Miqrasiya Məcəlləsinin parlamentə qaytarılması tələb olunur

14 İyun 2013 20:55 (UTC+04:00)
"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi Milli Məclisinin iyunun 13-də Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin üçüncü oxunuşda qəbul etməsi ilə bağlı bəyanat yayıb.

Birlik bəyanatında Azərbaycanda miqrasiya sahəsindəki münasibətləri tənzimləyən müxtəlif qanunvericilik aktlarının vahid məcəllə şəklinə salınmasını miqrasiya idarəetmə sistemini inkişaf etdirmək baxımından çox əhəmiyyətli hal kimi qiymətləndirib. Bununla belə qeyd olunub ki, Məcəllədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının müdafiəsi sahəsində bir sıra dəyişikliklər olsa da, bəzi məsələlər öz əksini tapmayıb:

"Məlumat üçün bildiririk ki, 23 may 2013-cü il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin layihəsi Milli Məclisin deputatlarının, miqrasiya sahəsində fəaliyyət göstərən dövlət orqanları və qeyri-hökumət təşkilatları, habelə beynəlxalq təşkilatların əməkdaşlarının iştirakı ilə ictimai müzakirəyə çıxarılıb. Tədbirdə çıxış edənlər Məcəllə layihəsində olan qüsurları və onlarla bağlı öz təkliflərini iştirakçıların nəzərinə çatdırıblar. Göstərilən təkliflər tam şəkildə olmasa da Milli Məclisin iclasında səsləndirilib, lakin Məcəllənin qəbulu zamanı nəzərə alınmayıb".

Birlik belə hesab edir ki, Miqrasiya Məcəlləsi Azərbaycan Respublikasının Konstitusiyasına və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa uyğun hazırlanmayıb, miqrasiya sahəsində mövcud bütün anlayışları nəzərdə tutmur, miqrantların uçotu ilə bağlı münasibətləri tam tənzimləmir: " Eyni zamanda, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi almaq üçün nəzərdə tutulan tələblər həddindən artıq sərtdir. Məcəllədə əmək fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycana gələn əcnəbilərlə digər əsaslarla gələn əcnəbilər arasında heç bir fərq müəyyən edilməyib. Məcəllədə həmçinin, ailə birləşməsi prinsipinə əməl olunmayıb.
"Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi olaraq, hesab edirik ki, qəbul edilən Məcəllə miqrasiya sahəsində yaranan münasibətlərin tənzimləməsinə deyil, müəyyən qrup şəxslərin maraqlarına xidmət edir və düşünürük ki, Azərbaycan Respublikasının Prezidenti Konstitusiyanın 110-cu maddəsi ilə nəzərdə tutulan səlahiyyətlərindən istifadə edərək Miqrasiya Məcəlləsini öz etirazları ilə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə qaytaracaq".

Elnarə
AzNews.az