”-in qondarma prezidenti qondarma respublikanın qondarma prokurorluğunda konstitusiya quruluşunun dəyişdirilməsinə qarşı açılmış qondarma bir cinayət işi üzrə dindiriləcək.

İlk baxışdan bu informasiya Azərbaycana qarşı psixoloji savaşda bir həmlə təsiri bağışlayır, lakin məsələ heç də bu qədər sadə deyil.

Belə ki, Arayikin adı Azərbaycan cəmiyyətinə tanışdır, ona “cinayət işi açılması” barədə bir xəbərin bizim kütləvi informasiya vasitələri tərəfindən diqqətdən qaçırılması mümkün deyil. Nəticədə həmin məlumati tirajlamaqla ermənilər öz əlimizlə öz cəmiyyətimizə bir mesaj ünvanlamağı hədəfləyə, “DQR”, “DQR prezidenti”, “DQR-in konstitusiyası və prokurorluğu” kimi “açar sözlər” vasitəsi ilə ictimai zehnimizi qarışdırmağa cəhd göstərə bilər. Lakin Azərbaycan mediası kifayət qədər diqqətlidir, ictimai rəy isə soyuqqanlı bir şəkildə çox yaxşı başa düşür ki, 44 günlük Vətən savaşında, obrazlı desək, Qarabağdakı seperatçıların darısını göyə sovurduğundan, "bildirçinin bəyliyinin bitməsinə" sayılı günlər qalıb. Bunu erməni siyasətçiləri də, erməni cəmiyyəti də yetərincə fərq edir və ona görə də, iki daşın arasında Arayiklə bağlı yayılan bu məlumat heç də PR fəndi deyil.

44 günlük Vətən savaşında Azərbaycan ordusunun qazandığı zəfər Ermənistanda hərbi-siyasi böhran yaradıb və bu böhran “kim kimi” sualını açıq müstəviyə çıxardıb. Bu müstəvidə diqqət çəkən epizodlardan biri bu ilin yanvarında qondarma rejimin “baş prokuroru” Mqer Ağacanyan istefaya getməsidir. Təxminən bir ay sonra- fevralın 9-da Ermənistanıb baş prokuroru Artur Davtyan Xankəndinə gəlmiş, Arayiklə görüşmüşdü. Həmin görüşdən sonra “istefa vermiş” Ağacanyanın “vəzifə”si Qurqen Nersesyan adlı başqa bir erməni seperatçısına həvalə edilmişdi. “Təqdimat mərasimi”ndə Arayik Qurqeni o ki var tərifləsə də, onunla yeni “baş prokuror” arasındakı qara pişikdən hər kəs xəbərdar idi. Belə ki, 2020-ci ildə işğal altında olan Azərbaycan torpaqlarında ermənilərin keçirdiyi prezident seçkilərində Qurqen Arayikin ən ciddi rəqibi Masis Mayılyanın əsas dəstəkçilərindən biri olmuşdu. Masisyan, eləcə də Nersisyan özü Ermənistanın Baş naziri Nikol Paşinyanın şəxsi troll şəbəkəsinin rəhbəri, Ermənistandakı “Soros”çu QHT-lər şəbəkəsinin əsas personalarından sayılan Daniel İonnisyanın Qarabağdakı nümayəndələri sayılırdı. Başqa sözlə, 44 günlük savaşda qəti məğlubiyyətə uğrayan Nikol Paşinyan Qarabağdakı xunta daxilində mövqeyini gücləndirmək üçün Qurqen Nersesyan kartını açmışdı. İndi isə, onun əli ilə Arayikə cinayət işi açan və sorğulatdıran məhz Nikol özüdür.

Paşinyan erkən seçkiyə heç də səsverməyə həsrət olduğu üçün getmir, 44 günlük savaşda Ermənistanın məğıubiyyətindən sonra onun cəmiyyətdən aldığı etimadı yeniləməyə və nümayiş etdirməyə ehtiyacı var. Əsas rəqibi isə “Qarabağ klanı”dır. Qarabağ erməniləri ilə Ermənistanın digər vətəndaşlarının arasında sosial-psixoloji gərginlik var. Klanın Ermənistanda hakimiyyətdə olmuş təmsilçiləri Robert Köçaryan və Serj Sarkisyanın korrupsioner imici qarşısında isə Qarabağ məğlubiyyətindən sonra heç də hüsni-rəğbətlə yanaşmadıqları Paşinyanı ermənilər pislərdən “nisbətən yaxşısı” kimi müdafiə edir. “Qarabağ klanı” təkcə regional deyil, həm də siyasi bir ittifaqdır. 1980-ci illərdə DQMV-nin Ermənistana birləşdirilməsi ideyasını körükləyən məşhur “Qarabağ Komitəsi”nin əksər üzvləri də bu klana daxildilər. O cümlədən Paşinyana qarşı son kütləvi aksiyaların lideri- keçmiş müdafə naziri və baş nazir Vazqen Manukyan da əslən Türkiyə ermənisi olsa da, bu klana daxildir.

