Müqavilələr imzalandı - Liviya ilə Türkiyə arasında ticarət dövriyyəsi iki qat artacaq

19 Aprel 2021 10:21 (UTC+04:00)

Liviyanın baş naziri Əbdülhəmid Dibeybe 5 müavini və 14 nazirlə Türkiyəyə səfər edib. Səfər zamanı iki ölkə arasında 5 böyük ticarət müqaviləsi imzalanıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə-Liviya İş Şurasının sədri Murtaza Qərənfil müqavilələri dəyərləndirib.

“Türkiyə 2020-ci ildə Liviyaya 1.6 milyard dollarlıq ixracat edib. 2021-ci ilin ilk rübündə Liviya ixracatımız isə 563 milyon dollar olub. Keçən ilin eyni dövrü ilə müqayisədə 27.3% artım olub. Bu il Liviyanın 4 fərqli məzənnədən sabit məzənnəyə keçməsinin də müsbət təsirlərini də gördük. Valyuta məzənnəsinin sabitlənməsi investorları da rahatlatdı. Bununla da ilk üç ayda investisiyalar sürətləndi. Birinci rüb həyata keçirilən ixracat da bunun ən böyük göstəricisidir”, - deyə M. Qərənfil bildirib.

Sədr bu ilin sonunadək ixracatı 2.5 milyard dolların üzərinə çıxarmağı hədəflədiklərini qeyd edib.

Liviyada önəmli neft yataqlarının olduğunu deyən Murtaza Qərənfil Liviyanın türk podratçılar üçün son dərəcə strateji ölkə olduğunu, bu səbəbdən də Liviyada podratçılıq sektoru baxımından da canlı bir dövr yaşana biləcəyini vurğulayıb.

Pərvanə