Avropa İttifaqının Bakı nümayəndəliyi ilə təmasları kəsmək çağırışı

21 Aprel 2021 23:46 (UTC+04:00)

Ötən həftə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın İrəvanda özünü “dağlıq qarabağ respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanla görüşməsindən sonra rəsmi Bakı diplomatın bu hərəkətinə etiraz bildirib.

Avropa İttifaqının Bakıdakı səfiri Azərbaycan XİN-ə çağırılıb və ona Toyvo Klaarın separatçıların nümayəndəsi ilə görüşməsi faktına görə rəsmən ciddi etiraz çatdırılıb. O da bildirilir ki, Klaara Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndədir və heç bir halda Dağlıq Qarabağ məsələsi ilə məşğul olmaq səlahiyyətini daşımır. Avropa İttifaqının nümayəndəsinin belə təmasları əgər münaqişə və ya müharibə sonrası vəziyyətlə bağlıdırsa, deməli, o, ATƏT-in Minsk Qrupunun mandatına girmiş olur.

Çünki heç kim Avropa İttifaqına bu münaqişə ilə məşğul olmaq mandatı verməyib. Toyvo Klaar özü də məsələyə münasibət bildirib. Toyvo Klaar Azərbaycan media agentliklərindən birinə açıqlamasında deyib ki, Dağlıq Qarabağ erməniləri icmasının nümayəndəsi ilə görüşü barədə əvvəlcədən Azərbaycan rəhbərliyini məlumatlandırmışdı.

Virtualaz.org diplomatik və rəsmi qaynaqlardan araşdırıb ki, bu, tamamilə yalandır və diplomat həmin təması barədə əvvəlcədən Azərbaycan tərəfini məlumatlandırmayıb, hər hansı instansiyaya bu haqda məlumat verməyib. Bu konteksdə müharibə dövrü və ondan sonrakı aylarda Qarabağ məsələsində heç bir töhfə verməyən Aİ-nin Bakı nümayəndəliyi ilə əlaqələri dayandırmaq kimi radikal şağırışlara da rast gəlinir.

Qeyd edək ki, ötən həftə ADA-da keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev Avropa İttifaqı ilə razılaşma haqda da danışıb: “Razılaşmanın böyük hissəsi artıq razılaşdırılıb, cəmi 7-8 faizi razılaşdırılmalıdır.

Ona görə də, biz Avropa İttifaqı ilə sıx əməkdaşlığımızı davam etdirməyi planlaşdırırıq. Hətta müharibə zamanı və müharibədən sonra bizə hücum edən Avropa İttifaqının üzv dövlətlərinin bəziləri artıq münasibətlərində dəyişikliklər edib. Sizə deyə bilərəm ki, müharibədən sonra Avropa İttifaqına üzv cəmi bir ölkə var ki, onun xarici işlər naziri özünə Azərbaycan barədə çox uyğun olmayan fikirlər söyləməyi rəva görüb. Bu ölkə Lüksemburq adlanır.

Sadəcə, müqayisə üçün sizə deyə bilərəm ki, bizim azad etdiyimiz ərazilər dörd Lüksemburq ərazisinə bərabərdir. Ona görə də, Lüksemburqun xarici işlər naziri yaxşı olardı öz qayğısına qalsın və bu eyhamlara son qoysun. Lakin bundan başqa, müharibədən sonra mənfi heç nə baş verməyib. Biz ümid edirik ki, Avropa İttifaqı bizim böyük tərəfdaşımız olmağa davam edəcək”.

Göründüyü kimi, Prezidentin bu mövqeyi ilə Aİ nümayəndəsinin görüşü ziddiyyət təşkil edir.

Avropa İttifaqının yanlış siyasəti onun bütövlüyü və strateji tərəfdaşları ilə münasibətlərinə hədədir: “Avropa üçün Azərbaycan Cənubi Qafqazda vacib ölkə, qitəsinin enerji təhlükəsizliyində böyük rol oynayan dövlətdir. İttifaqının enerji təhlükəsizliyində rol alan, müsəlman ölkəsi kimi tolerant, multikultural və dünyəvi sekulyar cəmiyyətə malik, Cənubi Qafqazda sabit və etibarlı tərəfdaşdır.

