"Ermənistan Zəngəzur dəhlizindən ikiəlli yapışmalıdır" - YAP-çı deputat Aydın Mirzəzadənin gündəmə baxışı

21 Aprel 2021 19:47 (UTC+04:00)

AzNews.az analitik- informasiya xəbər portalının suallarına Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədr müavini, deputat Aydın Mirzəzadə cavab verir

- Cənab Mirzəzadə, ötən gün dövlət başçısı, cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaq” deyib. Hakim partiyanın parlamentdəki nümayəndəsi kimi bu açıqlamanı necə şərh edərdiniz?

- Vətən müharibəsinin əsas yekunlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında 30 ildir ki, kəsilmiş əlaqələrin bərpa edilməsidir. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Naxçıvan uzun müddət blokadada qaldı. Bununla belə, muxtar respublika əzmlə ümumi dövlət quruculuğunda iştirak edərək Azərbaycanın çiçəklənən bölgəsinə çevrildi. Bu gün Ermənistanın cənub hissəsindən keçməklə Naxçıvana quru yolun açılması məsələsi ciddi şəkildə müzakirə edilir. Bu müzakirələrdə ilk növbədə avtomobil yolu, sonra isə dəmir yolu xəttinin bərpası nəzərdə tutulur. Bu təkcə Azərbaycanla onun bir bölgəsi arasındakı əlaqələr demək deyil. Layihə həm də süni surətdə türk dünyasının kəsilmiş əlaqələrinin bərpası edilməsini nəzərdə tutur. Çünki, Naxçıvan vasitəsilə Türkiyəyə, eləcə də oradan dünyanın digər hissələrinə, həmçinin Rusiya və Avropaya çıxış əldə ediləcək. Ona görə də bu, əslində, hər kəsin marağında olan nəqliyyat layihəsidir. Burada Ermənistanın da iqtisadi maraqları ola bilər. Ermənistan ərazisindən yüklərin keçirilməsi onun büdcəsinə əhəmiyyətli dərəcədə təsir edəcək. Eyni zamanda Ermənistan özü- özünü saldığı iqtisadiyyat və nəqliyyat blokadasından çıxara bilər.

- Ermənistanın blokadan çıxması bizə sərf edirmi?

- Azərbaycan onsuz da regionda həm siyasi, həm iqtisadi, həm də diplomatik gücünə görə əsas söz sahibidir. Dəhlizin açılması ilə əlaqələrimiz daha da asanlaşacaq. Azərbaycan 10 noyabr tarixindən sonra regiona yeni reallıq gətirdi. Sözügedən reallıqda Ermənistanın iştirak etmək şansı yaranıb. Bakı- Tbilisi- Ceyhan neft boru kəməri, Bakı- Tbilisi- Ərzurum qaz boru kəməri, Bakı- Tbilisi- Qars dəmiryolu xətti Ermənistandan keçsəydi, təkcə onun büdcəsinə yüz milyon dollar gəlir gətirə və yüz minlərlə yeni iş yeri yarada bilərdi. Ermənistan bundan məhrum olub. Hesab edirəm ki. növbəti şansdan imtina edərsə, bununla öz dövlətçiliyinə ciddi zərbə vurmuş olacaq. Onsuz da bu ölkə ağır problemlər içərisindədir, əhali dayanmadan köçüb xarici ölkələrə gedir. Ermənistanın siyasi dairələri Zəngəzur dəhlizi məsələsindən ikiəlli yapışmalıdırlar.

- Sizcə, Ermənistanın kommunikasiyaların açılmasında mövqeyi rasional olacaqmı?

- Bildirim ki, Ermənistan 10 noyabr sazişinin altına imza atıb. Həmin sazişin hansısa bəndini təftiş etmək düzgün deyil. Ermənistan imtina edəcəksə, bunun ağırlığını özü tab gətirəcək. Digər məsələlər ölkədaxili siyasi proseslərin elementləridir. Ölkə prezidentinin ötən günkü çıxışı Zəngəzur dəhlizinin vacibliyi məsələsində Azərbaycanın qətiyyətini göstərir. Ermənistanın bu məsələdən imtina etməsinə Azərbaycan tərəfindən imkan verilməyəcək.

- Dünən Ermənistanın baş naziri Nikol Paşinyan Sünik vilayətinə, yəni Zəngəzura səfər edən zaman etirazçılar onun maşınına hücum çəkib, mühafizəçilərinin paltarları cırılıb. Etirazçılar “Paşinyan satqındır!” deyib onu qovublar. Belə etirazlar nədən xəbər verir?