İrəvandakı protest aksiyaları göstərdi ki, Qarabağ klanının seçki yolu ilə Ermənistanda hakimiyyətə gəlmək imkanı son dərəcə aşağıdır. Odur ki, Paşinyan ölkəsindəki proseslərin qeyri-siyasi, daha dəqiqi, hərbi çevriliş müstəvisinə çəkilməsindən narahatdır. Onun bu narahatçılığı isə heç də əbəs deyil. Fakt budur ki, Ermənistan ordusunun orkestr şefinə qədər bütün yuxarı rütbəli komandirləri onun istefasına açıq çağırış edib. Bu məsələnin üstü seçkiqabağı malalansa da, üstü tam qapanmış deyil. Ermənistan Müdafiə nazirliyinin Baş qərargah rəisi ilə bağlı məsələdə Arayik Paşinyanı müdafiə etmədi, əksinə, vasitəçilik missiyası təklif edərək hər iki tərəfə “göy muncuq” təqdim etdi. Onun həm təmsil olunduğu klanın təhriki ilə İrəvanda küçəyə çıxmış müxalifət, həm də Ermənistanın Baş naziri ilə araya məsafə qoyaraq orbitrlik iddiası ilə çıxış etməsi siyasi müşahidəçilər üçün Arayikin Ermənistanda hakimiyyətə gəlmək həvəsinə düşməsinin açıq mesajı idi.

İndi gəlin, bir anlığa məsələyə Arayikin prizmasından baxaq. Arayik başa düşür ki, Azərbaycanla Ermənistanın dövlət sərhədləri dəqiqləşir, 10 noyabr Üçtərəfli Bəyanatının şərtləri bütün hallarda yerinə yetiriləcək, “respublika”sı da, təsisatları da gorbagor olub, bundan sonra Qarabağda nə seçki şousu düzəltmək mümkündür, nə də uzun müddət indiki status-kvonu saxlamaq. Odur ki, Harutyunyan üçün bir neçə ehtimal var:

1) O, Azərbaycana öz xidmətlərini təklif edir, bunun müqabilində təhlükəsizliyinə və təminatına qarantiya alır. Lakin bu variantın reallaşması, sadəcə, ağlasığmazdır.

2) Azərbaycanın xüsusi təyinatlıları bir gün Xankəndinə girir, onu da, digər seperatçıları da qandallayıb Bakıya gətirirlər. Azərbaycanın belə bir anti-terror əməliyyatı aparmaq üçün bütün haqq və imkanları var.

3) Özündən başqa heç kimə lazım olmayan Arayik ya Qarabağ klanı, ya da Paşinyan tərəfindən- hər iki ehtimal var- sui-qəsdlə o dünyaya göndərilir, qarşılığında ya Paşinyanın seçkiqabağı reytinqi qalxır, ya da Köçəryan, Sarkisyan indiki baş naziri ittiham etmək, prosesləri hərbi çevriliş məcrasına salmaq üçün fürsət əldə edirlər.

4) Arayik xaricə qaçır, hər hansı bir ölkədən siyasi sığınacaq alıb diaspor fəalına çevrilir, lakin bu təqdirdə, həmin ölkənin onu Azərbaycana təhvil verməyəcəyi konkret deyil.

5) Arayik Ermənistana adlayır, orada siyasi fəaliyyətlə məşğul olur, amma bu da Nikol və sorosçular üçün hərtərəfli başağrısı deməkdir. Etimadını yeniləmiş Paşinyan onu qısa müddətdə həbsə göndərəcək və yəqin ki, sağ çıxmasına da imkan verməyəcək.

Beləliklə, Arayik üçün ən əlverişli vəziyyət və imkanı, nə qədər riskli olsa da, onun Paşinyanı devirmək ehtimalı yaradır.

Paşinyan üç məsələdə Arayikdən xatircəm deyil:

* Hərbi xuntanın tör-töküntüsün lideri hər an Azərbaycana satıla bilər; Bu zaman Paşinyanın hərbi cinayətləri barədə Azərbaycanın əlinə ən önəmli şahid keçəcək.

* Arayik 44 günlük savaşın ermənilər arasında ən məlumatlı fiqurlarından biridir. Onun ağzını açması seçkiqabağı Paşinyanı ciddi suallar qarşısında qoya bilər;

* Əgər Arayik Ermənistandakı seçki kampaniyası müddətində sussa və çevriliş cəhdindən yayınaraq Paşinyan hakimiyyətini qorusa belə, sepatçıların lideri Qarabağda çox qala bilməyəcək, İrəvana gələcəyi təqdirdə isə, yenilmiş Qarabağ klanının favoritinə çevrilərək ona problemlər yaradacaq.

Bu üç şərtin hər biri Paşinyandan Arayiki əvvəlcə qismən, sonra uzunmüddətli, məsələ əndazədən çıxarsa isə, birdəfəlik susdurmağı tələb edir. Arayik Köçəryandan, Sarkisyandan, Manukyandan fərqli olaraq, yeni qandır, üstəlik, əlindəki çoxsaylı müharibə kompromatları ilə Ermənistan siyasətindəki hər kəsi şantaj edərək özünə qarşı loyallaşdıra bilər.

