Kütləvi vaksinasiyadan sonra İsraildə həyat normallaşır

21 Aprel 2021 14:54 (UTC+04:00)

Əhalinin vaksinasiyası üzrə dünyada ən böyük faiz göstəricisinə malik olan İsraildə kütləvi peyvəndləmə sayəsində həyat normallaşmağa başlayır.

AzNews.az xəbər verir ki, İsrail əhalisinə görə ən çox yoluxma halları qeydə alınan ölkələrdən biridir. Bununla belə, 2021-ci ilin yanvarında 10 minə çatan gündəlik yoluxma halları vaksinasiya sayəsində son günlər 200-dən aşağı enib.

Fevral ayında 85 min aktiv xəstəsinin olduğu bildirilən İsraildə hazırda bu rəqəm 2 200-ə düşüb. Ağır vəziyyətdə olan xəstələrin sayı isə 200-dən azdır. Bu, İsrail xəstəxanaları və səhiyyə işçilərinin üzərindəki yükü əhəmiyyətli dərəcədə azaldıb.

16 yaşdan yuxarı ölkə əhalisinin 81 faizi peyvənd olunub.

İsrail Səhiyyə Nazirliyinin məlumatlarına görə, “Pfizer-BioNTech” şirkətlərinin ortaq şəkildə istehsal etdiyi koronavirus peyvəndinin istifadə olunduğu ölkədə 5 milyon 356 min nəfərə ilk doza, 4 milyon 984 min nəfərə isə ikinci doza vurulub.

Ölkədə keçən aydan etibarən kafe və restoranların müştəri qəbul etməsinə icazə verilib, həmçinin məktəblərdə əyani təhsil bərpa olunub.

18 aprel tarixindən etibarən açıq ərazilərdə maska ​​taxmaq məcburiyyəti ləğv edilib, qapalı ərazilərdə isə maska ​​taxmaq məcburiyyəti davam edir.

Maraqlıdır ki, açıq havada maska taxmaq məcburi olmasa da, küçədə maska ​​taxan insanlar sayca daha çoxdur.

Təl-Əvivdəki mənzərə peyvənd sayəsində epidemiyaya qarşı mübarizədə uğur qazanmağın və normallaşmanın mümkün olduğunu göstərir. Yoluxma hallarının azalmasından sonra Təl- Əviv başda olmaqla, ölkə daxilində bütün müəssisələr açılıb.

Bununla da, ölkədə işsizlik nisbəti azalmağa başlayıb. İlin əvvəlində epidemiya səbəbi ilə 18%-i ötən işsizlik 15%-ə enib.