- Ermənistanda qarşıdan parlament seçkiləri gəlir. Paşinyan tərəfdarları ilə onun əleyhdarları arasında seçkiqabağı siyasi hərarət artır. Nəticə necə olacaq bilinmir. Buna baxmayaraq, nəticənin necə olacağı Azərbaycanın mövqeyinə heç bir təsir etməyəcək. Ermənistan bəyannamənin şərtlərinə əməl etməli, Zəngəzur dəhlizinin açılmasına şərait yaratmalıdır. Qeyd edim ki, bu gün bununla bağlı danışıqlar daha çox Rusiya ilə aparılır. Çünki, Ermənistanın Azərbaycanla sərhədi həm əsas, həm Naxçıvan hissədən rus hərbçiləri tərəfindən qorunur. Eyni zamanda dəmir yolu xətti Rusiya şirkətlərinin balansındadır. Rusiya özü bu yolun açılmasında maraqlıdır. Ermənistandan Rusiyaya və əks istiqamətdə çatdırılan yükün maya dəyəri qat- qat aşağı düşəcək. Rusiya bu fürsəti əldən vermək istəməz.

- Ölkə başçısı həmçinin Ermənistanın işğaldan azad edilən ərazilərimizdə yerləşən abidələrə, təbii sərvətlərə vurduqları ziyan və qanunsuz istismardan da danışıb. Qeyd edilib ki, buna görə Ermənistan beynəlxalq məhkəmələrə veriləcək və artıq bu istiqamətdə işlər başlanılıb. Sizcə, Ermənistan bu ziyanı könüllü ödəyəcək, yoxsa məhkəmə qaçılmazdır?

- Cənab prezident müsahibədə vurulan ziyanın qiymətləndirilməsində xarici ekspertlərin iştirak edəcəyini də vurğulamışdı. Qiymətləndirmə kifayət qədər nüfuzlu, adı olan ekspertlər tərəfindən həyata keçiriləcək. Ermənistan Azərbaycan ərazilərini 30 il boyunca işğalda saxlayıb. Ərazilərimizdə yaşayış evlərini dağıdıb, tarixi abidələrə ziyan vurub. 67 məsciddən 64- ü hazırda dağıdılmış vəziyyətdədir. Bundan başqa, Azərbaycanın həmin zonası təbii sərvətlərlə zəngindir. Sərvətlərimizi qanunsuz sürətdə nəinki Ermənistan, xarici şirkətlər də illərlədir ki, istismar ediblər, milyardlarla dollar gəlir götürüblər. Ermənistan bunun cavabını beynəlxalq məhkəmədə verməlidir.

- İşğalçı dövlət tarixi abidəyə, təbii sərvətlərə vurduğu ziyanın məbləğini ödəyə bilməzsə, yəni büdcəsi və iqtisadi imkanı çatmazsa, ödəyəcəyi təzminatı torpaq payı ilə əvəz edə bilərmi?

- Beynəlxalq məhkəmə bu yöndə qərar çıxardacaqsa, Ermənistan zərərin əvəzini necə ödəməyin yolunu özü fikirləşəcək. Azərbaycan iqtisadi zərərin ödənilməsini tələb edir. Hansı yolla, formada, nə ilə ödəyəcək, bu, artıq Ermənistanın öz seçimidir. Hər halda Ermənistan rəhbərləri 30 il bundan əvvəl Azərbaycan torpaqlarını işğal edərkən nə vaxtsa bunun cavabını verəcəklərini fikirləşməli idilər.

- Prezident Əliyev dünən Şuşada tapılan “İsgəndər- M” raketi haqqında da danışıb. Dövlət başçısı raketin ya Ermənistana verildiyini, ya da qanunsuz yollarla Rusiyadan çıxarıldığını deyib. Sizin ehtimalınız necədir?

- Bəli, cənab prezident növbəti dəfə bu məsələyə toxundu. “İsgəndər- M”, yəni silahın modernləşdirilmiş variantının Rusiya tərəfindən heç bir xarici ölkəyə satılması nəzərdə tutulmayıb. Həmin raket uzaqməsafəli silahdır. Raketin Ermənistanda peyda olması suallar yaradır. Ermənistan bu gün müxtəlif bəhanə və uydurmalarla sualı özündən uzaqlaşdırmağa çalışır. Rusiya tərəfindən əsaslandırılmış cavab gözləyirik.

- Açığı, Rusiya mətbuatında “İsgəndər- M” raketi ilə bağlı cəfəng fikirlər səslənir. Guya Türkiyə ilə Azərbaycan raketin qalıqlarını Suriyadan gətirib Azərbaycan ərazisinə yerləşdiriblər. Sizcə, rus mediasının belə fikirlər yayması nə məqsədi daşıyır?