Azərbaycanla münasibətlər ikitərəfli formatdan kənarda, Avropa İttifaqı üçün həm də Cənubi Qafqazda özünün dayanıqlı mövcudluğuna xidmət etdiyi üçün hərtərəfli dərin münasibətlərin yaranması, yeni sahələrdə əlaqələrin formalaşması və inkişaf etdirilməsi həmişə prioritet mövzu olmalıdır. Birmənalı olaraq Avropa İttifaq üçün Azərbaycanla möhkəmlənən münasibətlər birliyin strateji Cənubi Qafqaz regionunda möhkəmlənməsinə xidmət edən əsaslarını formalaşdırır.

44 günlük Vətən müharibəsi və keçən bir neçə ay Avropa İttifaqı ilə münasibətlərdə dəyişdirdiyi bir neçə məqam oldu. Tərəflər arasında təmasların bütün mərhələlərində ittifaq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini açıq şəkildə həmişə ifadə edib. Qarabağ münaqişəsinin həlli ittifaqın cənub-şərq sərhədlərində bir çox parametrlər üzrə vacib elementdir. Bu parametrlər enerji, nəqliyyat və tranzit məsələləri üzrə iqtisadi cəhətdən vacib elementdir.

Nəzarətsiz ərazilərdən müxtəlif növ çirkli daşınmalar silah, miqrant, terrorizm, narkotik tranziti və s. mövzular üzrə isə təhlükəsizlik məsələləri üzrə vacib element idi. İttifaqın xarici və təhlükəsizlik siyasətinin mühüm bir bəndi, sırf Qarabağ münaqişəsinin həlli ətrafında təhlükəsizlik məsələlərinin nəzərə alınmasının vacibliyi haqda razılaşmanı özündə ehtiva edirdi.

44 günlük Vətən müharibəsi və sonrası Avropa İttifaqının siyasi və iqtisadi dairələrdə təşəkkül tapmış lobbi qruplar, QHT, media və xüsusi xidmət hibrid şəbəkələri, bir sözlə, Avropa İttifaqı Cənubi Qafqaz və Azərbaycandakı görünən və görünməyən şəbəkəsi vasitəsilə münasibətlərin korlanmasına təkan verir. Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın İrəvanda özünü ”dağlıq qarabağ respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanla görüşməsini məhz bu xüsusda şərh etməliyik.

Görüşün ardınca aprelin 16-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas XİN-ə dəvət edildi və ittifaqın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Babayanla görüşü ilə əlaqədar ona etiraz edildi. Amma Toivo Klaar Azərbaycanın yerli xəbər agentliklərindən birinə intervü verib bildirdi ki, İrəvandakı görüş barədə Bakıya əvvəlcədən məlumat verib.

Aydın məsələdir ki, əgər Klaar İrəvandakı görüş barədə Bakıya əvvəlcədən məlumat vermiş olsa idi, ən azından Avropa İttifaqının Azərbaycandakı nümayəndəsini XİN-ə dəvət edib, ona Klaarın Babayanla görüşü ilə əlaqədar etiraz edilməzdi”.

44 günlük Vətən müharibəsi əvvəli, ərəfəsi və sonrası Azərbaycanın bu mövzudakı mövqeyi üçün bu görüş qəbuledilməzdir. Bu məsələlər birbaşa Prezidentin nəzarətindədir və Prezident də bu mövzularda fikri istər daxili, istərsə də, son bir neçə ayda daxili və xarici media nümayəndələri ilə ünsiyyətdə dəfələrlə elan edib. Burada bir məsələni də diqqətə çatdırım ki, artıq 3 dəfədir ki, rəsmi Bakıya məlumat vermişik, dəvət almışıq kimi sonralar təsdiqlənməyən məsələlər ortaya çıxır.

Yəqin ki, xatırlayırsınız ATƏT-in Minsk Qrupu həmsədrləri keçən ilin dekabr ayında Bakıya səfəri və ölkə rəhbəri ilə görüşmək təşəbbüslərinin ”bizi Bakıdan dəvət ediblər” kimi təqdimatı olmuşdu. İndi də eyni halı Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Toyvo Klaar təkrarlayır.

Avropa İttifaqının Cənubi Qafqazda maraqlarını təmsilçisi hibrid fəaliyyət göstərən QHT, media və xüsusi xidmət şəbəkələrinə diqqət yetirməli, regionda və Azərbaycanda görünən və görünməyən hibrid şəbəkəsinə öz strateji tərəfdaşları ilə münasibətlərin korlanmasına imkan verməməlidir”

Yeganə Hacıyeva