Hər nə qədər qəribə olsa da, Azərbaycan üçün Arayikin sağ qalması, ən azından ələ keçirilməsi və mühakimə olunması, etiraflarının bütün dünyaya duyurulması baxımından daha vacibdir. Onun xaricə qaçması arzulanan deyil, amma xüsusi narahatçılıq da yaratmır- Arayik haqqında Azərbaycanın Baş prokurorluğu çoxdan cinayət işi açıb, hara getsə, hansı ölkəyə üz tutsa, tələb olunacaq və böyük ehtimalla da təhvil alınacaq. Ermənistanın belə qəbul etmədiyi bir terrorçuya görə kimsə Azərbaycanla, Türkiyə ilə üz-göz olacaq deyil. Üstəlik, bildiyi sirrlərin açılmaması üçün vaxtilə Türkiyə səfirlərini qətlə yetirmiş erməni terrorçuları onu orada da sağ qoymazlar. Dərindən baxanda, Arayik üçün ən təhlükəsiz və risksiz yer elə məhz Azərbaycan həbsxanalarıdır. Zira, mümkün variantlardan biri kimi üzərində düşünməli olduğumuz önəmli sual isə budur: Arayikin Paşinyanı devirməyə cəhd göstərməsi, bacararsa, iqtidara yiyələnməsi bizə nə vəd edir, biz bir dövlət və cəmiyyət olaraq onlardan hansının İrəvanda hakimiyyətdə olmasına maraq göstərməliyik?

a) Strateji düşünsək, bizə Qərbə inteqrasiya edən açıq Ermənistan deyil, rus “moskviç”inin arxasına qoşulmuş “peyin arabası”- qapalı və asılı Ermənistan sərf edir. Bunu çox xırdalamağa dəymədiyindən, Arayik “daha məsləhətli” fiqurdur.

b) 10 noyabr Üçətərəfli Bəyanatının imzalanması üçün şəraiti Azərbaycan yaradıb, təminatçısı isə Rusiya və xeyli dərəcədə də Türkiyədir. Odur ki, kimin Ermənistanda hakimiyyətə gəlməsindən asılı olmayaraq, bu sazişin şərtləri yerinə yetiriləcək. Əks variant yoxdur ona görə ki, əvvəla, Ermənistan geosiyasət üçün öz əhəmiyyətini böyük ölçüdə itirib. Digər tərəfdən isə, müstəqil araşdırmaçıların hesablamalarına görə, ordusu 3:2 nisbətdə darmadağın edilmiş Ermənistanın real revanş cəhdi götürə bilməsi üçün 50 ildən az olmayan uzun on illiklər lazımdır ki, sülh prosesi nə qədər yubadılsa belə, o qədər çəkəcək deyil, çox qısa zamanda bitəcək. Nəhayət, kütləyə nə deyilməsindən asılı olmayaraq, bu məğlubiyyətlə Ermənistanda daxilən barışmayan heç bir siyasətçi yoxdur. Ter-Petrosyandan Köçəryana qədər hər kəs başa düşür ki, Azərbaycan torpaqlarına iddia eləmək populizmdən, təsəllidən və vaxt itirməkdən başqa bir şey deyil. Başqa sözlə, Azərbaycan torpaqlarına istər iddia etsin, istər etməsin, Ermənistanda heç bir siyasətçi bizim üçün ermənidən başqa bir şey deyil. Əlbəttə, Köçəryan və Sarkisyanla müqayisədə Paşinyan bizim cəmiyyətdə daha az nifrət doğurur, ancaq 44 günlük savaşın qanı həm Nikolun, həm də Arayikin boynundadır. Yəni bu açıdan bizim üçün onların hər ikisi eyni dərəcədə ermənidir. Bir qədər də açıq desək, Ermənistandakı hərbi-siyasi böhranın Köçəryanı, Sərkisyanı iqtidara gətirməsi Azərbaycan üçün qırmızı cizgi yaradırsa, Paşinyanla Harutyunyan arasındakı mübarizəni, müəyyən mənada, neytral zolaqdan seyr edə bilərik.

c) Zira, Ermənistanda hadisələr bu istiqamətdə gedərsə, hakimiyyət uğrunda qırğın düşərsə, məhz Arayikin qalib çıxması Azərbaycan üçün daha məqbuldur. Səbəb isə çox sadədir: Ermənistan Azərbaycanın dövlət müstəqilliyini, sərhədlərini, o cümlədən Qarabağ üzərindəki tam suverenliyini tanımağa məhkumdur. Bu mükəlləfiyyətin altına məhz Qarabağ mənşəli erməninin imza atması revanşizmin və tsexokronizmin kökünü baltalamaq deməkdir.

Taleh ŞAHSUVARLI,

AzNews.az analitik-informasiya portalının Baş redaktoru