- Bilirsiniz, bu söz 19- cu əsrdə deyilsəydi, müzakirə etmək olardı. İndiki zamanda Yer səthi peyklər vasitəsilə izlənilir. Rusiya bu məsələdə texniki imkanları olan ölkədir. Əgər əldə belə faktlar olsaydı, Rusiya tərəfindən çoxdan ittiham kimi ortaya atıla bilərdi. Həmçinin onu deyim ki, rus mediasının bir hissəsi erməni əsilli jurnalistlərin təsiri altındadır. Ona görə də belə yazılması kimisə təəccübləndirmir. Müharibə vaxtı və ondan əvvəlki vaxtlarda da həmin media resurslarında çoxsaylı yalan və iftira dolu uydurmalar yer almışdı. Təsadüfi deyil ki, bu gün erməni vətəndaşları həmin xəbər mənbələri, erməni hakimiyyəti, siyasi dairələrinə deyil, Azərbaycan prezidentinin dediklərinə daha çox inanırlar. Ermənistan cəmiyyətində bu gün əmək haqqı, pensiyaların artırılması, məktəb, uşaq bağçası tikilməsinə ehtiyac yarandığı halda, nəyə görə milyonlarla dolların silahlara, minalara, raketlərin alınmasına xərclənməsi müzakirə edilir.

- Silahlara xərclənən pullardan söz açdınız. Prezident öz müsahibəsində konkret adlar çəkdi, David Qalustyan kimi erməni silah alverçilərinin rolunu vurğuladı. Fikrinizcə, münaqişəni çıxılmaz vəziyyətə gətirən silah alverçiləri barəsində hansı ölçülər götürülməlidir?

- Hesab edirəm ki, erməni diasporasının nüfuza malik olduğu ölkələrin rəsmi dairələri vətəndaşlıqdan sui-istifadə hallarının qarşısını almalıdırlar. Həmin ölkələrin özünün milli maraqları var. Erməni təsir qrupları münasibətləri korlamağa, yaxud da problem yaratmağa çalışırlar. Erməni əsilli insan əgər qaçaqmalçılıq yolu ilə Rusiya hərbi anbarlarından silah alır, mülkü təyyarələr vasitəsilə Ermənistana daşıyırsa, bu, o deməkdir ki, sabah hansısa terrorist qruplar da eyni yolla Rusiya və digər ölkədən çıxarılması qadağan olunan silahlar alıb, istədikləri kimi istifadə edə bilərlər. Azərbaycan prezidentinin çıxışı təkcə Ermənistana deyil, həm də Rusiya tərəfə yönəlib. Hamı bilməlidir ki, ermənilərin “şıltaqlıqlarına”, diasporalarının özbaşınalıqlarına nə qədər göz yumulacaqsa, bu btün dünya ölkələri üçün təhlükə yaradacaq.

- Günün aktual suallarından biri də Rusiyanın sülhməramlı kontingentinin Xocalı aeroportunda parad keçirməsi ilə bağlıdır. Sizin bu suala cavabınız necədir?

- Bu siyasi provokasiyadır. Xocalı Azərbaycan ərazisidir və hər hansı bir paradın keçirilməsi Azərbaycanın mərkəzi hakimiyyəti ilə razılaşdırılmalıdır. Digər tərəfdən, bu gün hansısa bölgədə paradın keçirilməsi rus sülməramlılarının səlahiyyətinə aid olan məsələ deyil. Razılaşdırılan sazişlərdə sülhməramlıların vəzifəsi konkret olaraq göstərilib. Bizim tələbimiz sülhməramlıların həmin çərçivədən kənara çıxmamağıdır.

- Almaniya kansleri Angela Merkel Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının iclasında çıxışı zamanı bildirib ki, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün şübhə altına alınması Qərbin fundamental dəyərlərinə zidddir. Kansler bunu Krım və Qarabağda gedən müharibənin timsalında deyib. O, bildirib ki. dinc birgəyaşayış üçün Avropa Şurası məsələdə həlledici rol oynaya bilər. Sizcə, Qarabağ mövzusunda Avropa Şurası bundan sonra nə edə bilər?

- Almaniya kimi nüfuzlu ölkə rəhbərinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə səbəb ölkəmizin apardığı siyasətdir. Çox istəyərdik ki, Almaniya bunu 30 il ərzində heç olmasa bir neçə dəfə səsləndirəydi. Bircə dəfə Ermənistana işğala son qoyulması barədə çağırış ediləydi. Tək beynəlxalq təşkilatlar deyil, dünyanın nüfuzlu dövlətləri ərazi bütövlüyü məsələsində düzgün mövqedə olmalıdırlar. Almaniyanın bu məsələni önə çəkməsi bir çox problemlərin vaxtından əvvəl həll edilməsinə səbəb olardı.

Şəlalə BABAYEVA,

AzNews.az